AMEA-nın mətbuat işçiləri Fəxri fərmanla təltif ediliblər Avg 05, 2020 | 01:08 / MÜHÜM HADİSƏLƏR

AMEA-nın birinci vitse prezidenti, akademik İbrahim Quliyev 22 iyul - Milli Mətbuat Gününün 145-ci ildönümü münasibəti ilə Yer Elmləri  Bölməsinə daxil olan institutların ictimaiyyətlə əlaqələr şöbələrinin rəhbərləri ilə görüşüb.

Tədbirdə AMEA-nın birinci vitse-prezidenti, akademik İbrahim Quliyev, Neft və Qaz İnstitutunun direktoru vəzifəsini icra edən, akademik Fəxrəddin Qədirov və Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Ağahüseyn Şükürov  və aidiyyəti şəxslər iştirak ediblər.

Akademik İbrahim Quliyev giriş sözü ilə çıxış edərək  milli mətbuatımızın  təşəkkül tapmasında və inkişafında 145 illik şərəfli yol keçmiş Azərbaycan jurnalistikasının  əvəzsiz rolundan danışıb. O, Milli Elmlər Akademiyasında çalışan mətbuat işçilərinin elmin populyarlaşdırılması istiqamətindəki fəaliyyətini yüksək qiymətləndirərək mətbuatın xalqın maariflənməsi işindəki  böyük rolunu diqqətə çatdırıb. Birinci vitse prezident elmi jurnalistikanın inkişafında AMEA-nın elmi müəssisə və təşkilatlarının İctimaiyyətlə əlaqələr şöbələri fəaliyyətinin mühüm əhəmiyyət daşıdığını və Azərbaycan elminin və maarifçilik işinin inkişafına böyük töhfə olduğunu xüsusi qeyd edib.

Mətbuatın müasir  vəziyyətindən, ona göstərilən dövlət dəstəyindən, jurnalistlərə olan qayğıdan söhbət açan Neft və Qaz İnstitutunun direktoru v.i.e., akademik Fəxrəddin Qədirov və Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Ağahüseyn Şükürov tədbirdə iştirak edən mətbuat  işçilərini  22 iyul - Milli Mətbuat Günü münasibəti ilə təbrik edərək işlərində uğurlar arzulayıblar.

Tədbirin sonunda akademik İbrahim Quliyev Geologiya və Geofizika İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Şirməmməd Nəzərliyə, Coğrafiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Xanım Rzazadəyə, Respublika Seysmoloji Xidmət Mərkəzinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüsalə Rafiqqızına və Neft və Qaz İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Könül Abbasovaya  AMEA-nın Yer Elmləri Bölməsinin Fəxri fərmanını təqdim edib.