Coğrafiyaçı mütəxəssis bölgədə kənd turizm potensialını tədqiq edib Avg 20, 2020 | 03:08 / MÜHÜM HADİSƏLƏR

AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun “Turizm və rekreasiya coğrafiyası” şöbəsinin müdiri, c.ü.f.d., dosent Zaur İmrani etnik kəndlərin turizm potensialını tədqiq etmək məqsədilə 10-14 avqust tarixlərində Azərbaycanın Şimal-Qərb bölgəsinə səfər edib.

Mütəxəssis tədqiqat prosesində yaxından iştirak edən AMEA Şəki Regional Elmi Mərkəzinin “Ekoloji coğrafiya” şöbəsinin müdiri Yusif Rəhimovla birlikdə Balakən, Zaqatala, Qax, Şəki və Qəbələ rayonlarında müsəlman və xristian ingloyların, avar, saxur, ləzgi və udinlərin kompakt yaşadıqları kəndlərdə təbii və antropogen turizm abidələrinə baxış keçirib. Tədqiqat nəticəsində öz unikallığı ilə seçilən turizm abidələri ilə yanaşı, turizm sektorunda mövcud olan bir sıra problemlər də müəyyən edilib. Bəzi turizm abidələrinin lazımı səviyyədə qorunmaması və mühafizəsinin  aparılmaması, ətraf ərazilərdə natəmizliyin hökm sürməsi, kənd əhalisinin  abidələrin hasara alındığı yerlərdə mal-qara otarması tədqiqatçıların diqqətindən yayınmayıb.

Coğrafiyaçı alim qeyd edib ki, bütün bunlara baxmayaraq, tədqiq olunan Mahamalar, Salban, Qabqçöl, Qaxbaş, Qum, Kötüklü, Ləkit, Şin, Nic və s. kəndlərin böyük turizm potensialı var və gələcəkdə bu kəndlərə həm yerli, həm də xarici turist axını gözlənilir.