Cİ-də Qarabağ müharibəsindəki qələbə qeyd edilib Noy 13, 2020 | 12:11 / TƏDBİRLƏR

AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunda Azərbaycanın  Qarabaq  uğrunda apardığı  İkinci Vətən Müharibəsindəki qələbəsi qeyd edilib.

İnstitutun direktoru, akademik Ramiz Məmmədov şanlı zəfər münasibətilə İnstitut kollektivini təbrik edib. O qeyd edib ki, 28 il gözlədiyimiz  Qarabağ həsrətinə nəhayət ki son qoyuldu.  Azərbaycanımız  öz torpaqlarını özü öz gücünə aldı və biz utanc hissindən birdəfəlik qurtulduq. Bu savaş bizi  üstün cəhətlərimizə görə həm özümüzə, həm də dünya cəmiyyətinə daha yaxşı tanıtdı.  Biz artıq beynəlxalq görüşlərdə, elmi tədbirlərdə özümüzü qalib kimi, daha inamla aparacaq, qonşularımızın gözünə dik baxacağıq. Çünki biz qalib xalqıq və bunu da hamıya anlada bildik. Azərbaycan xalqı bu haqlı savaşda özünün nəinki döyüş bacarığını, mərdliyini, qorxmazlığını, vətənpərvərliyini, torpağı uğrunda qanından, canından keçməyə hazir olduğunu göstərdi, həm də acgöz, gözü onun-bunun torpaqlarında qalan vəhşi qonşumuzun fonunda alicənablığını, humanistliyini, mədəniyyətini də nümayiş etdirdi. Bu imkanı bizə verdiyinə görə qalib ordumuza, müzəffər Ali Baş Komandan İlham Əliyevə təşəkkürümüzü bildiririk. Bu Qələbə prezidentimizin illər boyu apardığı düzgün siyasətin, ordu quruculuğundakı məqsədyönlü fəaliyyətinin  və diplomatik səylərinin nəticəsidir.

 Akademik diqqətə çatdırıb ki, respublikamızın iqtisadi, siyasi və mədəni cəhətdən daha da güclənməsinə səbəb olacaq azad olunmuş ərazilərimizin  zəngin təbii sərvətləri aıimlərimiz tərəfindən böyük həvəslə tədqiq ediləcək, qazanılacaq elmi nailiyyətlər torpaqlarımızın tezliklə bərpasına gətirib çıxaracaq.

İnstitut direktoru çıxışının sonunda Birinci və İkinci Qarabaq Müharibəsində şəhid olmuş oğul və qızlarımıza Allahdan rəhmət, yaralı döyüşçülərimizə şəfa diləyib.

İclasda həmçinin əməkdaşların işə davamiyəti məsələsi də müzakirə edilib.