“Salam, əziz Kəlbəcər, biz gəldik, biz bacardıq” Noy 27, 2020 | 04:11 / MÜHÜM HADİSƏLƏR

AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun aparıcı elmi işçisi, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Rəşid Fətəliyevin Modern.az saytında "Salam, əziz Kəlbəcər, biz gəldik, biz bacardiq!" adlı məqaləsi dərc edilib.

Kəlbəcərin düşmən tapdağından azad olunmasını sevinc hissləri ilə qələmə alan   müəllif vaxtı ilə Kəlbəcərdə geoloq kimi işlədi vaxtlarda yadda qalan xatirələrini daima yazılarında əks etdirdiyini, bu yazılarda Kəlbəcərə mütləq qayıdacağına ürəkdən inandığını və nəhayət o günün gəldiyini  diqqətə çəkir: “...Bir gün gələcək Azərbaycan ordusunun Koroğlusu və ya Ağ atlı oğlanı igidləri, ərənləri başına yığıb Tutqun dərəsini, Kəlbəcər ellərini və bütün Qarabağı işğaldan azad edəcək... Bəli, arzuladığımız, inandığımız  o gün gəldi və məlum oldu ki, xalqın xilaskar obraz kimi yaratdığı Ağ atlı oğlan heç də folklor qəhrəmanı deyilmiş, o, elə bu günümüzün qəhrəmanı Müzəffər Ordumuzun Ali Baş Komandanı, hörmətli Prezidentimiz İlham Əliyevdir”.

İşğal  müddətində, eləcə də torpaqlarımızı tərk edərkən  ermənilərin ərazilərimizdə  törətdikləri vəhşilikləri  təsvir edən alim bir daha belə bəlaların  təkrarlanmaması üçün kiminlə qonşu olduğumuzu heç vaxt unutmamağı,  hər zaman ayıq-sayıq olmağı oxucularına tövsiyə edir və  gələcəkdə Qarabağın ölkəmizin ən reytinqli turizm bölgəsi olacağına tam əminliyini bildirib.