Coğrafi adlar xüsusi yanaşma tələb edir Dek 27, 2020 | 04:12 / MÜHÜM HADİSƏLƏR

 AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun aparıcı elmi işçisi, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Rəşid Fətəliyevin “azpolitiko.info” saytında “Saqi dolana-dolana”... – Bir toponimin dəyişdirilməsinə münasibət” adlı məqaləsi dərc olunub.

AR Milli Məclisinin bu günlərdə Şamaxı rayondakı Saqiyan kəndi adının Günəşli adı ilə əvəz olunması haqqındakı qərarına münasibət bildirən müəllif yazir ki, tariximizin bir parçası və gələcəyə  ötürülən informasiya kodları olan toponimlər bizim milli-mənəvi sərvətimiz, ünvanımızdır və ciddi ehtiyac olmadan onları tələm-tələsik dəyişdirməklə tariximizə, keçmişimizə sağalmaz yaralar vurmuş oluruq. Tarixi adları yeni adlarla əvəz etmək onun tarixi kökünü kəsib atmaq deməkdir. Yaşayış məskəninə ad verərkən ərazinin coğrafi şərati, yəni relyefi, landşaft və iqlim xüsusiyyətləri nəzərə alınmalıdır. Ona görə də bu məsələdə əsas söz sahibləri müttəxəssislər – toponimistlər, dilçilər, tarixçilər, coğrafiyaçılar, etnoqraflar olmalıdır.

Uzun illər toponimika ilə məşğul olan alim Saqiyan kənd adının 2 kökdən – “saqi” və “yan” sözlərindən ibarət olduğunu və “yan” şəkilçisinə görə onu erməniləşdirilmiş toponim kimi qələmə verərək arxivə göndərməyin səhv addım olduğunu diqqətə çatdırır və qeyd edir ki, əgər bu məntiqlə yanaşsaq Azərbaycanın digər oxşar  yer adlarına da - Salyan, Türyan (çay), üç rayonda (Qubadlı, Tərtər, Ucar) Qazyan, Laçında Səfyan, Şərurda Püsyan, Kürdəmirdə Şilyan, İsmayıllıda Cülyan kimi adlara yenidən baxılmalıdır.

Sonda müəllif Azərbaycan xalqının milli, mənəvi sərvəti sayılan hər bir toponimin, coğrafi adın  qoruyub saxlamağın və gələcək nəsillərə çatdırmağın hamımızın borcu olduğunu oxucuların diqqətinə çatdırır.