Xəzər dənizi səviyyəsinin mütəmadi olaraq dəyişməsi təbii bir haldır Yan 04, 2021 | 09:01 / MÜHÜM HADİSƏLƏR

Qərb mətbuatında yayımlanan məlumata görə, alimlər araşdırmalar nəticəsində Xəzər dənizi səviyyəsinin əsrin sonunadək  9-18 metr enəcəyi qənaətinə gəliblər. AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu  Xəzər dənizi sahilləri və dibinin geomorfologiyası şöbəsinin müdiri, coğrafiya üzrə elmlər doktoru, professor   Əmir Əliyev məsələyə münasibət bildirib.

Alimin dediklərinə görə,  Xəzər dənizi dünya okeanı ilə birbaşa əlaqəsi olmayan ondan təcrid olunmuş dəniz olduğundan səviyyəsinin mütəmadi olaraq dəyişməsi, yəni enib-qaxması təbii bir haldır. Dənizin səviyyəsi üzərində ilk insrtumental müşahidələr 1837- ci ildən Bakıda aparılmağa başlanmışdır.  Çoxillik müşahidələr göstərir ki, bu son 177 il ərzində dənizin səviyyəsi 3 dəfə kəskin surətdə dəyişmişdir: 1929-1977-ci illərdə 3.0 metr aşağı düşmüş, 1978-1995-ci illərdə  2.5 metr qalxmış və 1996-cı ildən başlayaraq bu günə qədər dənizin səviyyəsində yenidən enmə müşahidə edilir və enmə səviyyəsi 1.5 metr təşkil edir. Hal-hazırda dənizin səviyyəsi dünya okeanı səviyyəsindəm -28.05 metr mütləq hündürlükdədir. (Baltik dənizinin səviyyəsindən aşağıdır). İnstrumental müşahidə müddətində ən böyük dəyişkənlik səviyyəsi 1862-ci ildə (-24 m) olmuş və dəyişmə amplitudu 4m təşkil etmişdir.

  Çoxsaylı policoğrafi, arxeoloji, tarixi və müşahidə məlumatları göstərir ki, son 3.5 min il ərzində Xəzər dənizinin səviyyəsində təxminən 450-500 illik periodiklik müşahidə edilir: 200-250 il səviyyə qalxır və bu müddət ərzində də enir.  Xəzərdə son ən böyük səviyyə dəyişkənliyi 1862-ci ildən enmə ilə başlayıb və bu prosesin təxminən 2050-ci illərə qədər davam edəcəyi güman edilir.

  Qeyd etmək lazımdir ki, son 500 ildə dənizin ən minimal səviyyəsi 1977-ci lldə müşahidə olunmuşdur.  Bu zaman  səviyyənin orta illik qiyməti (-29.00 m), bu ilki (2020-ci il) qiymətindən 1.0 m  az olmuşdur, yəni dənizin səviyyəsi hazırda 1.0 m aşağı enmişdir. Xəzər dənizinin bu müddət ərzində (1977-2020-ci illər) hidrometeoroloji və ekooji rejimində heş bir mühüm narahatedici hadisələr baş verməmişdir.

 Ümumiyyətlə, Xəzər dənizində 10 illiklər ərzində baş verən səviyyə dəyişmələri iqlim dəyişkənliyi, yüz - min illik səviyyə dəyişmələri isə Xəzər hövzəsində baş verən tektonik proseslərlə əlaqədardır. Hazırda gedən enmə prosesi iqlim faktoruna söykənir ki, bu da dənizin su balansı ilə müəyyən edilir. Su balansını təşkil edən elementlərin dəyişmələri Xəzərin səviyyə dəyişmələrini təyin edən əsas amillərdir.