Cİ əməkdaşı Covid 19-a həsr edilmiş konfransda iştirak edib Fev 11, 2021 | 06:02 / MÜHÜM HADİSƏLƏR

AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, İnstitutun Qadınlar şurasının katibi Xanım Rzazadə AMEA-da “Qadın alimlər COVID-19 ilə mübarizədə ön sıralarda” mövzusunda keçirilən onlayn konfransda iştirak edib.

Tədbir Azərbaycan Milli Elmlər Akademiyası, AMEA-nın Qadınlar Şurası və Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Qadınlar və qızlar elmdə” Beynəlxalq Günü münasibətilə baş tutub. Konfransda AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova, AR Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, AMEA-nın Qadınlar Şurasının sədri, professor Rəna Mirzəzadə, TƏBİB-in departament  rəhbəri, tibb üzrə fəlsəfə doktoru Yaqut Qarayeva,  TƏBİB,  ATU və BDU, eləcə də AMEA institutlarının nümayəndələri  iştirak ediblər.

Konfrans gedişində “COVID-19 infeksiyasının profilaktikası istiqamətində görülən işlər”,  “COVID-19 pandemiyasının ölüm statistikasında gender fərqləri”,   “Koronavirus paradoksu: vaksinlər və mutasiyalar, kim qalib gələcək”, “Yeni koronavirusla mübarizədə dərman bitkilərinin rolu”,   “COVID-19 pandemiyası dövründə xəstəxanaların hazırlığı və müsalicə işinin təşkili”,   “COVID-19 xəstələrində exokardioqrafik dəyişikliklər” və s kimi mövzularda 14 adda məruzə  dinlənilib.