Coğrafiyaçi alim azad olunmuş ərazilərdə demoqrafiq məsələlərdən danışıb Fev 17, 2021 | 03:02 / MÜHÜM HADİSƏLƏR

AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu “İnsan coğrafiyası” istiqamətinin rəhbəri, coğrafiya üzrə elmlər doktoru  Zakir Eminov  ARB 24 televiziya kanalında yayımlanan “İş vaxtı” verilişinin qonağı olub.

Coğrafiyaçı alim işğaldan azad edilmiş torpaqlarda şəhər və qəsəbələrin salınması, həmin ərazilərdə əhalinin məskunlaşması məsələlərinə münasibət bildirib. Maraqlı fikir və  təkliflər irəli sürən istiqamət rəhbəri bərpa və məskunlaşma işlərində  Azərbaycanın özünün və eləcə də dünya ölkələrinin təcrübəsindən yararlanmağı məqsədəuyğun sayıb.

Ölkə əhalisinin 30%-i, şəhər əhalisinin isə yarısı demoqrafiq cəhətdən yüklənmiş Abşeronda cəmləşdiyini və bunun xeyli problemlər yaratdığını deyən Z.Eminov  Qarabağın azad olunmasının bu problemlərin həlli üçün geniş imkanlar yaratdığına diqqət çəkib. Mütəxəssis bildirib ki, çoxlu sayda xırda kəndlərin bərpasına sərf ediləcək vəsait əhalisi, məsələn, 500 min olan iri həcmli şəhərlərin və onlarda uyğun sənaye müəssisələrinin yaradılmasına qoyulsa, ölkəmiz bundan daha çox qazanmış olar.

 Z.Eminov verilişdə səslənən fikir və təkliflərin Coğrafiya İnstitutunun planına salınmış və bu ilin sonunadək çapı nəzərdə tutulmuş irihəcmli “Qarabağın coğrafiyası” monoqrafiyasında öz əksini tapacağını, eləcə də bir sıra ərazi xəritələrinin hazırlanacağını diqqətə çatdırıb.