Coğrafiyaçı alimlər Füzuli rayonunun iqtisadi potensialını araşdırırlar Apr 08, 2021 | 01:04 / MÜHÜM HADİSƏLƏR

AMEA akademik H.Ə. Əliyev adına Coğrafiya İnstitutunun şöbə müdiri c.ü.f.d., dos. Zaur İmrani, böyük elmi işçi, c.ü.f.d. Natavan Cəfərova AR Silahlı Qüvvələri Hərbi Akademiyasının professorları  Elşən Həşimov və Azad Bayramovla birgə  tədqiqat işi aparmışlar.

AR Prezidenti yanında Elmin İnkişafı Fondunun maliyyə yardımı ilə yerinə yetirilən  “CİS texnologiyasından istifadə etməklə cəbhə zonasında yaşayan əhalinin vurulma təhlükəsi dərəcəsinin və onun sosial-iqtisadi vəziyyətə təsirinin qiymətləndirilməsi” adlı qrant layihəsi (Qrant № EİF/MQM/Elm-Təhsil-1-2016-1(26)-71/02/2)  çərçivəsində aparılan tədqiqatın məqsədi Füzuli rayonunun iqtisadi potensialını araşdırmaqdır.

Alimlər Azersky kosmik şəkillərin istifadəsi ilə Füzuli rayonunun  işğal altında olmamış və işğaldan azad edilmiş ərazilərinin müqayisəli təhlilini apararaq müxtəlif miqyaslı xəritələr  tərtib etmişlər. Əldə olunmuş məlumatlara əsasən, ArcMap proqramından istifadə edilməklə yaşayış məntəqələrinin (dağıdılmış yaşayış məntəqələri də daxil olmaqla) xəritəsi tərtib olunmuşdur. Eyni zamanda,   çaylar, kanallar, su anbarları, bəndlər, magistral və torpaq avtomobil yolları da xəritə üzərinə koordinat sisteminə uyğun olaraq köçürülmüş və elektron hala gətirilmişdir. Bu da rayonun sosial-iqtisadi vəziyyətini tədqiq etməyə, potensial imkanlarının müəyyən edilməsinə köməklik göstərmişdir.

Tədqiqat nəticəsində müəyyən edilmişdir ki, rayonda əhali məşğullunda xüsusi rolu olan kənd təsərrüfatı sahələrinin: taxılçıllıq, üzümçülük, pambıqçılıq və heyvandarlığın, eləcə də onların emalına əsaslanan aqrar sənaye müəssisələrinin yaradılması üçün potensial imkanlar vardır. Aqrar sənaye müəssisələri ilə yanaşı, rayon ərazisində arxeoloji və etnoqrafik turizmi də inkişaf etdirmək, onların bazasında yerli turizm marşrutları yaratmaq mümkündür. Lakin onların bir çoxunun erməni vandalları tərəfindən dağıdıldığı üçün bərpasına  ehtiyac vardır.

Hazırda rayon ərazisində elmi-tədqiqat işləri davam etdirilir.