Akademik Ramiz Məmmədov II Fəxri xiyabanda dəfn edilib İyn 07, 2021 | 11:06 / MÜHÜM HADİSƏLƏR

Görkəmli coğrafiyaçı alim, Dövlət mükafatı laureatı, Azərbaycan Coğrafiya Cəmiyyətinin prezidenti, AMEA-nın akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov iyunun 7-də səhər saatlarında 71 yaşında ürək tutmasından dünyasını dəyişib. Mərhum akademik II Fəxri Xiyabanda dəfn edilib.

Vida mərasimində dövlət və hökumət rəsmiləri, AMEA Rəyasət Heyətinin üzvləri, akademiyanın bir sıra elmi müəssisə və təşkilatlarının rəhbərləri, elmi ictimaiyyətin nümayəndələri, KİV əməkdaşları, eləcə də mərhum alimin ailə üzvləri iştirak ediblər.

Alimin məzarı önünə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından əklil qoyulub. Cənazənin ətrafına AMEA Rəyasət Heyəti və müxtəlif kollektivlər adından da əklillər düzülüb.

Qeyd edək ki, Ramiz Mahmud oğlu Məmmədov 1950-ci il fevralın 4-də Gürcüstan Respublikasının Qardabani rayonunun Qaracalar kəndində ziyalı ailəsində anadan olmuşdur. O, 2001-ci ildə “Coğrafiya” ixtisası üzrə AMEA-nın müxbir üzvü, 2014-cü ildə isə AMEA-nın həqiqi üzvü seçilmişdi. 2012-ci ildən AMEA-nın Coğrafiya İnstitutunun direktoru idi. Alimin rəhbərliyi altında 15 fəlsəfə, 4 elmlər doktoru hazırlanmışdır.

Akademik R.Məmmədov ilk dəfə Xəzər dənizinin açıq hissəsində geniş miqyasda dəniz turbulentliyinin statistik və spektral xarakteristikalarını öyrənmiş, dənizdə çirkləndiricilərin yayılması və paylanmasının ümumi qanunauyğunluqlarını müəyyən etmişdir. Xəzər dənizində çirkləndiricilərin yayılmasına hidrofiziki parametrlərin dəyişkənliyinin təsirini geniş diapazonda tədqiq etmişdir.

Alim, həmçinin Xəzər dənizində müxtəlif hidrometoroloji şəraitdə, dibin morfometriyası və sahil xəttinin konfiqurasiyası nəzərə alınmaqla, çirkləndiricilərin yayılmasının fiziki-coğrafi modelini işləmişdir. O, Xəzər dənizi səviyyəsi dəyişməsinin səbəbini tədqiq etmiş, səviyyəyə təsir edən amillərin təsir dərəcəsini müəyyən etmiş, birinci yaxınlaşmada onun uzunmüddətli proqnozunu vermişdir.

R.Məmmədov Xəzər dənizinin kompleks hidrometeoroloji atlasını hazırlayıb çap etmişdir.

Tanınmış coğrafiyaçı alim, akademik Ramiz Məmmədovun xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.

Allah rəhmət eləsin!

science.gov.az