Cİ əməkdaşları akademk Ramiz Məmmədovun məzarını ziyarət ediblər İyn 09, 2021 | 06:06 / MÜHÜM HADİSƏLƏR

AMEA akademik H.Ə. Əliyev adına Coğrafiya İnstitutunun kollektivi görkəmli coğrafiyaşünas alim, tanınmış okeanoloq, Dövlət Mükafatı laureatı, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Coğrafiya İnstitutunun direktoru  Ramiz Məmmədovun əziz xatirəsini yad edib.

Alimin istər uzun illər birgə çalışdığı həmkarları, istərsə dəstəkləyərək coğrafiya elminə yönəltdiyi gənc mütəxəssislər, eləcə də rəhbərlik etdiyi İnstitutun əməkdaşları söz alaraq öz ürək sözlərini bildiriblər.

Çıxış edən coğrafiya elmləri doktorları Əmir Əliyev, Rəna Qaşqay, Səid Səfərov, coğrafiya üzrə fəlsəfə doktorları Tahirə Salmanova, Ziyafət Ağayev, Elnur Səfərov, İnstitutun Qadınlar şurasının sədri Luiza Salayeva və İnstitut əməkdaşı Rəna Əliyeva alimə olan münasibətlərindən, görkəmli alimin elmi nailiyyətlərindən, şəxsi keyfiyyətlərindən söhbət açıblar. Bildirilib ki, Ramiz Məmmədovun vəfatı Azərbaycanın coğrafiya elmi üçün böyük bir itkidir. Həyatının böyük hissəsini Xəzər dənizinin tədqiqinə həsr edən alim sağlığında ikən “Xəzərin xanı” titulunu qazanmışdı, Qazaxıstan coğrafiyaçıları onu sevərək “Xəzər Ramiz Məmmədov” kimi bir-birilərinə tanıdırlar. O təkcə vətənində deyil, xaricdə də görkəmli okeanoloq kimi tanınıb, landşaft planlaşdırılması işində yeni məktəb açıb, iqlim dəyişmələri, səhralaşma, içməli su problemləri üzrə mütəxəssis kimi coğrafiya elminin inkişafında böyük xidmətlər göstərib. Novator alim elmi yeniliklərə, yeni texnologiyaların coğrafiyada tətbiqinə  həmişə böyük yer ayırıb. Gənclərin elmdə inkişafı üçün onlara dəsdək olmaqla bərabər həm də bir nümunə olub.

Şəxsi keyfiyyətlərindən danışan  çıxışçılar Ramiz Məmmədovun rəhbərlik etdiyi institutda səmimi, mehriban, işgüzar bir ab-hava yaratdığını xüsusi qeyd ediblər və ondan sonra da həmin mühitin iş yerində davam etməsini arzulayıblar.

 Fəxri Xiyabana gələn İnstitut əməkdaşları mərhumun məzarı önünə tər çiçəklər qoyub, ruhuna dualar oxuyublar.