İqlim dəyişmələri üzrə iclasda İyn 30, 2016 | 01:06 / TƏDBİRLƏR

AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun İqlim və aqroiqlimşünaslıq şöbəsinin elmi işçisi Əhmədova Cəmilə iyunun 23-24-də Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Bürosunun Bonn şəhərində təşkil etdiyi iqlim dəyişmələrinin  sağlamlığa təsiri üzrə işçi qrupunun beşinci iclasında iştirak etmək üçün Almaniyada səfərdə olmuşdur.

Hər il keçirilən toplantının bu ilki iclasında iqlim dəyişmələrinin insan səhhətinə təsirləri haqqında məsələlər, onların  ölkələrdə hazırlanan Milli Adaptasiya Planlarında daha geniş şəkildə əks olunması, Paris razılaşmasında nəzərdə tutulan Milli töhvələrdə prioritetlərin və strategiyaların müəyyən edilməsində səhiyyə ilə bağlı məsələlərin inteqrasiyası, davamlı inkişaf hədəfləri çərçivəsində iqlim dəyişmələri və səhiyyə üzrə öhdəliklərin icra olunması mexanizmi müzakirə olunmuşdur. Tədbirdə mövzu ilə bağlı çıxış edən Finlandiya, Almaniya, Serbiya, Norveç, Ukrayna, Türkmənistan, Gürcüstan, Niderland və digər ölkələrin nümayəndələri ilə yanaşı C. Əhmədova da Azərbaycanda iqlim dəyişmələrinin insan səhhətinə təsiri sahəsində aparılan işlər haqqında geniş məlumat vermiş, verilən sualları cavablandırmışdır.