Cİ-də iqlim dəyişmələrinin bitkiçiliyə təsiri qiymətləndirilib Avg 09, 2021 | 12:08 / MÜHÜM HADİSƏLƏR

  AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutunda iqlim dəyişmələri üzrə çoxillik elmi  tədqiqatlar aparılır.  

İqlim və aqroiqlimşünaslıq şöbəsinin müdiri, coğrafiya üzrə fəlsəfə doktoru Xəyyam Rəhimov şöbədə aparılan tədqiqatların nəticələrindən danışarkən bildirib ki, kənd  təsərrüfatının, xüsusilə də  bitkiçiliyin inkişafı  iqlim  şəraiti  və  iqlim ehtiyatlarından çox asılıdır. Bu səbəbdən cüzi dəyişiklik belə bu sahəyə əhəmiyyətli dərəcədə təsir göstərə bilər. Bu təsir özünü  daha ciddi surətdə aqroiqlim ehtiyatlarının optimal olmayan ərazilərində göstərir. Ölkəmizin böyük hissəsinin məhz belə ərazilərə aid olduğunu deyən X.Rəhimov burada  isti, mülayim, soyuq olmaqla üç qurşağın mövcud olduğunu, onların da öz növbəsində 7 yarımqurşağa bölündüyünü, havanın rütubətlənmə şəraitinə görə isə ərazi quru zonadan  tutmuş ifrat rütubətli zonayadək 6 hissəyə ayrıldığını diqqətə çatdırıb:  “Əkinçiliyi inkişaf etdirmək üçün ilk növbədə bitkilərin aqroiqlim şəraiti və ehtiyatlarını təmin edən ərazilər seçilməlidir”.

         Son illər Azərbaycanda bütün dünyada olduğu kimi iqlim dəyişmələrinin  müşahidə edildiyini vurğulayan alim açıqlayıb  ki, aparılan tədqiqatlar nəticəsində  müasir dövrdə  havanın orta illik temperaturunun baza dövrü (1961-1990-cı illər) ilə müqayisədə əsasən artdığı və bu artımın   regiondan asılı olaraq 0.2-0.90 C  təşkil etdiyi müəyyənləşib. Ən çox istiləşmə Böyük Qafqazın Cənub yamacının qərb hissəsi və Şimal-Şərq yamacında (0.7-0.90 C) qeydə alınıb. Soyuq dövrdə (noyabr-mart ayları) istiləşmə daha yüksək olmuşdur. Lənkəran -Astara bölgəsində artma soyuq dövrdə   0.5° C, isti dövrdə isə 0.60 C  təşkil etmişdir. Naxçıvan MR-də hər iki dövrdə artım 0.20 C olmuşdur.

       Yazda əksər bitkilərin vegetasiya dövrünün başlanması havanın  orta sutkalıq temperaturunun 100 C-dən keçməsi   baza dövrünə nisbətən 1-8 gün tez, payızda isə 1-9 gün gec başa çatır (vegetasiya dövrünün sonu). Nəticədə havanın  orta sutkalıq temperaturunun 100 C-dən yuxarı olan dövrü  (vegetasiya dövrünün davamiyyəti) 12 günədək artır və regiondan asılı olaraq 155-234 gün təşkil edir.

        Atmosfer yağıntıları miqdarının dəyişməsi müxtəlif istiqamətdə olub. Belə ki, əgər ölkə ərazisinin böyük hissəsində yağıntıların illik miqdarı 15-84mm (3-19%) azalıbsa, Böyük Qafqazın cənub yamacının qərb hissəsində 73-135mm (6 -14%) artmışdır. Artım az da olsa (3-6%), 7-18mm Abşeron yarımadası və ondan şimalda yerləşən sahilboyu ərazilərdə də qeydə alınıb. Qeyd etmək olar ki, müasir aqroiqlim ehtiyatları baza dövrünün ehtiyatlarından əhəmiyyətli dərəcədə fərqlənmir və ona görə də kənd təsərrüfatı istehsalına onların mənfi təsiri əsasən artmayıb.

        Gözlənilən iqlim dəyişmələri müxtəlif ssenarilər  əsasında müəyyənləşir ki, onlardan bir neçəsi Azərbaycan ərazisi üçün məqbuldur. Belə ki, 2021-2050-ci illərdə bu ssenariyə görə havanın temperaturu artacaq. Müvafiq olaraq isti qurşaqlar dağlara doğru irəliləyəcək.

       Şöbə müdiri daha sonra bildirib ki, gözlənilən iqlim dəyişmələri ölkə bitkiçiliyinə həm mənfi, həm də müsbət təsir göstərə bilir. Mənfi təsirlərin nəticələri kimi mümkün buxarlanmanın və iqlim-suvarma normalarının artmasını, torpağın eroziyasını və şoranlaşmasının intensivləşməsini, aqrolandşaftların deqradasiyasını və s. göstərmək olar. Bitkilərin vegetasiya dövrü davamiyyətinin artması, əkin sahələrində ənənəvi bitkilərin çoxaldılması və becərilən bitkilər sırasında  daha çox istisevər növ və sortların tətbiqi, bir sahədən ildə 2-3 dəfə məhsul alınması və s. isə müsbət nəticələrdəndir.

       Tədqiqatçı alim bitkiçiliyi inkişaf etdirmək üçün gözlənilən iqlim dəyişmələrinə uyğunlaşma tədbirlərini tətbiq etməyi vacib hesab edir:  “Ölkənin ərzaq təhlükəsizliyini artırmaq məqsədilə payızlıq buğdanın, eləcə də pambığın quraqlığa dayanıqlı və yüksək məhsuldarlığı olan sortlarının seleksiyasını, introduksiyasını və təsərrüfata tətbiqi üzrə işləri davam etdirmək lazımdır.  Üzümlüklərin ənənəvi rayonlarda bərpasını və yeni üzümlüklərin dağ terraslarında salınması ilə onların sahəsinin artırılmasını,  çay plantasiyalarının ənənəvi rayonlarda bərpasını və digər əlverişli ərazilərdə yeni bağların salınmasını təmin etmək,  torpaqların şoranlaşma və eroziyasına, quraqlıq və ağ yellərə qarşı aparılan meliorasiya tədbirlərinin davam etdirilməsi və genişləndirilməsi məqsədəuyğun tədbirlərdəndir”.