Müəllimi alimin xatirəsinə şer həsr edib Avg 27, 2021 | 03:08 / MÜHÜM HADİSƏLƏR

Şair-publisist Oqtay Zəngilanlı  vaxtılə orta məktəbdə dərs dediyi, sonralar isə dostluq etdiyi Coğrafiyaçı alimlər – Coğrafiya İnstitutunun sabiq  direktor müavini, dosent  Məhərrəm Həsənova  və  Zahid Məmmədova  şer həsr edib.  

Şairin  Cİ-də  M.Həsənovun  67-ci doğum günü  müəllifi olduğu  “Müasir iqlim dəyişmələrinin Azərbaycanda əkinçiliyin bəzi sahələrinə təsiri” monoqrafiyasının təqdimatı zamanı səsləndirdiyi həmin şeri diqqətinizə təqdim edirik:

 

 

Elə bil qırılıb qoşa qanadım,

İtirib axarın günüm, saatım,

Qəlbimi titrədir naləm, fəryadım,

İşimdə sızlayır bir “Yanıq Kərəm”,

Səsimə səs vermir Zahid-Məhərrəm!

 

Susmuşam, lal olub danışan dilim,

Batıbdır nəfəsdən gələn səs telim,

Elmin itkisidir hər iki alim,

Gözlərin tor almış qoca zərgərəm,

Səsimə səs vermir Zahid-Məhərrəm!

 

Ömrümün yolları sazaqlı, qışlı,

Üzümdə dinclik var, içim savaşlı,

Sinəmdə təlatüm, gözlərim yaşlı,

Bu ağır itkiyə çox dözəmmərəm,

Səsimə səs vermir Zahid-Məhərrəm!

 

Oqtayam, içimin tufanı yatmır,

Haraya çatacaq, harayım çatmır,

Yatan dərin yatıb, səsim oyatmır,

Fırlanır başıma geniş Yer kürəm,

Səsimə səs vermir Zahid-Məhərrəm!

 

26.08.2021.