Coğrafiyaçılar torpaqda gedən deqradasiyanı təhlil edirlər Sen 06, 2021 | 03:09 / MÜHÜM HADİSƏLƏR

AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Azərbaycanın torpaq ehtiyatları coğrafiyası şöbəsinin müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent İsmayıl Quliyev və şöbənin elmi işçisi Rauf Hüseynov Qızılağac və Hirkan Milli Parkı ərazilərində elmi ekspedisiyada olublar.

Məqsəd planetar miqyasda baş verən istiləşmə fonunda Respublikanın ən ekstremal coğrafi ərazisində son yarım əsrdə torpaqda gedən dəyişiklikləri qiymətləndirmək, torpaq üzərində aparılmış çoxillik monitorinqin nəticələrini və gələcək torpaq tədqiqatları üçün elmi istiqaməti müəyyənləşdirmək olub.

150 min ha ərazini əhatə edən tədqiqat sahəsində seçilmiş nümunə və müşahidə meydançaları, müəyyənləşdirilmiş marşrutlar 1:25000 miqyasda topoqrafik əsas üzərində aparılıb, GPS naviqator vasitəsilə dəqiqləşdirilib. Torpaqların mövcud taksonomik vahidlərinin tipoloji mənsubiyyətinin və onların üzərində yayılmış təbii və əkin sahələrində becərilən kənd təsərrüfatı bitkilərinin coğrafi yayılma xüsusiyyətlərinin öyrənilməsi torpaq örtüyündə gedən deqradasiya prosesinin səbəb və istiqamətlərini müəyyənləşdirməyə imkan verəcək. 

Tədqiqat nəticəsində aşkar edilən təbii və antropogen deqradasiyanın səbəb və nəticələri götürülmüş torpaq nümunlərinin fiziki, kimyəvi və aqrokimyəvi analizi aparıldıqdan sonra dəqiqləşdirilərək əməli təklif və tövsiyələr hazırlanacaq.