AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunda Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsi və Coğrafiya İnstitutu arasında əməkdaşlıq müqaviləsinin bağlanması ilə bağlı görüş keçirilib.
Coğrafiya İnstitutunun rəhbərliyi ilə baş tutan görüşdə Bakı Dövlət Universiteti Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru professor Fərda İmanov, Tədris prosesinin təşkili şöbəsinin rəisi, dosent Adil Xasayev, Coğrafiya fakültəsinin dekanı Şəkər Məmmədova, Fiziki coğrafiya kafedrasının müdiri c.e.d. Yaqub Qəribov iştirak edib.
Hər iki müəssisə arasında 2013-cü ildə bağlanmış “Elm və tədris mərkəzinin yaradılması” haqqındakı müqavilənin vaxtı bitdiyinə görə, vaxtın uzadılması, tədris mərkəzinin fəaliyyətinin əsas istiqaməti, yeni fəaliyyət planının işlənməsi və haqda müzakirələr aparılıb. Coğrafiya İnstitutunun baş direktoru, coğrafiya elmləri doktoru Zakir Eminov elmin tədrisi və təbliğinin gücləndirilməsi, gənclərin elmi işlərə cəlb edilməsi üçün hər iki müəssisənin magistr və dissertantlarının iştirakı ilə elmi konfransın keçirilməsini təklif edib.
Müzakirələrdən sonra Coğrafiya İnstitutu ilə Bakı Dövlət Universiteti arasında əməkdaşlığın yeni istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb.