XII əsr, 1139-cu il sentyabrın 30-u, şənbə gününə keşən gecə. Yatmış şəhər qəfil gurultudan oyandı, tükürpədən uğultu səsləri insanları qorxuya saldı, sonra yer-göy titrədi, evlər, binalar uçub töküldü, əhali vahimə içində küçə və meydanlara axışdı, qışqırtı və ahu-nalələr ərşə dirəndi, heyvanların və insanların fəryad səsləri bir-birinə qarışdı. Dünyanın sonunun çatdığını zənn edən zavallı camaat qorunmaq, Allahın lütfünə sığınmaq üçün dəstə-dəstə məscidlərə, kilsələrə axışdı, ancaq bu müsibətə heç nə tab gətirmədi, məscidlər də dağıldı, kilsələr də. Dam-daşlar altında qalaraq, “imdad, imdad” deyə can verən adamlara gecənin qaranlığında nə yardım edən vardı, nə də bir kömək əlini uzadan: şəhər məhv olmuşdu, insanlar ölmüşdü...
Bəli, o gün, o gecə Gəncə tarixinin ən hüznlü, ən kədərli günü idi. Qədim Pompey şəhərinin məhvindən bəhs edən “Pompey” filmindəki kadrları xatırladan bu acı mənzərəyə səbəb həmin gecə baş vermiş təbii fəlakət-zəlzələ idi. Çox güclü zəlzələdən şəhər əhalisinin az bir qismi sağ qalmışdı, sonralar ölənlərin sayının təxminən 230 min nəfər olduğu bildirilirdi. İnsanlıq tarixinin ən faciəli 10 zəlzələsindən biri kimi geoloji ədəbiyyatlarda yer alan Gəncə zəlzələsinin gücü müasir şkala ilə 9 bala bərabər idi.
Bu faciədən iki il sonra 1141-ci ildə həmin şəhərdə dünyaya gəlmiş dahi Azərbaycan şairi, filosofu Nizami Gəncəvi özünün “İskəndərnamə” poemasında şəhərin faciəsini bədii boyalarla olduqca təsirli şəkildə təsvir etmişdir:
Qopdu bir zəlzələ, göyü oynatdı,
Şəhərlər dağılıb yerlərə batdı.
Dağ-daş sarsılaraq, qopub uçanda
Fələk toz altında qaldı bir anda.
Ruzgarın etdiyi oyunbazlıqdan
Sanki alt-üst oldu torpaq, asiman.
Fələk zəncirinin həlqələritək
Yerin də bəndləri ayrıldı tək-tək.
Azdı yollarını gur axan sular.
Dağlar çarpışmaqdan bitab oldular.
Heç bir göz salamat qalmadı, inan,
Matəm sürməsinə qərq oldu cahan.
Nə qədər xəzinə batdı o gecə,
O şənbə gecəsi yox oldu Gəncə.
Hamı: kişi, qadın, qoca ya cavan
Qopardı dəhşətli fəryadla fəğan.
Təbii ki, bu zəlzələdən tək Gəncə şəhəri deyil, ətrafdakı çoxlu sayda yaşayış məntəqəsi, hətta təbiət özü də xeyli zərər çəkmişdi. Neçə-neçə kənd yerlə yeksan olmuş, çaylar məcrasını dəyişmiş, yer yarılaraq dərin yarğanlar əmələ gəlmiş və nəhayət, Kəpəz dağının zirvəsi dağılaraq uçmuş, uçuntu materialları Ağsu çayının və qonşu dərələrin qabağını kəsərək, irili-xırdalı bir neçə göl yaranmışdı. Lakin canlarının və mallarının hayında olan əhali yəqin ki, ətraf təbiətdə baş vermiş bu kəskin dəyişikliklərin fərqində deyildi...
Olanlar azmış kimi, talesiz şəhərin üstəlik qonşularla da bəxti gətirməmişdi. Bu ərəfədə sanki ac yalquzaq kimi marıtda dayanmış gürcü çarı Demetri faciədən xaincəsinə istifadə edərək, dağılmış və olmazın məhrumiyyətlərə məruz qalmış şəhərə hücum çəkmiş və inləyən şəhərə son ağır zərbəni endirmişdi. Düşmənlər şəhəri qarət etmiş, sarsıntılardan hələ özünə gəlməyın xalqın olan-qalanını da əlindən alaraq, onları qılıncdan keçirmiş, dövlət xəzinəsini talan etmiş və qiymətli Gəncə qapılarını da söküb aparmışlar. Həmin qapılar Şəddadi hökmdarı Əbüləsvar Şavurun tapşırığı ilə 1063-cü ildə usta İbrahim Osmanoğlu tərəfindən hazırlanmışdı. Maraqlıdır ki, Gəncə qapılarının bir tayı hazırda Gürcüstanın Kutaisi şəhərinin Gelati monastrında saxlanılır, o biri tayının isə monastrın təmiri zamanı dam örtüyü kimi istifadə olunması ehtimal edilir.
Həmin dövrlərdə Aran və Azərbaycanın hakimi kimi Gəncədə oturan Atabəy Qara Sunqur İsfahana gedərkən yolda zəlzələ xəbərini eşitmiş, geri qayıdaraq bərpa işlərinə rəhbərlik etmiş və Gəncə əvvəlki yerindən bir qədər şərqə tərəf köçürülərək yenidən tikilmişdir. Nizami Gəncəvi onun bu xidmətlərini “İskəndərnamə”də hədsiz minnətdarlıq hissi ilə qeyd edir:
Az zaman içində bu viran ölkə
Keçdi abadlıqda Rumu da bəlkə.
Baxmayın zəlzələ qoparıb tufan,
Ölkəni bir anda eylədi viran,-
Görünki, nə sayaq qadir hökmüdar
Pozulmuş cəlalı etdi bərqərar!
Bağçalar salındı, evlər dikəldi,
Hər evdən yüz çıraq işığı gəldi.
O ki, bu torpağı eylədi abad,
Dərgahı heç zaman olmasın bərbad.
Mənbələrdə Qara Sunqurun iki azyaşlı oğlunun da zəlzələ zamanı həlak olduğu bildirilir və çox təəssüf ki, Atabəy Qara Sunqurun özü də zəlzələdən sonra şəhərdə yayılan vəba xəstəliyinə yoluxaraq bir idən sonra dünyasını dəyişdi, lakin onun başladığı işləri varisləri davam etdirərək Gəncəni yenidən abad və zəngin şəhərə çevirdilər.
Bir müddət keçəndən sonra zəlzələnin şokundan ayılan əhali ikihürgüclü dəvənin belinə oxşadaraq İnhiraq (əl-Xərək) dedikləri dağın başını əvvəlkindən fərqli görkəmdə görmüş və onu tədricən “qayalı dağ, yarılmış dağ” anlamına gələn Kəpəz adlandırmışlar. Nizami Gəncəvi özünün 40-60 yaşlarında yazmış olduğu “Xosrov və Şirin” və “İskəndərnamə” poemalarında bu dağı hələ İnhiraq (əl-Xərək) kimi qeyd etmişdir.
Ehtimal ki, artıq 1140-cı ilin yayında mal-qaralarını həmişəki kimi dağlara qaldıran insanlar bu dağın ətraflarında gördüklərinə heyran qalmışlar: Ağsu çayının dərəsində əhəngdaşı qaymalarından yaranmış hündür bənd, arxasında da gözəl, mavi rəngli bir göl, bir az yuxarıda başqa bir göl, solda daha birisi və s. Adamlar gözlərinə inana bilmirdilər: dəhşətdən belə gözəlliklər yaranmışdı. İndi də dilimizdə işlədilən - “Hər zərərdə bir xeyir var” deyimi bəlkə, bu gözəllikləri görəndən sonra yaranmışdı? – Bəlkə də! Zaman-zaman insanlar göllərə fərqli xüsusiyyətlərinə görə fərqli adlar verdilər: Göygöl, Maralgöl, Ağgöl, Zəligöl, Ördəkgöl və s.
Çoxdan, lap çoxdan idi ki, Göygölü görməmişdim. Nəhayət, ötən yayda ailəliklə Göygölə səfər etməyə qərar verdik və yola çıxdıq, günorta artıq Gəncədə idik. Qədim Gəncəyə gəlmək, ulu Nizaminin məqbərəsini ziyarət etməmək günah olardı. Bizsə günaha batmaq istəmədik, dahi şairin nəşinin uyuduğu möhtəşəm məqbərəni ziyarət etdik. Məqbərənin və ətrafının abadlığı Nizami ruhuna layiq hörmətin əlaməti kimi diqqət çəkirdi. Ümumiyyətlə, Gəncə son illərdə müsbətə doğru xeyli dəyişibdir, gözəlləşibdir, xüsusilə onun mərkəzi hissələri əvvəlki illərdən fərqli olaraq, bizdə müasir şəhər təəssüratı yaratdı. Aran rayonlarının boğucu bürküsündən sonra şəhərin mərkəzindəki nəhəng çinarların gölgəsi qəlbimizə xəfif bir sərinlik gətirdi. Gəncəçayı boyunca salınmış bulvar, yeni təmir olunmuş İmamzadə kompeksi, Cavadxanın məqbərəsi, yeni Filarmoniya binası və başqa modern tikililər insanda razılıq hissləri oyadırdı. Xidməti işimlə əlaqədar ötən əsrin 80-ci illərində tez-tez Gəncədə olurdum və hər dəfə 300 minlik şəhərin baxımsız görkəmi məndə təəssüf hissi doğururdu. İndi isə Gəncə əsil şəhər kimi bizə xeyli pozitiv ovqat bağışladı və oradan xoş təəssüratlarla ayrılıb səhəri gün tezdən Göygölə yollandıq.
Əsası 19-cu əsrdə almanlar tərəfindən qoyulmuş, əvvəllər Yelenendorf, indi isə Göygöl adlanan rayon mərkəzini keçib, dağlara sarı üz tutduq. Yuxarılara doğru irəlilədikcə yolboyu bir-birini əvəz edən gözəl dağ mənzərələri ruhumuzu oxşayır, getdikcə sərinləşən hava Abşeronun və Aranın cansığıcı avqust istisindən sonra adama xüsusi ləzzət verirdi. Və nəhayət, Kürəkçayın dərəsindəki körpünü və Milli Park ərazisinə girişdəki ödənişli postu keçib, sıx meşə ilə örtülü dolanbac yolun sonuna çatdıq. Aha..., buralar necə də dəyişibdir! Hər tərəfdə səliqə-səhman, yeni tikilmiş infrastruktur obyektləri, asfalt cığırlar, hərəkət göstəriciləri və s. Daha bir neşə yüz metr piyada gedirik və... budur, bu da əsrarəngiz Göygöl! Şəninə şeirlər deyilən, mahnılar oxunan, tablolar çəkilən ecaskar Göygöl!
Göygöl bizi çən-dumanla qarşıladı, amma bu görkəmi ilə də o, gözəl idi, füsunkar idi. Görüşünə gəlmiş yüzlərlə insanı bir qədər məyus etsə də hamı onu görməkdən, Allahın bizlərə bəxş etdiyi bu gözəlliyi seyr etməkdən zövq alır və qürur duyurdu. Belə bir təbiət möcüzəsi heç də hər xalqın bəxtinə, taleyinə qismət olmur. Ruslar üçün Baykal, qırğızlar üçün İssık-kul, macarlar üçün Balaton gölü nə deməkdirsə, azərbaycanlılar üçün də Göygöl o deməkdir! Düzdür, coğrafi mənada Xəzər də göldür, amma o qədər böyükdür ki, göldən çox dəniz kimi tanınır və bir də ki, o tək bizə deyil, həm də başqalarına məxsusdur. Göygöl Azərbaycanın boynundan asılmış mirvari kimidir – kiçik, amma çox qiymətli! Ona görə onu qorumaq, mühafizə etmək hamımızın borcudur. Bu məqsədlə Göygöl və onun ətraf əraziləri 1925-ci ildən qoruq elan edilmiş və bu, Azərbaycanda yaradılmış ilk təbiət qoruğudur. 2008-ci ildən isə ona Milli Park statusu verilmişdir. Milli Parkın sahəsi 12755 hektar olub, bitki və heyvan növləri ilə zəngindir. Burada 430-a yaxın bitki, o cümlədən 80 ağac və kol növü mövcuddur. Vəhşi heyvanlardan nəcib Qafqaz maralı, ayı, dağ keçisi, qaban, oxlu kirpi, porsuq, meşə pişiyi, vaşaq, dələ və s., quşlardan Xəzər kərkəsi, turac, kəklik və başqaları qoruq ərazisində məskunlaşmışlar.
Mlli Park ərazisində 7-si nisbətən böyük olmaqla, ümumilikdə 19 göl var və onların da ən məşhuru Göygöl və Maralgöldür. Göygöl dəniz səviyyəsindən 1556, Maralgöl isə 1900 metr yüksəkliyində yerləşir. Göygölün uzunluğu 2800, eni 800-1000, ən dərin yeri isə 96 metrdir. Göygöl ölkəmizin həm də ən dərin gölüdür. Bu göldə Azərbaycanın digər çay forellərindən xeyli fərqlənən forel balıqları yaşayır. Onların mənşəyi Göygölün yaranma tarixi ilə bağlıdır. Zəlzələ zamanı gölün ərazisində qalan çay forelləri uzun illər ərzində göl şəraitinə uyğunlaşmış və tədricən artıb çoxalaraq zəmanəmizə qədər gəlib çatmışdır.
Son illərdə Milli Park ərazisində xeyli abadlıq işləri görülmüş, yollar səhmana salınmış, ziyarətçilərin istirahəti və rahatlığı üçün müvafiq infrastruktur obyektləri inşa edilmişdir. Bu xüsusda Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyətini təqdirəlayiq hesab etmək olar. Amma görüləsi işlər də çoxdur. Xidmətlərin, öncə də iaşə xidmətlərinin və maarifləndirmə işlərinin arzu olunan səviyyədə olmaması təəssüfləndirici haldır. Ərazidə zibil qutuları olduğu halda, zibillərin ora-bura atılması, kolluqların tualet kimi istfadə olunması, xüsusilə rayonlardan olan ziyarətçilərin təbiətə ögey münasibətindən və onlarda hələ turist mədəniyyətinin formalaşmadığından xəbər verirdi. Lakin bu kimi hallara baxmayaraq, Göygöl həmişəki kimi təmənnasız, sakit aurası, bənzərsiz gözəlliyi ilə insanlara sevinc və hüzur bəxş etməkdədir. Burada ziyarətçilər də sanki problemlərdən uzaq, çox xoşbəxt və qayğısız görünürlər. Həqiqətən, Göygölü seyr edərkən, istər-istəməz uca Yaradanın bu gözəlliyi insanlar ağrı-acılarını az da olsa unutsun deyə, onlara bəxş etdiyinə və F.Dostoyevskinin məşhur “Dünyanı gözəllik xilas edəcəkdir” kəlamının nə vaxtsa gerçəkləşəcəyinə inanmaq istəyirsən.
Bəli, dəhşətli təbii fəlakətdən yaranmış bu füsunkar gölün özəllikləri yetərincədir, yetər ki, biz də onu layiqincə qoruyub gələcək nəsillərə olduğu kimi çatdıra bilək.