Turizm təsərrüfatının inkişaf etdirilməsi üçün iqlim vacib şərtlərdən biri hesab olunur. Bu baxımdan istər qısamüddətli, istərsə də uzunmüddətli istirahəti seçən turistlər məhz hava şəraitinin daha əlverişli olduğu günlərə və ərazilərə üstünlük verirlər. Bu, həmçinin turist kimi səfər etmək istəyən insanların yaşadıqları ərazilərin iqlim şəraiti ilə də bağlıdır. Məsələn, araşdırmalar nəticəsində müəyyən olunub ki, norveçli turistlərin 84 faizi isti ölkələrə üstünlük verirlər. Alman turistlərinin 53 faizi tətilə getməzdən əvvəl həm səfər edəcəkləri ölkənin iqlim şəraitini, həm də turistik məkanı əvvəlcədən dəqiqləşdirirlər. İtalyan turistlərin 43 faizi isə daha çox yaşadıqları ölkə ilə səyahət edəcəkləri yerlərin iqlim uyğunluğuna üstünlük verirlər.
Azərbaycan Milli Elmlər Akademiyasının akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun şöbə müdiri, coğrafiya üzrə fəlsəfə doktoru Zaur İmraninin AZƏRTAC-a verdiyi məlumata görə, Azərbaycanın iqliminin formalaşmasına ölkənin coğrafi mövqeyi, relyefi və Xəzər dənizi böyük təsir göstərir. Ərazinin mülayim və subtropik iqlim qurşaqlarının sərhədində yerləşməsi və mürəkkəb relyef quruluşu burada iqlim şəraitinin müxtəlifliyinə səbəb olub. Yer kürəsində mövcud olan 11 iqlim tipindən 9-na ərazidə təsadüf edilməsi burada yarımsəhra, çöl, meşə, alp, subalp, subnival və nival kimi hündürlük təbii qurşaqlarının əmələ gəlməsinə imkan verib.
Xəzər dənizinin sahil zonalarında havanın temperaturunun yüksək olması burada təbii-rekreasiya ehtiyatlarından geniş istifadəyə imkan verir. Abşeron, Quba-Xaçmaz, Lənkəran-Astara iqtisadi-coğrafi rayonlarının yay aylarında bol günəş enerjisi alması bu ərazilərdə çimərlik turizminin inkişafı üçün əlverişli şərait yaradır. Əsasən, Abşeron yarımadasının Pirşağı, Bilgəh, Buzovna, Mərdəkan, Şüvəlan və Şıx zonalarında təşkil olunmuş çimərlik turizmi yay aylarında həm yerli əhalinin, həm də xarici turistlərin istirahətini təmin edir. Bu ərazilərdə istirahət evləri, sanatoriyalar və turist bazaları şəbəkəsi geniş yaradılıb.
Hazırda respublikamızda turizm-istirahət komplekslərinin əsas hissəsi məhz çimərlik ərazilərinə yaxın yerləşdirilir ki, bunun da çox hissəsi Abşeron yarımadası və Yalama-Nabran zonalarının payına düşür.
Dəniz sahillərində və dəniz hava kütlələrinin hakim olduğu ərazilərdə havanın nisbi rütubəti yüksək olur. Aparılan tədqiqatlara görə havanın temperaturunun və rütubətliliyin yüksək olması insanlarda diskomfortluq hissi yaradır ki, bu da turistlərin istirahətinə mənfi təsir edir. Lakin həm dəniz, həm də dağlıq və düzənlik ərazilərdə əlverişli temperatur rejiminin olması, məhz həmin yerlərdə turistlərin sayının artmasına səbəb olur.
Qış turizm növlərini inkişaf etdirmək üçün ərazidə davamlı qar örtüyünün olması əsas şərtlərdən biridir. Çünki xizək turlarının həyata keçirilməsi, məhz davamlı qar örtüyünün olmasından asılıdır. Respublikamızın dağlıq ərazilərində davamlı qar örtüyü müşahidə edilsə də, düzən və dağətəyi ərazilərdə, o cümlədən Xəzər dənizinin sahil zonalarında ona çox nadir hallarda rast gəlinir.
Qarlı günlərin sayının və qar örtüyünün qalınlığının çox olduğu Böyük Qafqazın cənub yamacında qış turizmini inkişaf etdirmək üçün əlverişli təbii-coğrafi şərait vardır. Bu səbəbdən, Qusar inzibati rayonunda “Şahdağ”, Qəbələ inzibati rayonunda isə “Tufandağ” Qış-yay Turizm İstirahət Kompleksləri yaradılıb. Hazırda bu komplekslərin fəaliyyət göstərməsinin əsas məqsədi ölkəmizdə bütün ilboyu dağ turizmini inkişaf etdirmək, eləcə də yerli və xarici turistlərin istirahətini yüksək səviyyədə təşkil etdirməkdir. “Şahdağ” və “Tufandağ” Qış-yay Turizm Komplekslərində kanat və xizək yolları çəkilmiş, kürsü tipli qaldırıcı qurğular inşa edilmiş, dağ-xizək idman növləri ilə məşğul olmaq üçün infrastruktur yaradılıb. Bütün bu üstün cəhətlərlə yanaşı, qeyd edilməlidir ki, qışın əvvəllərində kompleksin ərazisində təbii qar örtüyünün olmaması və havanın nisbi rütubətinin 80 faizə çatması, əlavə vəsait hesabına dağ-xizək yollarının süni qaryaratma (generasiya) sistemləri ilə təchiz edilməsini tələb edir.
13.06.2018