XIX əsrin ortalarında yazıçı-səyyah Aleksandr Dümanın Azərbaycana səfərləri və bu ölkənin təbii-coğrafi vəziyyəti, tarixi abidələri, adət-ənənələri və coğrafi dəyərlər barədə fikirləri Azərbaycanın coğrafi təkamül dinamikasının müqayisəsi təhlili baxımından olduqca maraqlıdır.

Azərbaycanın təbii şəraitinə, tarixi coğrafiyasına dair fikirlərinin təhlili göstərir ki, Azərbaycan ərazisinin paleocoğrafi təkamülü, milli coğrafi məskunlaşması mərhələsinin başlanğıcı çox qədim dövrlərə təsadüf edir. Lakin mövcud tarixi-coğrafi və təbii şəraitin zaman-zaman formalaşması və yeniləşməsi qanunauyğunluğu öz növbəsində coğrafi məskunlaşmanın, milli adət-ənənələrin hətta bütövlükdə təbii şəraitin müəyyən qədər dəyişməsinə səbəb olmuşdur. Təbiətin bu çoxillik tarixi-coğrafi inkişaf salnamələri zaman keçdikcə dövri olaraq Azərbaycanda olmuş məşhur səyyahların, tədqiqatçıların, alimlərin əsərlərində tərənnüm olunmuş və tarixdən-tarixə keçmişdir. Elmi cəhətdən bunlar həm də onu göstərir ki, Azərbaycanın tarixi coğrafiyası hələ çox qədimlərdən özünün təbii zənginliyi, milli-coğrafi dəyərləri və tarixi keçmişləri ilə xüsusilə Şərq ölkələrini maraqlandırmışdır.

Azərbaycanın təbii şəraiti, tarixi coğrafiyası, milli adət-ənənələri haqqında maraqlı məlumat verənlərdən biri də məşhur fransız səyyahı Aleksandr Dümadır. Aleksandr Düma hələ 1858-1859-cu illərdə Azərbaycanın müxtəlif guşələrində olarkən onun xüsusilə paleocoğrafi şəraiti, dağları, çayları, meşələri və insanların yaşayış tərzi haqqında çox qiymətli və maraqlı xatirələr yazmışdır. Özünün tanınmış “Qafqaz səfəri” tarixi-coğrafi əsərində Azərbaycanın coğrafiyasının zənginliyi, tarixi qədimliyi və bilavasitə qonaq olduğu milli məclislərdə adət-ənənələrdən, yolboyu təbiətin gözəlliyindən həvəslə yazdığı qeydləri Azərbaycan coğrafiyasının keçdiyi inkişaf mərhələlərini müqayisə etmək üçün olduqca böyük əhəmiyyət kəsb edir.

A.Düma qədim Dərbənd şəhərindən Azərbaycana daxil olarkən orada yaşayan azərbaycanlıların yaşayış tərzindən, Quba, Bakı, Şamaxı, Şəki (Nuxa) şəhərlərinin arxitektur coğrafiyasından, tarixi abidələrin milli dəyərlərindən, ticarət bazarlarından, qədim ipəkçilik sənətindən, zərgərlərimizin və saxsı ustalarımızın misilsiz əl işlərini qocaman Avropa və Şərq ölkələri ilə müqayisə etmişdir. Milli xörəklərimizin, zövqlü rəqslərimizin, musiqi məclislərinin, tarixi şəxslərlə görüşlərin keyfiyyətindən ürəkdolusu yazmışdır. Azərbaycan təbiətinin rəngarəngliyini, xüsusilə Xəzər dənizi, Kür, Samur, Qudyalçay, Şahdağın ecazkar yamaclarını Azərbaycanın tarixi coğrafiyasının qədimliyi ilə əlaqələndirmişdir. Yazıçı qədim Bakıətrafı yaşıllıqlarından, çaylarından, yolboyu müşahidə olunan pələnglərdən və s. danışarkən məlum olur ki, söhbət Qarabağın, Astaranın və Lənkəranın paleocoğrafiyasının qədimliyindən gedir.

Məlum olduğu kimi Qafqaz bölgəsində qədim şəhərlərdən biri də Dəmir Qapı Dərbənddir. Yazıçı qeyd edir ki, Asiya ilə Avropanın sərhədində yerləşən bu qədim şəhəri vaxtilə skiflərin hücumundan və keçmişin tarixi bəlalarından bilavasitə indi saxlanılmış qala divarları xilas etmişdir. O həqiqətən qeyd etmişdir ki, əslində iki qitənin birləşdiyi yerdə inşa edilən qədim Dərbənd şəhəri qismən Şərq, qismən də Avropa şəhəri kimi tanınır. Aleksandr Dümanın Azərbaycanla ilk tanışlıq səfəri həmin qədim Dərbənddən başlayıb. Onu qarşılayan ilk azərbaycanlılarla onun tanışlıq anı yazıçı üçün olduqca maraqlı və təəccüblü görünmüşdür. Onlar Dümanı belə salamlayırlar: “...Ey adlı-sanlı səyyah! Xeyli əvvəl qəzetlərdə xəbər verilmişdir ki, Siz bizim vətənimizə gələcəksiniz. O vaxtdan bəri bu xoşbəxt günü gözləyirdik. Ona görə bütün dərbəndlilər adından sizə minnətdarlığımızı bildiririk”. Məşhur yazıçı qeyd edir ki, biz Dağıstandan Qubaya daxil olarkən elə bildik Quba tamamilə göllərdən ibarətdir və evlər də göllərin arasında tikilib. Hətta küçələrin həddindən artıq sulu olmasına görə ilk əvvəl Qubanı məşhur Venesiyaya bənzətmişdir. Lakin sonradan bu yerlərin coğrafi təkamülü haqqında müəyyən elmi məlumatlar aldıqdan sonra səyyahda bu ərazilərin vaxtilə Xəzər dənizinin keçmiş yatağı olması barədə təəssürat yaranmışdır.

Yazıçı yolboyu Qubadan Şahdağın zirvəsinədək olan əraziləri əsl təbiətşünas kimi ümumi coğrafi təsvirini vermişdir. Qubadan çıxandan sonra yolboyu hətta çayların dərin dərələrini və enişli-yoxuşlu yerlərini göstərmişdir. Bəzi çayların daha çox dərin və selli olmasını xüsusilə coğrafi amillərlə əlaqələndirmişdir. Yazıçı bu ərazilərin belə mürəkkəb relyef quruluşa malik olmasını əsl bir tədqiqatçı kimi tarixicoğrafiyanın təkamülü və yerli orotektonik şəraitin intensivliyi ilə əlaqələndirməyə çalışmışdır. O, Qafqaz dağlarını haqlı olaraq coğrafi şəraitinə görə cavan Alp silsiləsində məşhur MonBlan dağlarına bənzətmişdir və ilk dəfə Şahdağın şərti olaraq hündürlüyünün 4000 metrdən artıq olmasını demişdir. Bu zirvədəki qalın daimi qar örtüyünü isə Azərbaycanın su potensialı üçün möcüzə adlandırmışdır. Yəni göstərmişdir ki, Azərbaycanda çətin quraqlıq şəraiti olanda yamacdakı qarın əriyib təsərrüfatları suvarmada köməyinə çatmasını, suyun qıtlığı zamanında isə içməli su kimi əhəmiyyətini qeyd etmişdir.

A.Düma yolboyu Qubada yəhudilər yaşayan çökəkliyin təbii şəraitinə görə yaşayış üçün yararsız olduğunu güman etmişdir. Çünki göstərilən yerdə rütubətin çox olmasının adətən insanlarda böyrək, ağciyər xəstəliklərinin yayılmasında zərərli olduğunu göstərmişdir.

Hələ o vaxtlar yazıçı Bakı şəhərini geomorfoloji cəhətdən həqiqətən çökəklik kimi təsvir etmişdir. Ətraf sahələrin dərəli-təpəli və alçaq dağlıq olduğunu, hətta bəzi yerlərdə dağ keçilərinin sürülərini görmüşdür. Hələ təxminən iki yüz il bundan əvvəl o, Bakının ilk baxışdan iki hissədən ibarət olduğunu bildirir: Ağ şəhər və Qara şəhər. Yəni Bakı Rusiyanın tərkibinə daxil olandan sonra şəhər ətrafında meydana gələn yeni tikililəri Ağ şəhər, qalan qədim tikililəri isə Qara şəhər kimi tanımışdır. Bakının möhtəşəm Qız qalasının memarlığı və tarixi haqqında maraqlanmış və bəzi coğrafi fikirlər söyləmişdir. Bakının ətrafındakı neft quyularının qazıldığı yerlərin çökəkliklərdən və həddindən artıq çirkli olmasını görmüşdür. Bakının Suraxanı ərazisində yerləşən tarixi Atəşgah məbədinin möcüzəvi coğrafiyasından, müqəddəs ziyarətgah keyfiyyətindən və milli ortaq xüsusiyyətləri haqqında maraqlı qeydlər aparmışdır.

Yazıçının Azərbaycan xalqının əsasən köçəri həyat coğrafiyası haqqında fikirləri də maraqlıdır. Lakin yazıçı Azərbaycanı ətraflı gəzib gördükdən sonra öz fikirlərində müəyyən dəyişikliklər aparmışdır. Göstərir ki, bir vaxtlar köçəri həyat sürən azərbaycanlılar indi zəngin təbii ehtiyatlara malik ölkədə və bərəkətli torpaqlarda yaşamağa üstünlük verirlər. Əlbəttə, bunun özü də Azərbaycanın milli məskunlaşmasının tarixi-coğrafi mədəni dinamik inkişafının yaxşı göstəricisidir.

Bakı ətraflarını, xüsusilə Abşeronun coğrafi şəraitini dünyaca məşhur olan zəfəranın yetişdirilməsi üçün əvəzsiz yer saymışdır. Yazıçı Bakını həqiqətən coğrafi cəhətdən “küləklər” məskəni kimi qiymətləndirmişdir. Səyyah gördüklərinə əsaslanaraq Bakını torpağına, dənizinə, tikililərinə və bütün zəngin ehtiyatlarına görə Asiyanın məşhur şəhərləri ilə müqayisə etmişdir.

Onun Kür çayının coğrafiyası barəsində və Araz çayının Muğan düzündə üç qola ayrılması haqqındakı coğrafi fikirləri də elmi cəhətdən maraqlıdır. Yazıçının əsərində yeri gəlmişkən Lənkərandan və ona yaxın olan qədim meşələrdəki pələnglərdən, onların Araz çayından keçib Qarabağ ərazisinə qədər gəlib çıxmaları fikri Azərbaycanın tarixi coğrafiyası haqqında olduqca maraq doğurur. Bu onu göstərir ki, hələ XIX əsrin əvvəllərinə qədər Lənkəranla Qarabağ meşəlikləri arasında coğrafi sərhəd olmamışdır. Onlar daha geniş əraziləri əhatə etmişdir. Hətta Xəzər sahili boyunca uzanan Lənkəran - Astara yolunun üstündə pələnglərin sürü ilə yayılması fikirlərimizi tamamilə təsdiq edir.

Həmin ərəfələrdə Lənkəranda insanlara qənim kəsilmiş bir pələngin rus qadını tərəfindən balta ilə öldürülməsi və onun Tiflisdə oturan Qafqaz canişini Vorontsov tərəfindən mükafatlandırılması məsələsi də təbiətimizin zənginliyini sübut edir.

Bundan başqa Kür çayı boyu sıx kolluq və cəngəlliklərdə bəbirlərin yayılması və onların insan və heyvanlara daim hücum etməsi hadisələri də Azərbaycanın paleocoğrafi keçmişi haqqında maraqlı tarixi məlumatlar verir.

A.Dümanın Bakı və onun ətrafındakı məşhur “Qurd keçidi” haqqındakı xatirələri də coğrafi cəhətdən maraqlıdır. Coğrafi oxşarlıq keyfiyyətinə görə bu çökəkliyi Etna vulkanının əmələ gətirdiyi Siciliya çökəkliyi ilə müqayisə edir.

Bu əsərdə həmçinin bəzi məşhur tarixçilərin, coğrafiyaçıların və digər tədqiqatçıların Azərbaycan haqqındakı fikirləri də elmi cəhətdən maraqlıdır. Xüsusilə Xəzər dənizi haqqında məşhur Herodotun, Strabonun, Ptolemeyin, Marko-Polonun və b. fərqli fikirləri ilə müasir coğrafi inkişafın dinamikası ilə müqayisə etməyə imkan verir. Xəzərdə qabarma və çəkilmə prosesini onun dərinliklərində baş verən vulkanların fəaliyyətilə əlaqələndirmişdir.

Bakıdan sonra Şamaxıda olan tədqiqatçı Şamaxının özünün adının coğrafi mahiyyətinə də toxunmuşdur. O qeyd edir ki, Şamaxı sözünün elmi mənası Ptolemeyin əsərlərində rast gəlindiyi kimi qədim “Mamaşya” sözündən olduğunu göstərir. Bu, xalis azərbaycanlı sözüdür. Lakin 1645-ci ildə burada rus tacirinin öldürülməsi ilə əlaqədar İran-rus müharibəsinin başlanması vəziyyəti dəyişmişdir. Yəni Böyük Pyotrun ordusu Şamaxını və ətraflarını işğal edərək darmadağın etmişdir. Yerli əhalinin sayı qatqat azalmışdır. Artıq 1815-1816-cı illərdə Şamaxıda olan 100 min əhalisindən 25-30 minə yaxın qalmışdır. Çünki burada baş vermiş daxili çaxnaşmalar, tez-tez baş verən zəlzələlər, xəstəliklər və s. insanların kəskin azalmasına əsas səbəb olmuşdur. Lakin yazıçı Şamaxının yaxınlığındakı Fit dağının üstündə tikilmiş Fit qalasından ruslara qarşı istehkam kimi istifadə olunması məsələsinin özü də milli-tarixi abidələrimizin sırasını artırır.

Əsərdə göstərildiyi kimi həmin vaxtlar Şamaxıda milli ticarətin əsasını ipəkçilik təşkil edirdi. Buna görə də burada xalçaçılıq mərkəzinin olması əsaslandırılır.

Yazıçının Şamaxıda olarkən, məclislərin birində təşkil olunmuş Azərbaycanın milli rəqslərini böyük maraqla qarşıladığını və bu cür rəqqasları heç harda görmədiyini xüsusi qeyd edir.

Səyyah Şamaxıdan Şəkiyə getdiyi yolların sıx meşələrdən, sıldırımlı-qayalı dağlardan ibarət olmasını göstərir. Hətta yolboyu meşələrdəki heyvanat aləminin müxtəlifliyindən, qırqovul və dovşan ovundan söhbət açır.

A.Düma bu əsərində Şəki (Nuxa) bazarlarının milli formasını xüsusi təsvir edir. Bu bazarlarda Azərbaycan xalılarından, balınclardan, müxtəlif zinət əşyalarından və fərdi silahlardan maraqla söhbət açır.

A.Düma artıq Azərbaycan torpağının bir sıra yerlərini gəzdikdən sonra Azərbaycandan, onun təbii zənginliyindən, tarixi qədimliyindən, milli-mədəni adət-ənənəsindən min bir təəssüratla ayrılmışdır. Bu ayrılma mərasimi onun son dayanacağı Nuxa (Şəki) məntəqəsində olmuşdur. Tədqiqatçı bir daha Azərbaycan coğrafiyası haqqında, əhalisinin milli tərkibi, təbiəti, tarixi mövcudluğu, eyni zamanda ticarəti və milli mədəniyyətinin zənginliyi haqqında təkrar-təkrar öz təəssüratlarını söyləmişdir. Xüsusilə 1700-cü illərdə Şəkidə Məhəmməd Həsən xan tərəfindən yüksək memarlıq üslubunda tikilmiş Xan sarayını dünyanın mirvarisi kimi qiymətləndirmişdir. Lakin 1820-ci illərdə Çar ordusunun Nuxanı işğal etdiyi zaman Xan sarayını, o cümlədən milli abidələrin necə dağıtmasını təəssüflə təsvir etmişdir. 

H.T.Haqverdiyev,

AMEA akad.H.Əliyev adına

Coğrafiya İnstituutu Coğrafi fikir tarixi

və toponimika şöbəsinin müdiri, c.ü.f.d.,

G.Qaracayeva, kiçik elmi işçi

Respublika qəzeti. 31.01.2019