Torpaq yerin üst təbəqəsinin bir hissəsini əhatə etməklə bütün canlı varlığın obrazlı desək, yurdu – yuvasıdır. Torpaq yerin coğrafi təbəqəsinin üst qatını örtməklə bəşər cəmiyyətini maddi nemətlərlə təmin edən xəzinədir. Bu xəzinəni zaman-zaman yoxsullaşdırmaq yox, onu daha da zənginləşdirmək hamımızın müqəddəs borcudur. O, təbii-tarixi varlıq olmaqla insanların, xüsusən torpaq sahibkarlarının nəzakət, nəvaziş və böyük qayğısına möhtacdır. Son vaxtlar respublikamızın təbiətində cərəyan edən təbii və antropogen proseslərin təsiri ilə torpaq örtüyünün həyatı xassələrində və onun ekoloji durumunda baş verən mənfi fəsadlı hadisələrin torpaq-bitki sisteminin ekologiyası sahəsində çalışan mütəxəssisləri narahat etməyə başlamışdır. Torpaq-bitki aləmində belə hadisələrin başvermə səbəblərinin müşahidələr nəticəsində aşkara çıxarılması və onların qarşısının alınması üçün tədbirlərin hazırlanmasına başlanmasının vaxtı çoxdan çatmışdır.
Biz həyatımızın yaradıcılıq dövrünün çox hissəsini, bir coğrafiyaçı-bioloq, son vaxtlar isə (25 və 10 ildən çox) torpaqşünas-ekoloq kimi respublikamızın ərazisindəki bütün torpaq-iqlim zonalarında, onun dəniz sahili ovalıq qurşağından alp, subalp və dağ-çəmən bozqır qurşaqlarına qədər olan bölgələrini, mübaliğəsiz deyə bilərik ki, qarış-qarış gəzib dolaşmışıq. Böyük Qafqazın Quton, Bazardüzü, Dübrar və Beşbarmaq dağlarında olmuş, oradan Qobustanın alçaq dağlarını və təpəliklərini aşaraq Şirvan, Muğan, Mil və Qarabağ düzənliklərini keçərək Naxçıvanda Sədərək-Heydərabad-Şərur düzənliyindən Batabat dağüstü yaylasına, oradan İlan dağının zirvəsinə qədər qalxmışıq. Mövcud nəqliyyat vasitələrindən istifadə etməklə və daha çox piyada gəzməklə bu bölgələrin landşaftının bütün ünsürlərini (relyef, iqlim, bitki və torpaq örtüyü) tədqiqi ilə məşğul olmuşuq və bu işi indi də davam etdiririk.
Bu illər ərzində keçmiş SSR İttifaqına daxil olan respublikaların ərazilərində olmuş, bu respublikalarda keçirilən elmi konfranslarda, ekspedisiya və təcrübə ekskursiyalarında iştirak etmişik. Qonşu İran İslam Respublikasının Naxçıvan, Cəlilabad, Biləsuvar və Astara rayonları ilə sərhəd zolaqlarında torpaq-bitki sisteminin yayılma areallarının xəritələşdirilməsi işləri ilə kollektiv əməkdaşlıq və fərdi qaydada məşğul olmuşuq. Həmin dövrlərdə Rusiya Federasiyasının Qərbi Avropa hissələrində Qaratorpaq və Qeyri-qaratorpaq zonalarında ekspedisiyalarda iştirak etməklə, həmin vilayətinlərin təbii və antropogen dəyişikliklərə məruz qalmış landşaftının xüsusiyyətlərini öyrənmişik. Həmçinin daima o vaxtki SSRİ respublikalarının ərazisindəki landşaft ünsürlərinin səciyyəvi xüsusiyyətlərini gördükdə onları respublikamızın ərazisində formalaşan landşaft xüsusiyyətləri ilə müqayisə etmişik. Bizə belə bənzərsiz və möcüzəli təbiəti bəxş etdiyinə görə, Allah-taalaya min dəfə şükürlər etmişik. Hər zaman ana təbiətimizin vurğunu və tədqiqatçısı kimi, respublikamızın müxtəlif bölgələrinə səfər etdikdə torpaq-bitki aləmində yeni-yeni sirli möcüzələrlə rastlaşmışıq.
Bu gözəllik səltənətini arandan yüksək dağlıq bölgələrinə qədər ərazidə yayılmış müxtəlif dərəcəli təbii münbitliyə malik çoxsaylı tip, yarımtip və növlərdən ibarət torpaq örtüyü və onların sinəsində yayılmış çoxnövlüyü və al-əlvanlığı ilə Yer kürəsinin subtropik qurşağı içərisində xüsusi çəkisi olan bitki örtüyü yaratmışdır. Biz bu qeydlərimizdə respublikamızın ərazisində yayılmış çoxsaylı taksonomik vahidli torpaq və bitki örtüyü haqqında söhbət açmaqla oxucuları yormaq fikrində deyilik. Lakin onu demək istərdik ki, təbiətin bizə bəxş etdiyi torpaq-bitki sərvətlərin ilk növbədə xarici düşməndən, mənfi fəsadlı proseslərdən və həm də bəzilərinin torpaq-bitki sisteminə amansız, bəzən də şüursuz və kortəbii təsirlərindən qorumağı bacarmalıyıq. Bu məqsədlə 2000-ci ilin əvvəllərindən başlayaraq (qlobal və regional) istiləşmənin yüksələn xəttlə davam etməsi prosesinə əsaslanaraq respublikamızın ərazisinin şərq yarısında, xüsusən Xəzəryanı ovalıq, düzənlik və dağətəyi təpəli, tirəli maili düzənlik relyef quruluşuna malik bölgələrində torpaq-bitki sistemində baş verən təbii və antropogen dəyişikliyin istiqamətini müəyyən etmək üçün nəzarət müşahidələrinin (monitoriq) aparılması ilə məşğul oluruq.
Torpaq aləmində baş verən dəyişikliklər
Biz respublikamızın bu bölgələrində relyefin hipsometrik yüksəkliyi və landşaftın ünsürlərinin tarixən inkişaf edib formalaşması prosesləri haqqında məlumatların geniş təfsilatına varmağı lüzumsuz hesab edirik. Düşünürük ki, bu barədə əhali arasında lazımi səviyyədə məlumat vardır. Təbiət hadisələrinin inkişaf istiqamətləri üzrə tədqiqat aparan alim-mütəxəssislərin müşahidələrindən məlum olmuşdur ki, torpaq, subtropik landşaft qurşaqlarında yayılmış ərazilərin ətraf mühitində, xüsusən onu əhatə edən hava okeanında insaları narahat edən proseslər baş verir. Ağır, yüngül və yeyinti sənayesinin XX əsrin ikinci yarısından başlayaraq, yüksələn xəttlə inkişafı ilə əlaqədar olaraq havaya küllü miqdarda qaz, toz, tüstü, his, emisiya, su buxarı halında tullantıların atılması və atmosferin bizə yaxın olan fəzasında Günəşlə Yer arasında optiki şüalanmada dövrü olaraq böhranlı vəziyyətin meydana gəlməsi ilə həyatda özünü təcrübi olaraq qabarıq şəkildə büruzə verən mənfi fəsadlı proseslərin şahidi oluruq.
Bununla əlaqədar respublikamızın ərazisində, onun təbiətində nələr baş verdiyinin təhlilinə keçməzdən öncə onu deyək ki, 2008-ci ilin əvvəlindən bəri dövrü mətbuatda –qəzetlərdə və digər KİV orqanlarında ətraf mühitin ekoloji durumuna həsr olunmuş yazıları araşdırmağı qərara aldıq. Məlum oldu ki, həmin dövrdə müxtəlif ixtisas sahibləri tərəfindən ətraf mühitin ekologiyasına aid respublikanın gündəlik mətbu vasitələrinin səhifələrində müxtəlif mövzularda 100-dən çox məqalə dərc olunmuşdur. Həmin məqalələrin, məzmun, məna və sahə istiqamətləri üzrə 6 qrupa ayrıldığı müəyyən edildi. Onların içərisində ətraf mühitin qorunması problemi “Meşələrin qorunmasının və yaşıllıqların salınmasının zəruriliyi”, “Texnogen pozulmuş torpaqların rekultivasiyasına və həmin yerlərin meşələşdirilməsinə adi işlər” və “Torpaqların münbitliyi haqqında” Azərbaycan Respublikasının Qanunu təşkil etmişdir.
Düzdür, respublikamızın ərazisində, xüsusən Abşeron rayonunda və onun yarımada hissəsində ətraf mühitin ekoloji durumunun yaxşılaşdırılması barədə möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün komplkes Tədbirlər Planı” və “Azərbaycan Respublikasında ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa dair Milli Proqram” və s. fərman və sərəncamlar verilmişdir. Bu kimi dövlət sənədlərini və 2020-ci ilin sonuna qədər aparılan işləri nəzərə alaraq, respublikamızın ərazisində insanların rifah halının yaxşılaşdırılması və sağlam təbii mühitdə yaşamlarının təmin edilməsi məqsədilə dövlət səviyyəsində 2010-cu il Ekologiya ili” elan edilmişdir. Bu, olduqca böyük humanist, vətənpərvər və insanpərvərlik baxımından bəlkə də ən alicənab bir addım kimi qiymətləndirilməlidir.
Burada biz əsas məqsəd kimi respublikamızın ekoloji durumuna aid yazılan məqalələrin məzmununu təhlil edib, onlar haqqında mənfi və ya müsbət rəy söyləmək fikrində deyilik. Ancaq qısaca olaraq onu demək istərdik ki, dünya ictimaiyyətində qəbul olunduğuna görə, ekoloji durumun vəziyyəti barədə fikir söyləmək üçün ekoloji aləmin çoxsaylı ünsürlərinin hər hansı coğrafi məkanda fəaliyyət göstərməsi üzərində ən azı 5-10 il müddətində elmi dəlillərə əsaslanan müşahidələr, təcrübələr, analitik təhlillər aparılmalıdır. Əgər hər hansı ölkədə və bölgədə iqlim şəraitində istiləşmə, eləcə də soyuqlaşma prosesləri gedirsə, bu halda havaya atılan müxtəlif tullantıların tərkibində hansı maddələr çoxluq təşkil edir və həmin yerin nə qədər hündürlüyündə atılan tullantılar hansı birləşmələri yaratdığı haqqında məlumat əldə olunmalıdır. Bundan başqa, həmin tullantıların yerin səthi ilə atmosfer arasında dövranı hansı istiqamətdə baş verməsi haqqında məlumatların əldə olunması iqlimşünas-ekoloqların müşahidələrinə əsaslandırılmalıdır. Çünki, belə müşahidə və təcrübələr aparılmadan yerüstü atmosferdə havaya atılan bütün tullantıların Yerin səthinə hansı formada və nə qədər töküldüyü, eləcə də həmin töküntülərin hansı fəsadlar yaratması barədə düzgün fikir söyləmək qətiyyən mümkün deyil.
Torpaqların daxilində və xaricdə bu proseslər mütəmadi olaraq yüksələn xətlə davam etdikdə əkin, örüş, otlaq və qeyri-təsərrüfat yerləri əvvəlcə deqradasiyaya, sonda isə səhralaşmaya məruz qalmaqla istifadə dövriyyəsindən çıxarılma təhlükəsi yaranır. Aparılan müşahidələrin nəticələrinə əsasən müəyyən edilmişdir ki, Qızılağac qoruğunda, Cənubi Muğanda, Cənub-şərqi Şirvanda, Abşeron rayonunun dənizsahili ovalıq hissəsində, Boğaz düzündə, Sumqayıt-Giləzi massivində torpaqların səthində qurulaşma və bununla əlaqədar dövrü olaraq quru xassəli küləklərin əsmə intensivliyi yüksəldiyinə görə bitki örtüyündə su-bataqlıq fitosenozu çox yerlərdə azalmaqla onları quraqlıq və duzadavamlı ot bitkiləri əvəz etmişdir. Digər ərazilərdə isə bitki örtüyündə həddən artıq seyrəlmə baş vermişdir. Belə yerlərdə yazın əvvəllərində və payızın sonlarında havanın hərarətinin aşağı düşməsi və yağıntıların bir qədər çox olması səbəbindən qısa vegetasiya dövrünə malik efemer və efemeroidler inkişaf edir. İlin isti mövsümündə yağıntıların tələb olunan həddən az düşməsi, torpaqların 0-30 santimetrlik biogen qatında hərarətin yüksəlməsi nəticəsində suda asan həll olunan toksiki duzların həmin biogen qatda çoxalması ilə bitkilərin suvarma və əlavə rütubət yaradan mənbə olmadıqda bu proses uzun müddət davam etdikdə ağır qranulometrik tərkibli torpaqlarda bitkilər tamamilə məhv olur. Bundan sonra torpağın səthində parket döşəməsi formasında takırlı örtük meydana gəlir ki, bunlar da Boğaz düzündə və Sumqayıt-Şurabad massivində geniş yayılmışdır. Ələt-Xıdırlı kəndi və Şirvan qoruğu massivi isə torpaq qatı quraqlıqla əlaqədar külək eroziyasına daha çox məruz qalmışdır.
Qızılağac qoruğu və Cənubi Muğan massivində 7,5 min hektar sahədə 10-15 il bundan qabaq torpaqlarda bu və ya digər dərəcədə şorlaşma baş vermiş, Ələt-Xıdırlı massivində 1,5 min hektar ərazidə külək eroziyasına məruz qalmaqla torpaq örtüyünün məhsuldar qatı tamamilə sovrulmuş, Sumqayıt-Şurabad massivində isə 1,5 min hektara qədər sahədə isə torpaqlar takırlaşmaya məruz qalmışdır. Boğaz düzü-Giləzi, Xırdalan-Cəngi massivində təbii yem sahələrində ot örtüyü iqlimdə qurulaşma və insanların texniki (yol infrastrukturunun tikintisi ilə bağlı) təsirləri nəticəsində yarımsəhra landşaftının 90 faizdən çoxu deqradasiyaya məruz qalmışdır.
Belə təbii və antropogen proseslər zəif və orta dərəcədə Kür-Araz ovalığında və onun qovşağındakı dağətəyi təpəli maili düzənliklərdəki torpaqlarda da müşahidə edilməkdədir. Bu bölgələrdə becərilən və təbii yem sahələrində növbəli əkin və otarma sisteminin tətbiq edilməməsi, suvarma sularının çatışmazlığı, eləcə də onlardan mütərəqqi üsullardan istifadə edilməməsi nəticəsində 3495664 hektar torpaq sahəsinin 3216132 hektarı müxtəlif dərəcədə şorlaşmaya, şoranlaşmaya, şorakətləşməyə və səthi yuyulmalarla (eroziyaya) məruz qalmışdır. Bu proseslərin baş verməsində insanların torpaqlarda əkin-becərmə işlərini apardıqda, ilk növbədə, üzvi və mineral gübrələrdən kortəbii halda istifadə etmələri, torpaqların aqronomik xassələri haqqında məlumatların (xüsusən torpaq xəritələrinin) olmaması əsas rol oynamışdır.
Torpaqların münbitsizləşdirilməsində digər antropogen bəlalardan da biri taxıl zəmilərində məhsul yığıldıqdan sonra sahənin amansızcasına od vurub yandırılmasıdır. Buna gələcəkdə qətiyyən yol verilməməlidir. Hesablamalara görə, məlum olmuşdur ki, hər hektar taxıl zəmisindən orta hesabla 3-4 ton saman-küləş kütləsi əmələ gəlir. Bir ton saman-küləş çöküntülərinin tərkibində mikroorqanizmlərin həyat fəaliiyəti üçün vacib olan 329,3 kq/ha sellüloza, 19,4 kq/ha yaş yağ, 81,6 kq/ha protein, 72,4 kq/ha makro-mikro elementlərlə zəngin kül vardır.
Analitik təhlillərdən məlum olmuşdur ki, bir ton taxılın məhsulu ilə hər hektardan bir vegetasiya dövründə 46 kq azot, 16 kq fosfor, 48 kq kalium gübrəsi torpağın canından çıxarılır. Həmin bitki altında becərilən torpaqlar mirkoorqanizmlərin üzvi gübrələrini parçalayır, fotosintetik fəallığın artması üçün lazım olan peyin verilmədikdən biogen xassəli karbon qazının miqdarı kəskin surətdə azalır. Araşdırmalardan məlum olmuşdur ki, məhsul yığıldıqdan sonra bitki qalıqlarının şumlama aparan zamanı şum altına verildikdə torpağın şum qatında mikroorqanizmlərin fəaliyyəti ilə bitki çöküntülərini üzvi mineral gübrələrinə çevirilir. Digər tərəfdən, bitki çöküntülərinin mikrobioloji və biokimyəvi proseslər nəticəsində əmələ gələn karbon qazı biogen xassəli olduğu üçün fotosintez prosesinin faydalılıq əmsalını 30-35 faiz çoxaldır.
Əgər əkin sahəsində meydana gələn bitki qalıqlarının həcmini hesablasaq görərik ki, hər hektar torpaqda bir vegetasiya dövründə nə qədər üzvi-mineral maddə toplanır. Torpaqdakı mikroorqanizmlərinin həyat fəaliyyəti gücləndikdə havadakı qaz qarışıqlarının tərkibindəki bir çox kimyəvi elementlərin oksigenli birləşmələri (NO2, CO2 CH4, SiO2 və s.) ildırım çaxmalarının müşayiəti ilə yaranan yağıntılar zamanı yağış və qar sularının tərkibindəki yuxarıdakı oksidlər torpağa daxil olmaqla ondakı azot, fosfor, kükürd və başqa oksidlərin aerob bakteriyalarının fəaliyyəti güclənir. Digər tərəfdən, bitkilər üçün lazım olan qida elementlərinin ehtiyatı çoxalır. Bəs, əgər atmosfer havasının tərkibindəki qida elementləri ilə torpaq mikroorqanimzləri arasında maddələr mübadiləsi olmasaydı təbii təsərrüfat yerlərində bitən bitkilərin qida mənbəyini nə təşkil edərdi? 2005-2010-cu illərdə respublikamızın müxtəlif bölgələrində və əsasən Bakı şəhərində yağan atmosfer çöküntülərinin (yağış və qar suları) üzərində apardığımız analitik təhlillərdən məlum olmuşdur ki, yağış və qar suları vasitəsilə ən çox azot, fosfor, kalium və kükürd oksidləri torpağa daxil olur.
2009-cu ilin yanvar ayında Lənkəranda yağan qar sularının tərkibində kükürd anhidridi ilə yanaşı atmosfer yağıntılarında toksiki xassələrə malik bir sıra metal oksidləri müşahidə edilmişdir. Nəticədə qar sularından istifadə edən yerli sakinlər arasında zəhərlənmə halları baş vermişdir. Odur ki, baxın, budur son dövrlərdə antropogen yolla atmosfer havasının çirklənməsinin göstəricisi bu qeydlərin əvvəlində dediyimiz kimi, mətbuatda gedən yazılarda ətraf mühitin ekoloji durumu haqqında çoxsaylı amillər, səbəblər və sair barədə fikir və mülahizələr söylənmişdir. Həmin yazıların müəllifləri ətraf mühitdə baş verən mənfi fəsadlı proseslərdən narahatlıqlarını bildirmişlər. Əlbəttə, bu çox yaxşı haldır. Bəzi yazarlar ekoloji vəziyyətin daha qorxulu həddə çatdığına görə “göz yaşı tökürlər”. Lakin respublikamızın təbiətində baş verən mənfi fəsadlı ekoloji proseslərin qarşısının alınması barədə həmin yazılarda hər hansı tərzdə, az da olsa, əməli təkliflərə rast gəlinib.
Torpaqlarda gedən səhralaşmanın qarşısının alınmasında yaşıllaşdırmanın rolu
Meşəliyin, kolluğun və ümumiyyətlə, yaşıllığın insan həyatında, onun həyat fəaliyyətinin dinamik inkişafında əhəmiyyətli rol oynaması haqqında dövrü mətbuatda çoxsaylı yazılar getmişdir. Ona görə də meşələrin və digər yaşıllıqların təbiətdəki rolu, əhəmiyyəti haqqında geniş təfsilata varmaq fikrində deyilik. Sadəcə olaraq, onu demək istərdik ki, meşənin qoynunda dünyaya göz açan, ömrümün uşaqlıq və yeniyetmə çağlarını meşələrin qoynunda keçirən mütəxəssislər kimi, respublikamıza Allah-taalanın bəxş etdiyi nemətin tədqiqi, öyrənilməsi, xəritələşdirilməsi və onlardan səmərəli istifadə olunması yolları barədə çoxsaylı təkliflər hazırlayıb onların həyata keçirilməsinə çalışmışıq.
İlk növbədə, onu demək istərdik ki, Vətənimiz meşə sərvəti ilə az təmin olunmuş ölkədir. Adambaşına orta hesabla kolluqları da nəzərə almaqla 1 hektar meşə sahəsi düşür. Meşə nəinki təbiətimizin gözəlliyi, madii nemətlərin yaradılmasında, eləcə də ölkəmizdə təmiz hava, içməli su və qida mənbəyini təşkil etməklə insanların estetik, tibbi-səhiyyə, etik və sağlamlıq baxımından normal həyat fəaliyyəti göstərməsində əvəzsiz rolu olduğu məlumdur. Bunun üçün ölkəmizdə meşə və kolluqların tutduğu torpaq sahəsi ümumi ərazinin orta hesabla 28-30 faizini təşkil etməlidir. Azərbaycanda bu göstərici 2013-cü il yanvarın 1-nə olan məlumata görə, orta hesabla 12 faiz təşkil edir ki, bu da qəbul olunmuş beynəlxalq normadan 2,3-2,5 dəfə azdır.
Son vaxtlar əhali artımı ilə əlaqədar yanacağa olan ehtiyacın artması, bölgələrdə meşələrdə yanacaq məqsədilə qırıntıların aparılması ətraf mühitdə insanların sağlamlığında mühüm əhəmiyyət kəsb edən tənəffüs mübadiləsində böhranlı vəziyyətin yaranması prosesi hamıya məlumdur. Meşə və kolluqların sahəsinin azalması, xüsusən yamaclı relyefə malik ərazilərdə ağac və kolların kütləvi şəkildə qırılması torpaq örtüyü üçün əsl təbiət bəlası hesab olunan səthi və qobu eroziyasının şiddətlənməsinə gətirib çıxarır.
Tədqiqatlardan məlum olmuşdur ki, meşə və kolluqlar leysan yağışları zamanı əmələ gələn sel axınlarının təsirindən yaranacaq eroziya prosesindən nəinki özlərinin altındakı torpaqları qoruyur, eləcə də ətrafdakı meşəsiz ərazilərdəki torpaq-bitki sistemində eroziya kimi dəhşətli proseslərin qarşısını alır. Hesablamalardan məlum olmuşdur ki, bir hektar torpağın səthini öz çətirləri ilə örtmə sıxlığına (4-5 bonitet ballı) malik meşə 100-150 hektar meşəsiz torpaq sahələrini səth yuyulmalarından mühafizə edir. Həmçinin digər tərəfdən bioloji müxtəlifliyin (al-əlvanlığın) növlərinin çoxalmasında mühüm rol oynayır.
Meşələrin bəşər cəmiyyətinin normal inkişafında oynadığı faydalı rolu haqqında çox yazılar yazılmış və fikirlər söylənilmişdir. Meşələrin bəzi bölgələrdə vəhşicəsinə qırılması haqqında xalqımızın məşhur yazıçı və şairlərimizin də diqqət mərkəzində olmuşdur. Yaşıllaşdırmaya aid xatirəmizdə qalan bir hadisəni burada qeyd etmək yerinə düşərdi. Yaşlı bağbanlar tərəfindən ətrafındakı meşəlikdəki təsərrüfatların talalarda və ya iri gövdəli ağaclardan seyrəlmiş yerlərdə bitmiş yabanı alma və armud pöhrələrin (tingilərin) sıx bitmiş yerlərdən çıxarmaqla tala və meşə seyrəklərində əkməklə onları mədəni alma və armud cinsləri ilə peyvənd (calaq) edərdilər. Peyvənd edilmiş həmin ağaclardan bir çoxu hal-hazırda bol bar verməkdədir.
Vaxtilə meyvə bağı olmayan kənd sakinləri həmin tingilərin böyüyərək verdiyi bardan uzun müddət faydalanmaları ilə yanaşı, yaşayış məntəqələrinin ümumi görkəmində gözoxşayan aqrolandşaft mənzərəsinin yaranmasının sanki əsası qoyulurdu. Həmin müdrik insanlara yabanı tingilərin meşənin qoynunda nə üçün peyvənd etdikləri barədə sual verdikdə “...Balalar, bu, həm bal verən arılar, həm meyvə ağaclarının bol barlı olmaları, həm də meşə heyvanlarının çoxalması üçündür”, – deyə bizi başa salardılar. Bu hadisələr keçən əsrin birinci yarısında baş vermişdirsə, onların indiki dövrdə həyata keçirilməsi daha aktual görünür. Ona görə də bu kimi işlər meşələrimizin tala və seyrəkləşmiş hissələrində həyata keçirilərsə, onu ölkəmizdə biomüxtəlifliyin qorunub saxlanılmasında əyani tədbir kimi qiymətləndirmək olar.
Keçmiş SSRİ dövründə respublikamızın pambıqçılıq və üzümçülüyün geniş yayıldığı ərazilərdə məhsul yığıldıqdan sonra sahələrdə qalan pambıq çöplərindən və üzüm plantasiyalarında üzüm tənəklərinin kobud budanması zamanı yaranan quru kütlələrindən alternativ yanacaq kimi istifadə edilməsi ilə meşələrdə ağacların qırılmasının qarşısının alınmasında mühüm rol oynayırdı. Lakin son dövrdə pambıq bitkisinin və üzüm plantasiyalarının sahələrinin kəskin azalması həmin bölgələrdə yaşayan əhalini yanacağa olan tələbatında həm iqtisadi, həm də ekoloji böhranın yaranmasına gətirib çıxarmışdır. Ona görə də meşə qırıntılarının qarşısının alınmasında yeganə yol əhalinin yanacaq-enerji mənbələri ilə etibarlı təminatı haqqında əsaslı dönüş yaradılmasına başlanılmışdır.
Məlum olduğu kimi, ölkəmizin həm isti iqlim qurşağında yerləşdiyinə, həm də meşəliklərlə az təminatlı olduğuna görə, əhalinin təbii sağlam ekoloji mühitlə zəif təmin olunma problemi ilə üzləşmə ehtimalı yüksəkdir. Bununla yanaşı, son onilliklərdə iqlim şəraitində istiləşmə ilə quraqlığın baş verməsi meşə və kolluqların yerləşdiyi təbii landşaft qurşaqlarda şaquli istiqamətdə yerdəyişmə ehtimalının çoxalması ilə əlaqədar meşəsalmada iqlim-torpaq amilinə xüsusi diqqət yetirilməlidir. Quraqlıqla əlaqədar meşə və kolluqların, dağların yamacı boyu yuxarıya daranması ilə meşəsizləşmə baş verir. Belə sahələrdən əkin və otlaq məqsədilə sistemsiz istifadə olunduğuna görə torpaqlarda leysan yağışları zamanı səthi yuyulmalar baş verir. Nəticədə torpaq-bitki sistemi üçün təbii fəlakət hesab olunan eroziya ilə birlikdə denudasiya prosesi baş verir. Bu hal dəfələrlə baş verdikdə torpağın məhsuldar qatı yuyularaq aradan çıxdığına görə torpaqlarda əvvəlcə deqradasiya, sonda isə səhra landşaftı yaranır.
Torpaqların səthi təbii və antropogen təsirlərlə çılpaqlaşdıqda (meşəsizlikdə) və bu, ələlxüsus insanların təsərrüfat fəaliyyəti nəticəsində baş verdikdə eroziya və denudasiya prosesləri daha dəhşətli olur. Bu hal ən çox alçaq və orta dağlıq qurşaqdakı (quru kollu kserofit meşələr zonasında) təsərrüfatlarda əkin-becərmə məqsədilə torpaq sahələrinin az olduğu hallarda meşə və kolluqlardan məhrum olmuş müəyyən maili yamaclarda daha intensiv getmiş və hal-hazırda da getməkdədir. Bu prosesin Talış-Lənkəran, Lerik-Cəlilabad, Goranboy-Gəncə-Şəmkir, Şamaxı-İsmayıllı, Xızı-Siyəzən-Şabran massivlərində dağətəyi və alçaq dağlıq qurşaqlarında müşahidə etmək olar. Məsələn Astara-Lerik rayonlarının alçaq dağlıq qurşağında meşəsizləşmiş sahələrdə torpaqlar əkin-becərmə işlərini dağ aqrotexniki qaydalarına müvafiq aparılmadığına görə o dərəcədə səthi yuyulmalara məruz qalmışdır ki, torpaqların dayağı olan döşəmə ana süxurları üzə çıxmışdır. Torpaqlarda yaranan bu xoşagəlməz hal yuxarıda sadaladığımız zonal bölgələrdə geniş yayılmışdır. Dağətəyi bölgələrdə yayılmış əkinaltı torpaqların şumlanmasında yamaclı relyef şəraitində müvafiq şumlama texnikasının olmaması və şumlamanı yamacın eni istiqaməti üzrə aparılması əvəzinə yanacağa qənaət edilməsi və s. səbəblərdən yamacın mailliyi istiqamətində, arabir bufer (şumlanmamış) zolaqların saxlanmaması hesabına torpaqlar səthi və qobu eroziyalarına məruz qalmışdır. Ona görə də bu cür relyef şəraitində yayılmış torpaqlardan əkin-becərmə məqsədilə istifadə etdikdə hökmən eroziyaya qarşı mübarizə tədbirlərinin hazırlanması nəzərə alınmalıdır. Odur ki, əkin-şumlama əməliyyatları müxtəlif mailliyə və ələlxüsus cənub baxarlı yamaclı relyef şəraitində yayılmış torpaqlarda aparılmasına ehtiyac vardırsa, bu halda torpaqların eroziyaya uğramaması üçün nə etməliyik sualı meydana gəlir.
Əgər yuxarıda göstərilən bölgələrdə yayılmış torpaqlarda istəsək ki, eroziya-denudasiya kimi dəhşətli proseslər baş verməsin, bunun üçün aşağıda göstərilən torpaqqoruyucu tədbirlərin həyata keçirilməsinin labüdlüyü meydana çıxır.
İlk növbədə dağətəyi və alçaq dağlıq qurşaqlarda yayılmış və əkinçilikdə intensiv istifadə olunan yamaclı sahələrdə hər 200-250 metrdən bir yamacın eni istiqamətində ətrafdakı xam yerlərdə bitmiş qaratikan, böyürtikan, göyəm və yemişan kollarından ibarət 5-10 metr enində yaşıllıq zolaqlarının salınmasının həyata keçirilməsi vacibdir Xam, biçənək və örüşaltı torpaqlarda isə hər 100-150 metrdən bir ot bitkiləri ilə çəmənləşmənin gücləndirilməsi məqsədilə bufer (xam zolaq) zolağı saxlanılmalıdır. Xam yerlərdə yaşıllaşdırma aparılarkən bufer və ya yaşıl zolaqlar arasında yaxşı olar ki, yabanı halda bitmə arealına malik dərman bitkilərindən (boymadərən, dağ keşnişi, dağ nanəsi, qırmızı saqqız, kəklikotu, çobanyastığı, kol bitkilərindən – qaratikan, quş armudu, itburnu) ibarət mikro qoruq və yasaqlıqların yaradılması ilə üç istiqamətdə: dərman bitkilərinin ehtiyatının artırılması, eroziyanın qarşısının alınması və bioloji müxtəlifliyin (əlvanlığın) qorunması kimi səmərə əldə olunur.
Avropanın cənubunda, Orta Asiya dövlətlərində və xüsusən Rusiya Federasiyasının Şimal Qafqaz vilayətlərində eroziyaya qarşı yuxarıda göstərilən tədbirlərin həyata keçirməsi ilə taxıl məhsulunun yığımından 30-35 faiz səmərə əldə edildiyi öz təsdiqini tapır.
Respublikamızın orta və yüksək dağlıq qurşaqlarında yayılmış torpaq-bitki ekosistemində bitən dərman bitkilərini çıxmaq şərti ilə əkinçilikdə və başqa məqsədlə kənd təsərrüfatında istifadə olunan dağətəyi və alçaq dağlıq qurşaqlarda 64 növ ot, 30-dan çox ağac və kol bitkiləri yayılmışdır. Ona görə də istehsalat fəaliyyəti torpaq becərmə və meşəçilikdə məşğul olan əkinçi, meşəçi və loğmanlar birləşərək təbii torpaq-bitki sərvətini təbiətin amansız təsir amillərindən qorunması üçün öz qüvvələrini birləşdirməlidirlər.
Yaxşı olar ki, həmin bölgələrdə əkinçi, meşəsi və qeyri təbiət sahəsinin mütəxəssisləri birləşərək “Təbiətin keşiyində” və ya “Loğman” adlı cəmiyyət, eləcə də assosiasiyalar yaradılsın. Onların ilkin fəaliyyəti üçün dövlət himayəsi sonralar isə özünü maliyyələşdirmə fəaliyyətinə keçirilməsini təşkil etmək olar. Ağac və kol bitkilərindən ibarət yaşıllaşdırma assortimentinin yaradılmasında, xüsusən meşə talalarında, seyrəkliklərdə, meşə-kol növlərindən ibarət torpaq-müdafiə zolaqları salınarkən 100 faizə qədər bitişin alınmasına nail olunmuşdur.
Təyinatından asılı olmayaraq ağac və kol cinslərini torpağa necə gəldi “sancmaq” yox, torpaqda əkiləcək ağac və kol cinslərinin normal bitməsinə imkan verən mühit yaradılmalıdır. Bunun üçün nə etməli? Yenə də onu qeyd etmək istərdik ki, çoxsaylı təcrübələrdən məlum olduğu kimi, ağac və kol növlərindən ibarət fidanlar əkilməmişdən əvvəl torpaqlar hökmən aqrokimyəvi və fiziki-kimyəvi təhlil edilməklə onların aqronomik xassələri haqqında məlumat əldə edilməlidir. Bu halda torpaqaltı süxurların mexaniki, litoloji və petroloji xassələri öyrənilməlidir. Bu tədqiqatlar dağətəyi təpəli maili düzənliklərdə yaşıllaşdırma işləri aparılan zonalarda hökmən lazımdır. Ona görə ki, respublikamızın bu zonalarındakı torpaqların məhsuldar qatının aşağı qatında və torpaqaltı süxurların tərkibində suda asan həll olunan və ağac, kol bitkilərinin kök sisteminin normal inkişafına mənfi təsir göstərən məlumat əldə olunmalıdır. Bu ona görə lazımdır ki, torpağın həmin qatında və süxurların tərkibində toksiki duzların miqdarı yol verilən həddən (YVH) 0,25-0,50 faiz və ondan çox olduqda, eləcə də atmosfer yağıntılarının miqdarı torpaq səthində mümkün buxarlanan rütubətin orta illik miqdarından 2, 2,5 dəfə az olduqda əkiləcək ağac və kol növlərinin normal bitməsində əngəllər yaranır. Belə halların baş verməməsi üçün ilk növbədə əkiləcək ağac və kol növləri torpaq-iqlim şəraitinə müvafiq qaydada seçilmişdir.
Torpaq-qruntun tərkibində şorluluq YVH-dən çox olduqda hökmən məhəlli “quru” və ya kimyəvi meliorasiya tədbirləri həyata keçirilməlidir. Sulama imkanı olan zonalarda isə hökmən əkilmiş ağac və kol növlərindən ibarət yaşıllıqlar ilin quraq keçən mövsümündə (iyul-avqust) suvarılma həyata keçirilsə yaşıllıqlardan normal bitki təmin edilir. Əgər bu tədbirlə aqronomik qaydada 3 il müddətində həyata keçirilərsə, yaşıllıqların etibarlı inkişafı təmin olunar.