Adətən, kiçik sandığımız şeylər diqqətdən qaçar, onlar bizə əhəmiyyətsiz görünər. Yaxud bir problemin həlli üçün önə çəkdiyimiz tədbirlər özümüzlə yanaşı, bütün bəşəriyyət üçün fəlakətə çevrilər - əllərimizi yuyarkən boşuna axıtdığımız su kimi

Bu gün su israfı dünyanın ən böyük problemlərindən biridir. Koronavirus pandemiyası ilə əlaqədar olaraq virusdan qorunmaq üçün başladılan "təmiz əllər" kampaniyası çərçivəsində də suya tələbat kifayət qədər artıb. Yəni, öncəkindən fərqli olaraq insanlar daha tez-tez əl yumaq məcburiyyətində qalırlar.

Həkim, arxiv şəkli
 

Sputnik Azərbaycan dünyada su israfının həddini və bunun qarşısının alınması üçün görülən tədbirləri araşdırıb.

Bu gün dünyada hər altı nəfərdən biri təmiz su çatışmazlığından əziyyət çəkir. Bunun da səbəbi hər gün 2 milyon tondan artıq kanalizasiya, sənaye, kənd təsərrüfatı sularının dünya sularına, dənizlərə axıdılmasıdır. Hətta buna görə şirin su hövzələrində olan balıqların 20 faizindən artığının nəsli kəsilmək üzrədir. Dünyanın bir hissəsində insanlar su tapmaq, susuzluqdan ölməmək üçün mübarizə aparır, digər bir hissəsində isə suyu israf edirlər. Planetimizdə ən çox susuzluqdan əziyyət çəkən Cənubi Afrikanın Kape adlı ərazisidir.

Ümumilikdə bu gün dünyadakı suyun həcmi 1.4 milyard km3 civarındadır. Yer üzünün 75 faizini okeanların duzlu suyu örtür, şirin suyun qədəri isə cəmi 2.5 faizdir. Atmosferdəki suyun isə təxminən 15 faizi bitkilərin sayəsində yaranır.

BMT-nin məlumatına görə, qlobal su sərfi son 100 ildə 6 dəfə artıb.

Araşdırmalara görə, qlobal su sərfiyyatının 69 faizi qida və kənd təsərrüfatı, 19 faizi enerji, ticarət və sənaye sektorlarında, 12 faizi isə məişətdə istifadə olunur.

ÜST-ün açıqlamasına görə, Avropa Birliyi ölkələri arasında Finlandiya ən yüksək şirin su ehtiyatlarına (hər bir sakin üçün uzunmüddətli olaraq ortalama 19 950 m³ ) sahibdir. Ondan sonrakı yerdə isə İsveç qərarlaşıb (19 410 m³).

Maraqlıdır, ölkəmizdə durum necədir?

Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun şöbə müdiri Mirnuh İsmayılov Sputnik Azərbaycan-a açıqlamasında bu istiqamətdə olan problemlərdən və görülməsi vacib işlərdən danışıb:

"Bizim cəmi 31 kub kilometr su ehtiyatımız var ki, bunun da 23 kub kilometri xarici ölkələrdə formalaşır. Su ehtiyatının təxminən 70 faizindən çoxunun ölkə xaricində toplanması bizim üçün müəyyən problemlər yaradır. Hazırda ölkəmizdə formalaşan su ehtiyatının ümumi miqdarı 7-8 kub kilometr arasında dəyişilir. Lakin bizim illik olaraq su sərfiyyatımız 13 kub kilometrdən çoxdur. Belə çıxır ki, bizim sərfiyyatımız daxili mənbələrimizdə olan sudan daha çoxdur. Bu isə bizim daha ciddi su problemlərimizin olması deməkdir".

"Daxili mənbələrdə olan suyun əsas hissəsi suvarmaya gedir. Azərbaycanda əsas əkinçilik rayonları quraq ərazilərə təsadüf etdiyi üçün yay aylarında bu ərazilərdə havanın daha isti olması əlavə suvarma tələb edir", - deyə o əlavə edib.

M.İsmayılov bildirib ki, xarici mənbələrdə yaranan su ehtiyatlarının ölkəmizə gəlməsində də müəyyən problemlər var. Tranzit çaylarda su ehtiyatlarının azalmasının müşahidə olunduğunu deyən mütəxəssis Qabırlı çayı ilə bağlı problemlərə də toxunub: "Gürcüstanda formalaşan, Azərbaycanın 5-ci ən böyük çayı olan Qabırlı çayı üzərində gürcülər müəyyən qədər su anbarları tikiblər. Məhz su anbarlarına suyun yığılması ilə Azərbaycana, Qabırlı çayına gələn su azalır. Bu isə həmin çayın ətrafındakı kəndlər üçün ciddi problemlər yaradır. Artıq Ceyrançöl düzünün şərq hissəsində xüsusi suvarma sistemləri yaradılır. Bu suvarma sistemlərini də Qabırlı çayı ilə təmin etməyə çalışırlar".

"İranın Araza tökülən çaylar üzərində su anbarı yaratması ilə onun su sərfiyyatında müəyyən dəyişikliklərin olması da Azərbaycana təsirsiz ötüşmür. Bundan başqa, İrandan başlayaraq bizim ərazimizə gələn Bolqarçayın üzərində Azərbaycan tərəfindən qurulan su anbarlarında, demək olar ki, su yığılmayıb. Əsas su arteriyalarımız tranzit çaylardır. Həmin çaylardan gələn sularla bağlı gələcəkdə ciddi problemlər yarana bilər", - deyə AMEA rəsmisi əlavə edib.

Reanimasiyada COVİD-19 xəstəsi, arxiv şəkli
 

M.İsmayılov paradoksal vəziyyətdən danışır: "Bizim mövcud su ehtiyyatlarımız artmasa da, əhalinin sayı artmaqdadır. Azərbaycanda ciddi su problemlərinin yaranmaması üçün bir sıra tədbirlərin görülməsi vacibdir. Suya az tələbatı olan kənd təsərrüfatı sahələrini inkişaf etdirmək, həmçinin bu sahələri ixraca deyil, daxili tələbata yönəltmək lazımdır. Böyük su sərfiyyatı tələb edən pambıqçılığı inkişaf etdirmək, onu irəli aparmaq, kənd təsərrüfatında bu sahəyə xüsusi üstünlüyün verilməsini düzgün hesab etmirəm. Suvarma əkinçiliyinin daha da gücləndirilməsi və iqtisadiyyatın bu istiqamətdə qurulması əvəzinə, daha çox texnoloji sahələrin inkişafı vacibdir. Çünki su ehtiyatı dövlətin iqtisadi strukturunun formalaşmasında da ciddi rola malikdir. Xüsusən də Bakının su ilə təminatı üçün müxtəlif layihələr həyata keçirilməlidir. Samur-Yalama zonası ətrafında da kifayət qədər su ehtiyatı var, bundan da bəhrələnmək, yeni su kəmərləri çəkmək olar".

Ümumdünya Səhiyyə Təşkilatına görə, təməl ehtiyacların qarşılanması üçün 25 litr su kifayət edir. Bəs, 25 litr su nədir, yaxud da hansı əhəmiyətə malikdir?

25 litr su:

Duş almağa başladığınız ilk dəqiqədə sərf olunan sudur

Dişlərinizi fırçaladığınız müddətdə açıq qalan krandan 2 dəqiqə ərzində axan sudur

Əldə çirkli bir şeyi yuyarkən 2 dəqiqədə sərf olunan sudur

Ev təmizliyi üçün istifadə olunan 2 vedrə sudur

İki dəfə sifonu çəkdikdə sərf olunan sudur

Bir avtomobilin yuyulması zamanı sərf olunan suyun yarısıdır

4 nəfərdən ibarət ailənin günlük olaraq yemə-içmədə xərclədiyi sudur

8 kilo həcmində paltaryuyan maşının sərf etdiyi suyun yarısıdır.

Laboratoriya
Bu gün dünyada əhalinin sayının artması ilə əlaqədar olaraq suya da tələbat artır. Eyni zamanda suyun kor-koranə istifadəsi, israfı da artır. Bunu dəyişdirmək isə bizim öz əlimizdədir.

"Necə?" sualına isə dünyanın inkişaf etmiş ölkələri belə cavab verir:

Su sərfiyyatının azaldılması üçün vətəndaşlarına daha az geyim almağa, əllərində olan geyimlərlə kifayətlənmək məsləhət görülür. Buna da səbəb tək bir köynəyin istehsalı üçün 2 min 700, bir dəst geyimin hazırlanması üçün 10 min 300 litr suyun sərf olunmasıdır. Bundan başqa, 1 kiloqram pambığın istehsalı 10 min litr suyun sərfiyyatı deməkdir.

Daha az su sərf edən sifon, duş başlıqlarından istifadə etmək məsləhət görülür. Bu isə hər gün 4 nəfərlik bir ailə üçün 100 min litr su qənaəti deməkdir. Eyni zamanda da əsas su israfının yol verildiyi məqamlarda lazım olmadıqda suyu bağlamaq, buz qalıqlarından və yağış sularının yığılması üçün çəlləklərdən istifadə tövsiyə olunur.

Kranı bağladıqdan sonra suyun damcılamamasından əmin olmaq lazımdır. Çünki saniyədə bir damcının axması gündəlik olaraq 19 litr suya bərabərdir.

Bəs siz gün ərzində nə qədər su israf edirsiniz? Ya da gündəlik nə qədər su sərf etdiyinizi hesabladınızmı?

Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun

 şöbə müdiri Mirnuh İsmayılov 

 10.04.2020

Sputnik.az

Nigar İsgəndərova