Respublika Prezidenti İlham Əliyevin 27 iyul 2020-ci il tarixli Sərəncamı ilə Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün tədbirlər planı təsdiq edilib.

7 bölmədən ibarət sənəddə su ehtiyatlarının qiymətləndirilməsi, mühafizəsi, su təsərrüfatının elektronlaşdırılması, suvarma üçün sudan səmərəli və qənaətlə istifadənin təmin edilməsi, su ehtiyatlarının yaradılması, içməli su təchizatı sisteminin təkmilləşdirilməsi və s. məsələlər öz əksini tapıb.

Ölkə başçısı iyulun 23-də su təsərrüfatının vəziyyətinə həsr olunmuş videomüşavirədə söylədiyi giriş nitqində ölkənin su təchizatı məsələlərinə münasibət bildirib, vəziyyətlə bağlı narahatlığını ifadə edib. O bildirib ki, ölkəmizin inkişaf proqramına uyğun olaraq infrastrukturla bağlı problemlər tədricən aradan qaldırılmağa başlayıb, ölkənin enerji təsərrüfatı və nəqliyyat infrastrukturu müasirləşib, qazlaşdırmanın səviyyəsi 96 faizə qalxıb. Son illərdə sırf yerli mənbə üzərində inşa edilmiş və Azərbaycanda nəhəng su layihəsi olan Oğuz-Qəbələ-Bakı su kəmərinin həyata keçirilməsi, yeni su anbarlarının tikintisi və yenidən qurulması, müasir təmizləyici qurğuların inşa edilməsi ölkənin içməli su ilə təminatında əhəmiyyətli rol oynayır. Regionların sosial-iqtisadi inkişafına dair birinci Dövlət Proqramının qəbul edildiyi 2004-cü ildən Azərbaycanda içməli su ilə təminat 40 faiz səviyyəsində idisə, bu gün bu rəqəm 70 faizə, Bakı şəhərində əhalinin içməli su ilə təminatı 29 faiz idisə, bu gün təxminən 82 faizə çatdırılıb.

Son illərdə bu sahədə görülən işləri, irimiqyaslı layihələrin həyata keçirilməsini yüksək qiymətləndirən, alınan böyük nəticələri tarixi nailiyyət adlandıran Prezident, eyni zamanda, bu rəqəmlərin istənilən nəticəyə hələ nail olunmadığının göstəricisi olduğunu da vurğulayıb: “Su həm həyatdır, həm inkişafdır, həm təhlükəsizlikdir. Ona görə bu məsələlərə laqeyd yanaşmaq olmaz. Azərbaycanda insanların sağlamlığına, eləcə də kənd təsərrüfatının inkişafına təsir edən içməli su və suvarma suyu ilə təminat 100 faiz olmalıdır”.

Hər bir sahədə olduğu kimi, su idarəçiliyi sahəsində də yüksək məlumatlı olduğunu bir daha nümayiş etdirən ölkə başçısı su qıtlığı, quraqlıq, iqlim dəyişmələrinin su ehtiyatlarına təsiri, yağıntıların və çaylarda sululuğun azalması, suvarma işlərinin vəziyyəti, əlavə su mənbələrinin müəyyən edilməsi, su resurslarıının ekoloji tarazlığa təsiri, su ehtiyatlarından səmərəli istifadə, suyun təkrar emalı, su ehtiyatlarının qiymətləndirilməsi və s. bu kimi məsələlərə toxunub, aidiyyəti qurumların bu sahədə hələ çox işlər görməli olduqlarını xüsusi qeyd edib.

Prezidentin Sərəncamı ilə su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, su təsərrüfatının idarə olunmasının təkmilləşdirilməsi və bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə komissiya yaradılıb ki, onun tərkibinə AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov da daxil edilib.

Alimin rəhbərlik etdiyi Coğrafiya İnstitutu uzun illərdir, digər sahələrlə bərabər, Azərbaycanda su problemləri, iqlim dəyişiklikləri, quraqlıq, çayların vəziyyəti, dəniz səviyyəsinin tərəddüdləri, ekoloji tarazlıq, yağıntılar, ətraf mühitin mühafizəsi, torpaq sürüşmələri, daşqın, sel təhlükələri və s. bu kimi əhalini daim düşündürən və narahat edən məsələlərlə məşğul olur. Qabaqcadan proqnozlaşdırıla biləcək təhlükəli hadisələr İnstitut alimləri tərəfindən müəyyən olunur və bu haqda əlaqədar qurumlar dərhal xəbərdar edilir, elmi araşdırmalardan sonra qarşısıalınmaz hadisənin törətdiyi itkilərin minimuma çatdırılması üçün tədbirlər planı hazırlanır.

Prezident İlham Əliyevin giriş nitqində toxunduğu çaylardakı azsululuq problemi ilə əlaqədar Coğrafiya İnstitutunda tədqiqat qrupu yaranmış, direktor, akademik Ramiz Məmmədov başda olmaqla, coğrafiya elmləri üzrə fəlsəfə doktorları, elmi işlər üzrə direktor müavini, dosent Məhərrəm Həsənov və şöbə müdiri, dosent Mirnuh İsmayılov iyun ayının əvvəllərində 3 gün müddətində Kür boyunca yerləşən yaşayış məntəqələrinə ezam olunmuşlar. Tədqiqat qrupu yaranmış su problemini araşdırmış, Kür çayının aşağı axınında suyun azalmasının və dəniz suyunun çay dərəsinə dolmasının səbəblərini müəyyən edərək tövsiyə tədbirləri hazırlamışdır. Mütəxəssislər təyin ediblər ki, Xəzər dənizi səviyyəsinin dövri olaraq qalxıb-enməsi ilə əlaqədar, aşağı axında çayda dib eroziyasının tez-tez dəyişməsi və çay dərəsinin dibinin dəniz səviyyəsindən aşağı düşməsi, Kür çayının bu hissəsində asılı materialların kəskin azalması, çay yatağının relyefinə kəsilən Xıllı basdırılmış qalxmasının təsiri ilə süxur laylarının qırışması və yataqda gedən eroziya proseslərinin dəyişməsi, Xəzər dənizinin Neftçala sahilləri üçün xarakterik olan şərq, şimal-şərq və cənub-şərq istiqamətli küləklərin təsiri ilə dəniz suyunun Kür çayının mənsəbinə və yataqboyu çay axınının əksinə qovularaq çay məcrasının doldurulması, Kür və Araz çayları boyunca, eyni zamanda, Kürün qolları üzərində mövcud olan qum-çınqıl karxanalarının təsiri, Kür çayının su potensialı ilə istehlakçı arasında münasibətlərin düzgün idarə edilməməsi kimi məsələlər problemin yaranmasına səbəb olan amillər olub.

Alimlərimiz bir ay müddətində təkcə Kürlə əlaqədar yaranmış içməli su problemi haqqında müxtəlif televiziya kanallarında böyüklü-kiçikli, 20-dən artıq çıxışlar ediblər ki, bu da Prezidentimizin su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi sahəsində görülən işlər barədə ictimaiyyəti məlumatlandırmaq və maarifləndirmək haqqındakı tövsiyəsi ilə üst-üstə düşür.

Azərbaycanda su ilə bağlı problemlər Coğrafiya İnstitutunun daim diqqət mərkəzində olub. Məlumdur ki, Azərbaycanın su ehtiyatlarının 70 faizi transsərhəd sulardan asılıdır. Ona görə bu problem ölkədə həmişə olub və getdikcə də kəskinləşir. Hələ 2013-2014-cü illərdə Coğrafiya İnstitutu ilə AR Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi ilə birgə təşkilatçılığı əsasında Azərbaycanda su problemlərinə həsr olunmuş 2 Beynəlxalq elmi-praktiki konfrans və “Dəyirmi masa”, forum, eləcə də bu günə qədər onlarca elmi seminar keçirilmişdir. Hələ onda ölkədə su qıtlığı özünü kəskin büruzə vermirdi, lakin coğrafiyaçı alimlər uyğun tədbirlər görülməsə, yaxın gələcəkdə bu problemin kəskin hal alacağını proqnoz etmişdilər. Akademik Ramiz Məmmədov və coğrafiya üzrə elmlər doktoru, hidroloq Rəna Bəyim Qaşqay dünya miqyasında və Azərbaycanda içməli su qıtlığının yaranması və bu problemin siyasi-iqtisadi təzyiq vasitəsinə çevrilməsinə gətirib çıxaracağını proqnozlaşdırmış, sudan səmərəli istifadə barədə öz təkliflərini vermişdilər. Su ilə bağlı tədbirlərdə həmsərhəd ölkələrin tranzit çay sularının həddindən artıq çirklənməsi məsələsi coğrafiyaçılar tərəfindən dəfələrlə müzakirə olunub. 1980-ci illərin sonlarından bu dövlətlərin heç bir müəssisəsində təmizləyici qurğular işləmədiyindən həmin dövlətlərin ərazisindən atılan çirkab sularını qəbul edən transsərhəd çaylar ekoloji təcavüzə məruz qalır. Çay suyunda olan zərərli kimyəvi maddələrin miqdarı qəbul olunmuş son həddən 20 dəfə, mədə-bağırsaq basilləri, bakteriyalar isə 100 dəfələrlə artıqdır. Alimlər Ermənistan və Gürcüstan respublikalarının transsərhəd suların istifadəsində məsuliyyət daşımaları üçün onların Beynəlxalq Konvensiyaya qoşulmalarını zəruri hesab edirlər.

Akademik R.Məmmədovun təşəbbüsü ilə 2018-ci ildə sudan istifadə sahəsində maarifləndirmənin təşkilinə, mütəxəssislərin biliklərinin artırılmasına kömək məqsədilə “Sudan İstifadə sahəsində mütəxəssislər” İctimai Birliyi yaradılıb ki, bura Azərbaycan Respublikasının şirin su resurslarına səlahiyyətli təşkilat və nazirliklərinin aparıcı mütəxəssisləri cəlb olunub. Onların birgə fəaliyyətini təmin edən və koordinator rolunu oynayan İctimai Birliyin mütəxəssisləri qurum rəhbəri R.Məmmədovun həmişə diqqət mərkəzində olan Azərbaycanın su balansının təyin edilməsi üzrə layihənin, eləcə də “Su çatışmazlığı olan inzibati rayonların su təchizatı problemləri”, “Su qıtlığından əziyyət çəkən bölgələrdə kiçik su anbarlarının yaradılması”, “Çirkab suların təmizlənməsi”, “Abşeron ərazisində yerləşən göllərin müasir vəziyyəti”, “Dağlıq Qarabağın işğal olunmuş ərazilərində su resursları və su mənbələri” mövzularında layihələr hazırlayırlar.

Təsadüfi deyil ki, Coğrafiya İnstitutunun alimləri sözügedən problemlər üzrə yaradılan dövlət komissiyalarının tərkibinə daxil ediliblər. Okeanologiya sahəsində görkəmli alim, akademik R.Məmmədov bu ilin aprel ayında su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, su təsərrüfatının idarə olunmasının təkmilləşdirilməsi və bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə yaradılmış komissiyanın üzvü olaraq, Prezidentin 2020-ci il 27 iyul tarixli Sərəncamına əsasən təsdiq edilmiş “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planı”na salınmış Xəzər dənizinin suyundan istifadə ilə bağlı təkliflər hazırlayacaq.

Xanım RZAZADƏ,

AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu

İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri.

Respublika qəzeti