Nuru itmiş gözlərin işıqlı axtarışları - <b style=

Müəyyən bir yaşdan sonra dünya işığına həsrət qalmaq insan üçün, xüsusən də yaradıcı insandan ötrü çox acı bir sınaqdır. Bu dərdə qalib gəlməyin yeganə yolu, ruhdan düşməmək, çalışmaq, yazmaq-yaratmaqdır. Tarix boyu dünyada kor olandan sonra da yaradıcılığını davam etdirən, hətta dahilik səviyyəsinə yetişən neçə-neçə insanlar yaşamış və indi də yaşamaqdadır. Hələ orta məktəbdən "İlliada" və "Odisseya" kimi məşhur poemaların müəllifi, qədim yunan şairi Homeri, gəncliyimizin ən oxunaqlı romanlarından olan "Polad necə bərkidi" romanının müəllifi Nikolay Ostrovskini, dahi alman bəstəkarı Sebestyan Baxı, qeyri-evklid həndəsəsinin yaradıcısı Nikolay Lobaçevskini hamımız yaxşı tanıyırıq. Eləcə də gözünün nurunu itirmiş tanımadığımız minlərlə insanlar var ki, yazırlar, yaradırlar, musiqi bəstələyirlər, mahnılar ifa edirlər, xalça toxuyurlar və başqa yaradıcı işlərlə məşğul olaraq öz dərdlərinə sinə gərir, cəmiyyətə fayda verirlər. Onlardan biri də Azərbaycan Respublikasının Əməkdar mühəndisi, keçmiş SSRİ-nin əlaçı kəşfiyyatçı-geoloqu Vasif Nağı oğlu Nağıyevdir.  

Adətən insan adilikdən fərqli bir hal ilə rastlaşanda təəccüblənir, aşırı dərəcədə olanda isə heyrətlənir, fərq etməz, istər təbiətlə bağlı olsun, istərsə də insanla. Bax, mən də Vasif müəllimin iradəsinə, dözümünə və fenomenal yaddaşına heyrət etməklə yanaşı, heyran qalıram. Geologiya aləmində, xüsusən yaşlı nəsil arasında, yaxşı tanınsa da, təəssüflə qeyd etməliyəm ki, onu Azərbaycan cəmiyyəti kifayət qədər tanımır. Bizim günahımızdır, fədakarlığı, zəhmətkeşliyi nümunə ola biləcək belə insanları yetərincə tanıda bilməmişik. Zəmanəmizin qəhrəmanlarını uzaq yerlərdə axtarmışıq, biganəliyimizdən, bir az da paxıllığımızdan öz ətrafımızdakıları görməmişik, görüb də qiymətləndirməmişik.

Geoloqlar haqqında belə deyirlər: onlar heç nə itirməyiblər, amma həmişə axtarırlar. Axtarmaq isə baxmaq, görmək və təhlil etməkdir. Vasif müəllim də ömrünün 65 ilini dayanmadan axtarışda olub, indi də axtarır, baxmayaraq ki, son 15 ildə gözlərinin nurunu itirib və fiziki olaraq görməsə də, beynindəki milyonlarla informasiyanı necəliyi yalnız Allaha məlum olan bir fəhmlə görür, təhlil edir və xalq üçün, vətən övladları üçün sanballı elmi əsərlər yaradır. Rəsmi olaraq o, dissertasiya müdafiə edərək elmi dərəcə almayıb və bu səbəbdən heç bir elmi titul daşımasa da, yazdığı kitabların hər biri, çox elmlər doktorlarının monoqrafiyalarından, elmi işindən daha dəyərli, daha faydalıdır. Onun 25 illik zəhmətinin bəhrəsi olan 600 səhifəlik "Azərbaycanın filiz yataqları" (2007) və 700 səhifəlik "Azərbaycan Respublikası yer qabığının geotektonikası və metallogeniyası" (2017) monoqrafiyaları məhz bu qəbildəndir. "Kiçik Qafqazın səpinti qızıl yataqlarının yerləşmə qanunauyğunluqları" (2007), "Naxçıvan Muxtar Respublikasının faydalı qazıntıları" (2009), "Azərbaycanın kolçedan yataqlarının yaranma mərhələləri" (2012) adlı monoqrafiyaları da elmi ictimiyyət tərəfindən rəğbətlə qarşılanıb. Ən heyrətli burasıdır ki, o, bu əsərləri gözünün nurunu itirdikdən sonra ərsəyə gətirib.

Həmin kitablara baxanda onların həyat işığına möhtac qalan bir insan əməyinin məhsulu olduğuna çətinliklə inanırsan. Ola bilər ki, bəziləri burada qeyri-adi, fövqəladə bir hal görməsin və - nə çoxdur, dünya işığından məhrum olmuş, lakin yaradıcılıq uğurları qazanan insan - desin. Elədir, ədəbiyyatda, riyaziyyatda, eləcə də incəsənətdə taleyinə korluq yazılmış bir şəxsin uğurları bəlkə də heyrət doğurmaya bilər, amma texniki sahədə, xüsusən xəritə, çertyoj, qrafiklə işlənilən sahələrdə bu, müvafiq biliklərə malik olmaqla yanaşı, fantastik dözüm, dəmir iradə, nadir yaddaş tələb edən, həddindən artıq ağır və mürəkkəb bir işdir.

Tarixdə mühəndislik sahəsində, dünya işğından məhrum olduğu halda, yüksək uğurlar qazanan şəxslər çox deyil, bəlkə də barmaqla sayılar. Onlardan biri də polyak mühəndis Pavel Pototskidir. Çoxları onun bəlkə heç adını da eşitməyiblər, amma Azərbaycanın neft yataqlarının mənimsənilməsində və neftçıxarma sənayesinin təşəkkülündə dəmir iradəli bu insanın müstəsna xidmətləri olub. XX əsrin 

əvvəllərində geoloqlar dənizin Bibiheybət buxtası adlanan hissəsində neft ehtiyatları aşkarladılar, lakin o vaxtkı texnologiya ilə dənizdən neft çıxarılması mümkün olmadığından həmin hissənin qurudulmasına qərar verildi. Bu işə rəhbərlik etmək üçün tanınmış mühəndis Pototskini 1910-cu ildə Xersondan Bakıya dəvət etdilər və onun layihəsi əsasında işlərə başlanıldı. Lakin bir müddətdən sonra, işlərin qızğın vaxtında o xəstələnir və nəticədə 41 yaşında gözlərini itirir. Bütün acılara və məhrumiyyətlərə baxmayaraq, o, ruhdan düşmür, ömrünün sonuna qədər, düz 12 il özü işlərə bilavasitə rəhbərlik edir və layihəni uğurla başa çatdırır. Səhhətinin getdikcə pisləşdiyini görən bu fədakar insan öləndə həmin yerdə, buruqlar arasında dəfn edilməsini arzu edir və onun vəsiyyətinə əməl olunur. Rus şairi Marqarita Aliger ona "Qoca" adlı poema həsr edib və Bakıda bir küçə indi onun adını daşıyır.

Bəli, öz işini ürəkdən sevən, ümumi mənafeyi şəxsi mənfəətindən üstün tutan və bu yolla xalqa, vətənə xidmət edərək tarixdə iz qoyan belə insanlar qarşısında baş əyməyə dəyər. Fərqi yoxdur, istər mühəndis olsun, istər alim, istərsə də müəllim və ya həkim, hər kəs öz sahəsində vətəninə, xalqına xidmət edirsə, ən yüksək hörmətə, üstəlik, fiziki cəhətdən qüsurludursa - ikiqat, on qat hörmətə layiqdir. Vasif müəllim məhz bu keyfiyyətlərə malik insanlardandır. O, hələ gənclik illərindən özünü perspektivli mütəxəssis-geoloq kimi tanıtmışdı, həmişə çöl-axtarış işlərinə və faydalı qazıntı yataqlarını bilavasitə yerində öyrənməyə can atırdı. Bu səbəbdən nə yüksək vəzifə və nə də elmi titullar onu cəlb edirdi. O dövrdə Sovet geoloji məktəbinin liderlərindən olan akademik Vladimir Smirnovun, görkəmli akademik Mirəli Qaşqayın və nüfuzlu professor Rəşid Abdullayevin dissertasiya müdafiəsilə bağlı təklif və tövsiyələrinə baxmayaraq, Vasif Nağıyev praktiki geologiyaya üstünlük verdi. Onun gərgin əməyi sayəsində Böyük Qafqazda ehtiyatları Moskvada təsdiq olunmuş Kasdağ və Katex kimi iri qurğuşun-sink yataqları aşkarlandı, öyrənildi. Kiçik Qafqazda, Naxçıvanda o, necə-neçə yataqları tədqiq etdi, ehtiyatlarını hesabladı və Azərbaycanın mineral-xammal bazasının genişləndirilməsinə çox dəyərli töhfələr verdi.

Müstəqilliyimizin ilk illərində Vasif müəllim Türkiyə və İran ərazisində də çox səmərəli birgə tədqiqat işləri aparmış, sərhədə yaxın bölgələrin geoloji quruluşunun dəqiqləşdirilməsində və filiz yataqlarının yerləşmə xüsusiyyətlərinin öyrənilməsində yerli mütəxəssislərə təmənnasız yardımlar etmişdi.

Vasif Nağıyev ensklopedik biliyə malik əsl ziyalıdır, tək geologiyanı deyil, tarixi, coğrafiyanı, ədəbiyyatı və incəsənəti də dərindən bilir, onlar haqqında deyilməmiş maraqlı fikirlər söyləyir. Bu səbəbdən onunla saatlarla söhbət etmək adamı yormur və bilirsən ki, hər dəfə ondan nəsə, bilmədiyin maraqlı bir məlumat öyrənəcəksən. Həm də çox vətənpərvər insandı, nədən danışırıqsa danışaq, Qarabağ mövzusundan yan keçə və erməni xislətinə çox yaxşı bələd olduğundan, Qarabağın işğalını heç cürə sinirə bilmir. Mülayim danışığında o dəqəqə bir etiraz, haray notları duyulur. Onun atası Nağı Nağıyev də Azərbaycanın mötəbər ziyalılarından idi, yazıçı, dramaturq, tərcüməçi, rəssam və ictimai xadim kimi fəaliyyət göstərmişdi. Demək, irs-nəsil öz sözünü deyir.

Vasif müəllimin Naxçıvandan başlayan ömür karvanı bu il sentyabrın 26-da özünün 85-ci payızını başa vurur. O, isə hələ də axtarışlarını davam etdirir, yeni bir kitab üzərində işləyir. Deyir, ömür vəfa eləsə, onu da bir-iki ilə bitirəcək. Hədsiz təvəzökar olan bu insanın heç vaxt dünya malında gözü olmayıb, ad-san, şan-şöhrət üçün yaşamayıb, indi də onlar, türk qardaşlarımız demiş, heç umrunda deyil. Amma orasını gərək biz düşünək. Belə ki, ömrünün 65 ilini ölkəmizin mineral-xammal bazasının inkişafına həsr etmiş, onun 55 ilini keçmiş Geologiya İdarəsi, indiki Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Xidmətində işləmiş Vasif Nağıyevin vətən qarşısında xidmətlərini nəzərə alaraq, onun Azərbaycan Respublikası Prezidentinin təqaüdünə layiq görülməsi və sanballı elmi əsərlərini nəzərə alaraq, ona heç olmasa fəxri elmlər doktoru dərəcəsinin verilməsi bu ixtiyar ziyalımız üçün çox vacib maddi və mənəvi dəstək olardı. Ümid edirəm ki, bu təkliflərin gerçəkləşdirilməsinə dair Ekologiya və Təbii Sərvətlər Nazirliyi, AMEA-nın Geologiya və Geofizika İnstitutu və ya BDU-nun Geologiya fakültəsi tərəfindən rəhbərlik qarşısında müvafiq qaydada məsələ qaldırılacaqdır. Mərhum Xalq şairimiz Cabir Novruz demiş, sağlığında qiymət verək insanlara!..

Rəşid FƏTƏLİYEV

AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun

aparıcı elmi işçisi, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent 

525.az