Təmiz dəniz: Xəzəri çirkləndirənlərlə radikal mübarizə planlaşdırılır
Bir neçə gün öncə prezident İlham Əliyev "Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında" Çərçivə Konvensiyasının Neftlə çirklənmə halları ilə mübarizədə regional hazırlıq, cavab tədbirləri və əməkdaşlıq haqqında Protokolu" üzrə səlahiyyətli orqanın müəyyən edilməsi barədə Sərəncam imzalayıb.
2011-ci il avqustun 12-də Aktau şəhərində imzalanmış "Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında" Çərçivə Konvensiyasının Neftlə çirklənmə halları ilə mübarizədə regional hazırlıq, cavab tədbirləri və əməkdaşlıq haqqında Protokolu" üzrə Azərbaycan Respublikası tərəfindən səlahiyyətli orqan Azərbaycanın Fövqəladə Hallar Nazirliyi müəyyən edilib.
Sputnik Azərbaycan bu sənəddən sonra Xəzər dənizində və ətrafında neftlə çirklənmənin qarşısı necə alınacağını, bunun üçün hansı işlər görülməli olduğunu araşdırıb.
Neft hasilatçılarının üzərinə iş düşür
AMEA-nın H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Coğrafiya elmləri doktoru, Xəzərin hidrometeorologiyası şöbəsinin müdiri Səid Səfərov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, sovet dövründən fərqli olaraq Xəzər dənizinin neftlə çirkləndirilməsi səviyyəsi azalıb.
O, bildirir ki, BP kimi Azərbaycanda neft hasilatı ilə məşğul olan beynəlxalq şirkətlər neftin dəniz səthindən yığlllması işlərini həyata keçirdirlər. Amma həmsöhbətimiz bildirir ki, neft çıxardılan su hövzələrində suyun neftlə çirklənməsi hər an baş verə bilər:
"Bu qəza və məsuliyyətsizlik nəticəsində ola bilər. 2002-ci ildə Qazaxıstanın Aktau limanından Bakı istiqamətində üzən, Xəzər Dəniz Gəmiçiliyinə məxsus "Merkuri-2" bərəsinin Bakıdan 130 kilometrlik məsafədə qəzaya uğrayaraq batdı. Qazaxıstan nefti ilə dolu olan "Merkuri-2"nin qəzaya uğraması nəticəsində neftin dənizə dağılması ilə Xəzərdə eni 8, uzunluğu isə 15 kilometr olan ləkə yaranmışdı. Neftlə dolu tankerlərin qəza nəticəsində aşması dənizi neftlə çirkləndirə bilər".
Hansı dənizdən neft çıxarılırsa...
Həmsöhbətimiz deyir ki, Xəzər dənizinin neftlə çirklənməsinin qarşısının alınması üçün kompleks tədbirlər həyata keçirilməlidir:
"Hansı dənizdən neft çıxardılırsa orada neftlə çirklənmə halları baş verir. Xəzərin səviyyəsi aşağı düşdükcə cirkəldiricilərin konsentrasiyası da çox olur. Ona görə də, nəzarət tədbirləri gücləndirilməlidir. Prezidentin "Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında" Çərçivə Konvensiyasının Neftlə çirklənmə halları ilə mübarizədə regional hazırlıq, cavab tədbirləri və əməkdaşlıq haqqında Protokolu" üzrə səlahiyyətli orqanın müəyyən edilməsi barədə sərəncamı da məhz buna xidmət edir. Artıq Azərbaycan tərəfindən buna məsul, səlahiyyətli orqan Fövqəladə Hallar Nazirliyi müəyyən edilib. FHN tərəfindən bundan sonra bu məsələyə daha da güclü nəzarət ediləcək".
S. Səfərov deyir ki, bu gün Xəzər dənizinin neftlə yanaşı digər tullantılardan da çirklənməsinin qarşısı alınmalıdır. Onun sözlərinə görə, çirkab suların Xəzərə axıdılmasına da nəzarət tədbirləri gücləndirilməlidir: "Xəzərin Azərbaycan üzrə hövzəsində ən çirkli yer bu gün Bakı buxtasıdır. Bakının çirkab suları Bakı buxtasına axır. Çirkab suları daha dəhşətli effekt verir. Nəticədə iy-qoxu ətrafı bürüyür. Bunun da qarşısının alınması üçün tədirlərin gücləndirilməsinə ehtiyac var" deyə S. Səfərov bildirir.
Xəzəri çirkləndirənlərin cəriməsini büdcə ödəyir
Neftçilərin Hüquqlarını Müdafiəsi ictimai Birliyinin sədri Mirvari Qəhrəmanlı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Xəzər dənizinin çirklənməsinin qarşısının alınması üçün çoxlu sənəndlər,konvensiyalar,qanunlar mövcuddur. Buna rəğmən Xəzər dənizin çirklənməsi getdikcə artır. Onun sözlərinə görə, hətta bu gün çimərliklər özü də təhlükə mənbəyidir. M. Qəhrəmanlı deyir ki, SOCAR strukturlarına daxil olan dəniz obyektlərinin əksəriyyətinin kanalizasiyası, zəhərli maddələr, plast suları və s.dənizə axıdılmaqda davam edir. Həmsöhbətimiz deyir ki, kifayət qədər qanunlar mövcud olsa da həmin qanunların icrasına nəzarət yoxdur. O, bildirir ki, buna görə sadəcə idarə və müəssisələr cəzalanır. Cərimələr isə günahkarın əmək haqqından deyil, idarə və müəssisənin büdcəsindən ödənilir.
Lay suları bioresursları da məhv edir...
M.Qəhrəmanlı deyir ki, hasilat sənayesinin respublikamız üçün çox böyük əhəmiyyətə malik olması, bütün cəmiyyətin ətraf mühitin vəziyyətinin sağlamlaşdırması və ekoloji tarazlığın bərpa edilməsi prosesinə cəlb edilməsini tələb edir. O, bildirir ki, neft hasilatı zamani su hövzəsinə neft axıdılır. Nəticədə neqativ ekoloji vəziyyət yaranır, bu isə dənizdə yaşayan canlılara və insan sağlamliğına mənfi təsir edir:
"Neft hasilatı zamanı yaranan tullantı suların dənizə axıdılması Xəzərin bioresurslarının məhv olmasına gətirib çıxardır. Te-tez Neft Neft Daşları ərazisində çoxlu miqdarda ölmüş balıq müşahidə olunur. Dənizə buraxılan lay suları, çənlərin yuyulması nəticəsində dənizə axıdılan tullantılar, kimyəvi maddələr, neft axıntıları və sair balıqların kütləvi tələf olmasına gətirib çıxardır".
SOCAR: "Lay sularının axıdılmasının qarşısı tamamilə alınıb"
SOCAR-dan isə sorğumuza cavab olaraq bildirilir ki, SOCAR Ekoloji Monitorinq Planına uyğun olaraq SOCAR-ın dənizdə və quruda neft qaz əməliyyatları aparılan ərazilərində mütəmadi olaraq ekoloji parametrlərin öyrənilməsi, dinamikanın izlənilməsi, ekoloji normalara uyğunluğun gözlənilməsi məqsədi ilə monitorinqlər aparılır:
"SOCAR üzrə Neft Dağılmalarının İdarə olunması Planının yenilənmiş versiyası hazırlanmış Fövqaladə Hallar Nazirliyi ilə razılaşdırılıb. SOCAR-da neftin çıxarılması, emalı və nəqli prosesində əmələ gələn tullantılar SOCAR-ın Ekoloji Siyasət sənədinə və Tullantıların İdarə olunması planına uyğun olaraq SOCAR-ın Qaradağ rayonunda yerləşən Tullantıların İdarə olunması Mərkəzində müvafiq tələblərə uyğun olaraq idarə olunur. Bundan başqa neft-qaz əməliyyatları zamanı yaranan lay suları müvafiq qaydada təmizləndikdən sonra yeraltı laylara lay təzyiqinin sabit saxlanılması və ya utilizasiya məqsədi ilə yeraltı horizontlara vurulur.
Bununla da SOCAR üzrə dənizə lay sularının axıdılmasının qarşısı təmamilə alınıb. Lay sularının utlizasiyası və dənizə buraxılmaması məsələsində SOCAR Xəzər hövzəsində fəaliyyət göstərən bir çox neft şirkətlərindən irəlidədir. Xəzərin Azərbyacan sektorunda aparılan qazma işləri zamanı yaranan qazma şlamı müvafiq qaydada konteynerlərə yığılaraq sahilə göndərilir, burada SOCAR-ın Tullantıların İdarə Olunması Mərkəzinə daşınaraq emal olunur".
CEPI nə işə yarayacaq?
Qurumdan həmçinin bildirilir ki, SOCAR-ın fəaliyyət sahələrində neft dağılması müşahidə olunmayıb. Ümumilikdə, neft dağılmalarının qarşısını almaq məqsədi ilə önləyici tədbirlər həyata keçirilir. SOCAR neft dağılmalarının idarə olunması ilə əlaqədar Azərbaycanda səlahiyyətli qurum olan Fövqaladə Hallar Nazirliyinin Xəzər Hövzə Qəza-Xilasetmə Xidməti ilə sıx əməkdaşlıq edir. Bundan başqa Ekobərpa-neft dağılmalarının ləğvi əməliyyatları mərkəzi üzrə layihələndirmə işləri yekunlaşıb.
Layihənin həyata keçirilməsi nəticəsində baş verə biləcək neft dağılmalarının idarə edilməsində operativlik təmin olunacaqdır. Ətraf mühitin qorunması sahəsində SOCAR həm də beynəlxalq neft-qaz şirkətləri ilə təcrübə mübadiləsini həyata keçirir. Belə ki, ötən il SOCAR-ın təklifi ilə Xəzər dənizində aparıcı neft-qaz şirkətləri birləşdirən Ətraf Mühitin Mühafizəsi Təşəbbüsü (CEPI) yaradılıb.
Xəzərə neft dağıdanlar qarşısında FHN-i görəcək-Qurum fəaliyyətini genişləndirir
O ki, qaldı "Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında" Çərçivə Konvensiyasının Neftlə çirklənmə halları ilə mübarizədə regional hazırlıq, cavab tədbirləri və əməkdaşlıq haqqında Protokolu" üzrə Azərbaycan Respublikası tərəfindən səlahiyyətli orqan olan Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin bu sərəncamdan irəli gələrək görəcəyi işlərə, nazirlikdən Sputnik Azərbaycan-ın sorğusuna verilən cavabda bildirilir ki, Fövqəladə Hallar Nazirliyinin Xəzər Hövzə Qəza-xilasetmə Xidmətinin əsas funksiyası Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub neft sektorunda neft dağılmalarının qarşısını alınmasından ibarət olub: " Xidmət bununla bağlı müvafiq maddi-texniki bazaya malikdir. "Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında" Çərçivə Konvensiyası"nın Neftlə çirklənmə halları ilə mübarizədə regional hazırlıq, cavab tədbirləri və əməkdaşlıq haqqında Protokolundan irəli gələn tədbirlərlə bağlı Xəzər dənizində neft dağılmalarının qarşısının alınması fəaliyyətinin qurum tərəfindən daha da genişlənməsi nəzərdə tutulur.
BAKI, 21 iyun.