Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) açıqladığı hesabata görə, yaxın 5 ildə rekord isti gözlənilir. Təşkilatın proqnozuna əsasən, 2021-2025-ci illər arasında azı bir ilin “ən isti” olmaq ehtimalı 90 faizdir. Üstəlik, bu aralığın hər ilində quru səthindəki orta temperatur sənayeləşmədən əvvəlki dövr göstəricilərini ən azı 1°C, illərin birində isə 40% ehtimalla 1,5°C üstələyəcək.
ÜMT Baş katibi Petteri Taalas qeyd edib ki, temperaturun yüksəlməsi dünyanın istixana qazı tullantılarını azaltmaq və karbon neytrallığına çatmaq üçün öz öhdəliyini yerinə yetirməsinin vacibliyinin növbəti göstəricisidir.
Bəs bunun ümumi fəsadları nələrdir? Ekologiyamızı qorumaq üçün hansı addımlar atılmalıdır və hər gün daha da artan temperatur hansı fəlakətə səbəb ola bilər?
“Ekologiya və ətraf mühitin mühafizəsi” mövzusu altında qlobal istiləşmə, onun yaranması, qarşısının alınması, bu fonda meydana çıxan digər problemlər, bunun Azərbaycana təsiri və görülməsi vacib olan tədbirləri araşdırıb.
AMEA-nın Həsən Əliyev adına Coğrafiya İnstitutunun Xəzərin hidrometeorologiyası şöbəsinin müdiri, coğrafiya elmləri doktoru Səid Səfərovun sözlərinə görə, iqlim dəyişmələri, xüsusilə də qlobal istiləşmə həm təbii, həm də antropogen amillərlə əlaqədardır: “Son dövrlər antropogen amillərin miqyası daha da artıb. Bu da atmosferə atılan istixana qazlarının, xüsusilə də karbon qazının miqdarının durmadan artması ilə əlaqədardır. Karbon qazı yerin istilik balansını pozur. Bu balans günəşdən gələn istilik, yerin özünün şüalandırdığı əks istilik və atmosferdən qayıdan şüalanma nəticəsində yaranan istilikdir. Karbon qazının atmosferdə artması ilə əlaqədar qaynar enerjinin də miqdarı çoxaldığı üçün Yer kürəsinin istilik balansı pozulur və temperatur artır”.
Şöbə müdiri bildirib ki, yaxın illərdə xüsusilə böyük dövlətlər tərəfindən sənayenin inkişafı nəticəsində atmosferə atılan karbon qazının miqdarının artmaması üçün qabaqlayıcı tədbirlər görülməsə, Yer kürəsini böyük təhlükə gözləyir: “Bunun qarşısını almaq üçün həm Ümumdünya Meteorologiya Təşkilatı, həm də müxtəlif dövlətlərin təşkil etdiyi müəyyən qruplar, məsələn Tokio razılaşması, Paris razılaşması və s. kimi qruplar tədbirlər görməlidir. Əsas məqsəd atmosferə atılan istixana qazlarının miqdarının azaldılmasına nail olmaqdır”.
S.Səfərov çıxış yolunu alternativ enerji mənbələrindən istifadə etməkdə görür: “Günəş və külək enerjisindən daha çox istifadə etmək olar. Buna “yaşıl enerji” də deyilir. Azərbaycanda bu sahədə böyük işlər görülür. Xızı və Qobustan rayonları ərazisində külək turbinlərinin quraşdırılması nəticəsində onların gücü 240 meqavat olacaq. Bu da ölkəmizin elektrik enerjisi balansına çox böyük töhfədir.
Atmosferə atılan istixana qazlarının miqdarı eyni zamanda daxiliyanma mühərriki ilə işləyən avtomobillər vasitəsilə artır. Son vaxtlar bu sahədə uğurlu addımlar atılır. Yəni elektrik mühərriki ilə işləyən avtomobillərin istehsalı və istifadəsi artıb. Bir çox ölkələrdə insanlara stimul verilir ki, bu tip avtomobillərdən istifadə etsinlər. Bu da atmosferə atılan istixana qazlarının miqdarının azalmasına səbəb olacaq”.
Şöbə müdiri bu proqnozun Azərbaycan üçün də keçərli olub-olmadığına münasibət bildirib. Səid Səfərov vurğulayıb ki, qlobal iqlimdə gedən proseslər az da olsa, ölkəmizin iqliminə təsir edə bilər: “Azərbaycan ərazisinə görə kiçik ölkədir. Qlobal iqlim dəyişikliyinin kiçik bir hissəsi də bizim ölkəmizdə baş verir. Qlobal iqlimdə baş verən dəyişikliklər bu və ya digər şəkildə bizdə də özünü göstərir. Ola bilər ki, lokal olaraq hansısa bir ayda Azərbaycan ərazisində temperaturun yüksəlməsi baş verirsə, planetin digər hissəsində bunun əksi ola bilər. Çünki qlobal iqlim dəyişmələri atmosferin ümumi hava dövranına təsir edir. Artıq şimaldan cənuba gedən hava kütlələrinin miqdarı artıb, buna görə də cənubdan şimala gedən hava kütlələrini kompensasiya etmək üçün temperatur yuxarı qalxır. Qütblərdə temperaturun artması bu gün daha çox müşahidə olunur. Ona görə də Arktika və Antarktikada buzlaqlar əriyir ki, bu da son dərəcədə təhlükəlidir. Bu, okeanın səviyyəsinin artmasına səbəb olur və Yer kürəsində içməli su ehtiyatının balansını azaldır. Bu, həmçinin okean suyunu şirinləşdirdiyi üçün oradakı canlıların həyat şəraitinə də mənfi təsir edir. Kəskin iqlim dəyişmələri insanların da həyat tərzinə, orqanizmlərinə mənfi təsir edir”.
29 İyul 2021-ci il. Bakı