Böyük xalq şairi Bəxtiyar Vahabzadə hələ sağlığında demişdir ki, bu gün məndən Həsən müəllimin insani xarakterini səciyyələndirməyi soruşsalar, bircə cümlə ilə deyərdim: “O Azərbaycan üçün yaşayan bir vətəndaş idi” Buna görə də onun alimliyi vətəndaşlığından doğurdu. O, vətənimizin hər güşəsini, rayonunu, kəndini, dərəsini ovcunun içi kimi tanıyır, harda nəyi daha münasib olduğunu çox yaxşı bilirdi. Və yaxud böyük şairimiz Məmməd Araz: O, şeiri, sənəti gözəl başa düşən, şair qələminə dərin hörməti olan bir ziyalı, çox sərrast qələmi olan jurnalist idi. Həsən Əliyev xalqın oğlu səviyyəsinə yüksələn öz əli ilə özünə abidə qoyan alimlərdən biri idi. Odur ki, elmin ona verdiyi mükafat elin mükafatıdır.
Həqiqətən Akademik Həsən Əliyevin Azərbaycanın elm tarixində, xüsusilə XX əsr aqrar təsərrüfatların yenidən planlaşdırılmasında və yaxud coğrafi sahələr üzrə formalaşmasında görkəmli torpaqşünas, coğrafiyaşünas, peşəkar təbiətşünas alim kimi layiqli yeri var. Azərbaycanda xüsusilə ətraf mühitin mühafizəsi, təbiətə böyük sosial-iqtisadi ziyan vuran ekocoğrafi və dağıdıcı təbii fəlakətlərə dair problemlərin həlli məsələlərində akademik Həsən Əliyevin elmi təklifləri və tövsiyələri həmişə nəzərə alınmışdır. Çünki vətənimizin torpaqlarını qarış-qarış gəzmişdir, onların paleogenetik təkamülünü və coğrafi zonallıq prinsiplərinin kompleks aspektlərini ilk dəfə o öyrənmişdir. Başqa bir tərəfdən Azərbaycanda təbiətin o cümlədən torpaq örtüyünün həm üfüqi və həmdə yüksəklik istiqamətində yayılmasının coğrafi qanunauyğunluqlarını yaxşı bildiyi üçün regionlarda əhalinin aqrar təsərrüfat məşğulluğunun bu qanuna uyğun formada yerləşdirilməsinə və torpaqlardan daha səmərəli və düzgün istifadələrinə əməl etməyi sevirdi. Həsən Əliyev həmişə özünün böyük aqrotexniki tətbiqi təcrübəsinə əsaslanırdı. İlk dəfə Azərbaycanda istifadəsiz torpaqlardan dəmyə üzümçülükdə, bağçılıqda, otlaq təsərrüfatlarında istifadəsini və onların məhsuldarlığı dəyərini təcrübədə sınaqdan çıxartmışdır. Əldə olunan nəticələrin yararlı keyfiyyətləri Azərbaycanda 70-80-ci illərdə bu xarakterli təsərrüfatların xüsusilə dəmyə üzümçülük sahəsinin artırılmasına geniş imkan vermişdir.
Vaxtilə Azərbaycanda Kür qırağı Tuqay meşələrinin biocoğrafi strukturunu və müasir vəziyyətini kompleks tətbiq edən, akademik Həsən Əliyev həmçinin meşələrin o vaxtlar kütləvi şəkildə qurumasının ekocoğrafi səbəblərini və onların arid xarakterli kserofit ağac kolları ilə əvəz olunmasının elmi əsaslarını işləmişdir. Yalnız bundan sonra Azərbaycanda Tuqay meşələrinin müasir vəziyyətini qoruyub saxlamaq və areallarını əks etdirən irimiqyaslı tətbiqi xəritələri hazırlanmışdır. Nəticədə ölkəmizdə nəinki Tuqay meşələrinin bütünlüklə müasir meşələrimizin bərpası və mühafizəsi üçün dövlət səviyyəsində xüsusi meliorativ tədbirlər planının işlənib hazırlanmasına zərurət yarandı. Tədricən meşələrin məhsuldarlığı, onların struktur-ərazi tərkibi, sıxlığı və milli mühafizəsi sahəsində yeni təcrübi irəliləyişlər baş verdi. Xüsusilə Azərbaycanda meşələrin və digər uyğun təsərrüfatların gələcək bərpasının intensivləşdirilməsi üzrə ardıcıl tədbirlər sisteminin əsası qoyuldu. 1972-ci ildən başlayaraq respublikanın ayrı-ayrı bölgələrində zərərli radioaktiv elementlərin miqdarının öyrənilməsi və onların coğrafi xəritələrinin hazırlanması bilavasitə Həsən Əliyevin təşəbbüsü ilə olmuşdur. O vaxtlar hələ çox bəsit texniki üsullarla istehsal olunan və filizsaflaşdırıcı kombinatların ətraf mühitə və kənd təsərrüfatının məhsuldarlığına ziyanlı təsirini konkret əsaslarla göstərmişdir. Həsən Əliyev yaradıcılığının ən müasir və ən aktual elmi mövzulardan biri elimizin-obamızın təbii gözəlliyini qoruyub saxlamaq, mövcud milli-təbii sərvətlərimizdən özümüz üçün səmərəli istifadə olunmasının elmi-təcrübi istiqamətlərini həm öyrənmək və həm də öyrətmək olmuşdur. Hazırda Milli Elmlər Akademiyasının bilavasitə akademikin adını daşıyan Coğrafiya İnstitutunda bu tövsiyə və elmi işlərin, ardıcıl olaraq tətbiqi müvəffəqiyyətlə davam etdirilir və sanbalı elmi nəticələr əldə olunur. Akademikin xüsusilə Böyük Qafqaz dağlarının torpaqlarının genetik-coğrafi və strukturu cəhətdən formalaşmasına dair söylədiyi fikir və ideyaları müvəffəqiyyətlə öyrənilib-araşdırılır. Onun “Azərbaycanda qəhvəyi meşə torpaqlarının yayılması”, “Azərbaycanda qara torpaqların yayılması məsələsinə dair”, “Böyük Qafqazın şərq hissəsinin qəhvəyi meşə torpaqları” və sair elmi əsərlərindəki konstruktiv tövsiyyələri elmi dəyərinə görə indi də yüksək nüfuz qazanmışdır. Onun 1982-ci ildə çapdan çıxmış “Həyəcan təbili” kitabı bütün təbiəti sevər xalqımıza bir çağırış, milli xitab oldu. Həmin kitabın nəşrindən 40-il keçməsinə baxmayaraq indi də insanlarda onun təbiətə olan milli vətənpərvərlik etik çağırışları respublikamızda hər bir təbiət guşəsinin, istirahət mərkəzlərinin, bütövlükdə müasir landşaftların aqrotexniki planlaşdırılması texnologiyasında öz səmərəli aktuallığını qoruyub saxlamışdır. Hələ 40 il əvvəl zəhmət sevər alim öz ömür təcrübəsinə əsasən böyük həyəcanla yazırdı ki, bəzən düzənliklərdə münbit torpaqların ərsəyə gəlməsi üçün milyon illər vaxt keçir, lakin onun yararsız hala düşməsi üçün isə uzun illər vaxt itirmək lazım gəlmir. Həqiqətən, hal-hazırda bəzi aran rayonlarımızda qədim drenaj-kollektor sistemlərinin fəaliyyətinin müasir-texnoloji baxımdan aşağı səviyyədə olması torpaqlarımızın ciddi şorlaşmasına və sıradan çıxmasına səbəb kimi ən yaxşı misaldır.
Akademik həmişə regionlarımızın bu bənzərsiz təbiət, təsərrüfat gözəlliyinin mənzərəsini göz önünə gətirməklə nə vaxtsa təsadüfü pozulması təhlükəsi qorxusundan həyəcanla söhbət açırdı. Xüsusilə meşələrimiz, dağ çəmənliklərimiz haqqında deyirdi: “Meşə-sərvətimiz, meşə-varlığımız, meşə-məişətimizin bir hissəsidir”. Yaxud məlum həqiqətdir ki, meşəni yer kürəsinin bu yaşıl kəmərini bircə an təsəvvür etməsək, demək bəşər də yoxdur, varlıq da yoxdur”. Bəli hazırda Azərbaycanda meşələrimiz olduqca azdır, ümumi ərazimizin cəmi 8-9% -ni təşkil edir. Son 30 il ərazində mənfur qonşularımız erməni vandalları Qarabağın qiymətsiz meşə landşaftlarına vəhşicəsinə divan tutmuş, 1000 hektarlarla qiymətsiz meşələrimizi qırıb talamışlar və məhv etmişlər. İndi Azərbaycan xalqı onun yenilməz komandanı İlham Əliyevin rəhbərliyi ilə doğma Qarabağımızı dünya mədəniyyətinə cavab verən quruculuq və abadlıq işlərinə start vermişdir. Meşələrimizin 90%-dən çoxu dağ yamaclarında və çay dərələrində qalmışdır. Ancaq akademik H.Əliyevin Kəpəz dağının şimal yamacında kəşf etdiyi nadir şam meşələri zolağı həm tarixi genetik mənşəyinə görə möcüzəvidir və həm də gözəlliyi cəhətdən bənzərsiz Göy-gölə və Maralgölə xüsusi yaraşıq verir. Bəzən akademik tarixi keçmişlərimizə qısa səyahət edərək yeri gəldikcə yaşıl meşələrimizin tarixi struktur ərazi zənginliyindən söz acmışdır. Göstərir ki, eramızın əvvəllərində indi böyük aqrotexniki, ekocoğrafi islahatlara ehtiyacı olan Kür-Araz ovalığının əksər hissəsi həmişə yaşıl meşələrlə örtülü olmuşdur. Hətta yerli əhali tərəfindən qorunaraq bu günə qədər saxlanılmış tək-tək saqqız, palıd ağacları və Xan meşələrinin qalıqları Kür-Araz ovalığının şərq hissəsində geniş yayılmışdır. Hazırda Qəbələ rayonunda relikt dəmir ağacının, Alazan çayı vadisində və Xəzər dənizi sahillərindəki (Nabranda) şərq palıdı və fıstığı ağaclarının qalması bir daha Azərbaycanda milliyon illərlə davam edən qədim paleocoğrafi təkamülün tarixi dinamikasını təsdiq edir. Və yaxud dağlar diyarı Gədəbəyin orta dağlıqın hamar düzənlik sahələrindəki tək-tək qalmış şahid yaşlı ağaclar sübut edir ki, təxminən 100-150 il bundan əvvəl bu ərazilərin çox hissələri zəngin dağ meşələri ilə örtülü olmuşdur. Yəni bunların hamısı akademik Həsən Əliyevin Azərbaycanın istər qədim və istərsə də müasir coğrafiyasına dair yaradıcılığının yeni izləridir.
Artıq XX əsrin ortalarında akademikin təklif etdiyi yeni “quru meliorasiya” kompleks tətbiqi metodikası ilk dəfə olaraq Siyəzən-Dəvəçi istiqamətində arid alçaq dağ yamaclarında iynə yarpaqlı şam meşələrinin salınması müasir torpaq eroziyasının intensivliyinə, xüsusilə qlobal istiləşməyə və səhralaşmaya qarşı təcrübi tövsiyəsi ən uğurlu tətbiqi yenilik oldu. Bu metodun tətbiqi öz zamanında müasir ekocoğrafi tədbirlərin, ekosistemlərin həyata keçirilməsində, landşaft planlaşdırılmasında, xüsusilə kompleks aqrar islahatların aparılmasında mühüm əhəmiyyət kəsb edirdi. Aran və arid zonalarda min hektarlarla torpaqların şorlaşması, deqradasiyasının, eroziya və denudasiya proseslərinin qarşısı alındı. Meşələrimizin, yamaclarımızın, unudulmuş yararsız torpaqlarımızın ekocoğrafi, aqrar dəyərləri artmağa başladı. Akademikin yaradıcılıq təşəbbüskarlığı sayəsində Azərbaycanda 1000 hektarlarla çirklənmiş torpaq sahələri yenidən rekultuvasiya olunaraq istehsal dövriyyəsinə qatıldı. Bunların hamısı böyük təcrübəli alimin Azərbaycanda ilk dəfə “quru meliorasiya” və “fitomeliorasiya” metodlarının tətbiqi sayəsində davam etdirilmişdir. Azərbaycanın Kiçik Qafqaz, Talış zonası və Mərkəzi aran ərazilərində torpaq örtüyü ilə bitki örtüyü arasındakı ekocoğrafi bağlılıq xüsusiyyətlərinin təsnifatını vermişdir. Təbiətin bizə bəxş etdiyi ən qiymətli sərvətlərdən biri torpaqdır. Hazırda respublikamızın ərazisində məhsuldar torpaqların sahələri olduqca azdır və onların müxtəlif növləri mövcuddur. Lakin bu torpaqların aqrotexniki becərilməsinə təcrübi olaraq hər yerdə düzgün riayət olunmur. Arid dağ yamaclarında onların humus və münbit hissələri çox vaxt eroziyaya uğrayır. Bəzən suvarma texnologiyası prosesi pozulduğuna görə, yararlı münbit torpaqların tərkibi get-gedə şorlaşır və humus keyfiyyətini itirir. Nəticədə torpaqların deqrodasiyası və digər təhlükəli ekoloji problemlər yaranır. Hazırda aran rayonlarında xüsusilə, Kür-Araz ovalığının əksər hissəsini fasiləsiz istifadə olunan torpaqları müxtəlif dərəcədə şorlaşmaya məruz qalmışdır. Elə buna görə ərazinin yalnız 20-30 faizi əkinə yararlı olaraq istifadə olunur. Həsən Əliyev “Azərbaycan təbiəti” jurnalını təsis etdirməklə respublika təbiətinin, bütövlükdə təbiətşünaslıq mədəniyyətini, kütləvi mühafizəsinin təşkil etdi. Bundan sonra Respublikamızda təbii fitobioloji ehtiyatların və texniki yataqların genetik-coğrafi xarakteristikası tədqiq edildi, bütün ərazilərin iqtisadi-coğrafi şəraiti, aqrar təsərrüfatların ehtiyatlarından səmərəli mənimsənilməsinin yeni faydalı tövsiyələri işlənib hazırlandı. Akademik müəyyən etmişdir ki, son illərdə Azərbaycan ərazisi biogenetik və istehsal xarakterli nadir ağac növləri ilə daha da zənginləşir. O cümlədən Aralıq dənizi xarakterli “daş palıd” ağac növü parklarımızın yaraşığına çevrilmişdir.Ona görə Həsən Əliyev məşhur "Həyəcan təbili" kitabında meşələrimizin qırılmasından, tükənməsindən və onların törədəcək milli təhlükəsindən qayğılı söhbət açır, onların qarşısının alınması üçün dəyərli, təcrübi tövsiyələr verirdi. Akademik Həsən Əliyev ölkəmizdə təbiətin deqradasiyasının getdikcə artığı bir dövrdən yəni, XX əsrin 50-ci illərindən başlayaraq respublikada təbiətin mühafizəsinin bütün xalqımızın və dövlətin ümumi işi kimi dəyərləndirirdi. Alim statistik müqayisələr aparmaqla göstərirdi ki, 1945-ci ildə Bərdə meşə təsərrüfatında meşələrin sahəsi 94% təşkil edirdisə, 1965-ci ildə bu göstərici 32% enmişdir. Bu vəziyyətin acınacaqlı olması hələ o vaxtlar Həsən Əliyevi daha çox narahat edirdi və o, elmi araşdırmaların nəticəsini təbiətə tətbiqini daha çox dəyərləndirdi. Akademik Həsən Əliyev ölkəmizdə müasir ekocoğrafi problemlərimizin sırasında su probleminin həllinə də həmişə xüsusi fikir vermişdir. Həqiqətən “su dirilikdir, həyatdır”-demişlər. Susuz təbiət yoxdur,heç bir yaşıllığı və canlı həyatı təsəvvür etmək də mümkün deyildir. Bunları deyən Həsən Əliyev üçün bəşər tarixində su ən aktual ekocoğrafi problemlərimizdən biri olub.
Həsən Əliyev Azərbaycanda təbii ehtiyatların kompleks tədqiqi və təsərrüfat istifadəsini elmi cəhətdən əsaslandırırdı. Çünki təbii sərvətlərin qorunmasında və istehsalında birinci növbədə insan amili, onların sosial vəziyyəti mühüm yer tutur. Həsən Əliyev bu barədə çox klassik şəkildə yazırdı: “Bir şeyi yadda saxlamaq lazımdır: yer üzərindəki bioloji mühit məhv olan deyil, onun nizamının pozulması yeni bir mühit yaradıb, bu mühiti yaşada bilər”. Lakin coğrafi dəyişdirilməsi müəyyən mənada bəşərin varlığını təhlükə qarşısında qoyur. Ona görə insanlar özü-özünün, həmdə çevrəsindəki təbiətin keşikçisi olmalıdır. Əslində akademik Həsən Əliyevin bu tarixi müdrik kəlamları XX əsr Azərbaycan təbiətinin qorunmasının dağılmaz sipərinə çevrilmişdir. Həqiqətən akademik Həsən Əliyev həm özü yaşayırdı, həm də ana təbiətimizi yaşadırdı.
Akademik Həsən Əliyev təbiət abidələri haqqında çox şairanə söhbət açardı. O yazır: “Eldar Şamı yer kürəsində yeganə Eldar oyuğu dağının şimal yamacında, cəmi 390 hektar sahədə qalmışdır”. Onu qorumaqdan və inkişaf etdirməkdən şərəfli vəzifə olarmı? Bununla belə, bəzən meşə və düzənliklərimizdə h agahan güllə səsi eşidilir uca-uca ağaclar rəhimsiz baltalar əlindən haray çəkir. Onda bu dahi insan vaxtilə böyük şairimiz Səməd Vurğunun dediyi misilsiz deyimini
Qoyma öz qanına boyana ceyran,
Gör necə yaraşır Muğana ceyran
Dilə gətirərdi, çünki şair belələrini nifrət və qəzəblə damğalamışdı.
Həsən müəllim kəndli təbiətini, fəhlə işguzarlığını, alim müdrikliyini özündə toplamışdır. O, millətimizə arxa, torpağımıza dayaq idi. Bu sadə qəlbli alim, böyük insan yetişdirdiyi onlarla elmlər namizədi və elmlər doktorunun, bu gün onun adını daşıyan Coğrafiya İnstitutu əməkdaşlarının qəlbində elmi yaradıcılığında yaşayır və yaşayacaqdır.
AMEA akad.H.Əliyev adına
Coğrafiya İnstitutunun baş direktoru,
coğrafiya elmləri doktoru Zakir Eminov
Coğrafiya üzrə fəlsəfə doktoru,
şöbə rəhbəri Habil Haqverdiyev.