E.K. Əlizadə Azərbaycan Respublikasının Ağdaş rayonunda Aralbir kəndində anadan olmuşdur.

1974-cü ildə BDU-nun Geologiya-coğrafiya fakültəsinə qəbul olunmuş və 1979-cu ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirmişdir.

1979-cu ildən təyinatla Azərbaycan EA Coğrafiya İnstitutunun «Aerokosmik metodların coğrafiyaya tətbiqi» laboratoriyasında (sonralar «Aerokosmik tədqiqatlar» bölməsi) işləməyə başlamışdı.

1988-ci ildən 2003-cü ilədək həmin bölmənin müdiri, «Landşaftşünaslıq» şöbəsinin baş elmi işçisi olmuşdur. Əsas elmi-tədqiqat sahəsi — geomorfologiya, aerokosmik deşifrləmə metodlarının geomorfologiya və landşaftşünaslığa tətbiqi, ekocoğrafiya və fiziki coğrafiyadır.

1984-cü ildə «Cənub–Şərqi Qafqazın cənub yamacı relyefinin morfostruktur təhlili (kosmik fotoşəkillərin deşifrləmə materialları əsasında)» mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir.

1987-ci ildə SSRİ EA Coğrafiya İnstitutunda ixtisasartırma kursu keçmişdir. Əsas elmi əsərlərindən misal olaraq «Azərbaycanın və qonşu ərazilərin dağ sistemlərinin morfostruktur quruluşu» monoqrafiyasını (Bakı, 1998), «Böyük Qafqazın şərq hissəsi liniamentlərinin deşifrlənməsi və morfotektonik interpratasiyası» (1989), «Kiçik Qafqazın şərq hissəsinin və ətraf ərazilərin morfotektonik bloklar karkasının aşkarlanması» (Moskva, 1991), «Dağlarla düzənliklərin təmas zonasında dağ sistemlərinin fəaliyyətinin müasir ekocoğrafi problemləri» (həmmüəlliflərlə, Kiyev, 2006), «Şərqi Zaqafqaziyanın ekoloji-geomorfoloji baxımdan daha təhlükəli zonaları (kosmik şəkillərin deşifrlənmə materiallarının aydınlaşdırılması əsasında)» (Moskva, 2003) və başqa məqalələrini göstərmək olar. Tədqiqatları əsasən Azərbaycan və ona qonşu olan ərazilərin morfotektonik quruluşunun kosmik şəkillərin deşifrlənməsi vasitəsi ilə tədqiqinə və bu əsasda ərazinin morfostruktur quruluşunun qanunauyğunluqlarının aşkar edilməsinə və müxtəlif miqyaslı morfostruktur xəritələrinin tərtibinə, həmçinin ekogeomorfologiya və ekocoğrafi problemlərin tədqiqinə həsr olunmuşdur.

Bir sıra beynəlxalq elmi konfrans və seminarların iştirakçısı olmuşdur (Tehran, 1992; 1995, Ankara, 1994, Texas, 1995, Barselona, 1995 Almatı, 2001, 2004; Slovakiya, 2003; İrkutsk, 2004, Novosibirsk, 2004, Rumıniya, 2004. və s.).

Orta məktəblər və ali məktəblərə qəbul imtahanları üçün coğrafiyadan tərtib olunmuş 3 proqramın və ümumtəhsil məktəblərin 6-cı sinifində tədris edilən «Coğrafiya», 10-cu sinif üçün «Yerşünaslıq» dərsliklərinin, abituriyentlər üçün nəşr olunmuş «Coğrafiya» tədris vəsaitinin, 2 test toplusunun və s. həmmüəllifidir.

1992-ci ildən ömrünün sonuna qədər BDU-nun Coğrafiya fakültəsində ixtisas kurslarından mühazirə oxumuşdu. Coğrafiya Institutunun Elmi Şuralarının üzvü olmuşdur. Onun dörd aspirantı namizədlik dissertasiyasını müdafiə etmişdir.

2004-cü ildə «Alp-Himalay qovşaq zonası mərkəzi hissəsinin şərq seqmenti dağ sistemlərinin morfostruktur differensasiyası qanunauyğunluqları (kosmik şəkillərin deşifrlənmə materialları əsasında)» mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.

2014-cü ilin iyun ayında AMEA-nın müxbir üzvü seçilmişdir.

200-dən artıq elmi və elmi-pedoqoji əsərin, o cümlədən, 2 monoqrafiyanın, 4 kitabın, 140-a yaxın elmi məqalənin, 4 dərsliyin, 3 dərs vəsaitinin, bir neçə xəritənin və 40-dan artıq elmi-metodiki vəsaitin müəllifi olmuşdur.

Prezident İlham Əliyev tərəfindən Azərbaycan Respublikası Dövlət Mükafatı Laureatı fəxri adına layiq görülmüşdür.