Ə.M. Şıxlinski Azərbaycanın Qazax rayonunda, Qazaxbəyli kəndində anadan olmuşdur.
O, 1932-ci ildə Gəncədə Azərbaycan Kənd Təsərrüfat Institutunu bitirmişdir.
1933-cü ildə Sankt-Peterburqda Baş Geofizika rəsədxanası nəzdində mütəxəssis-iqlimşünaslar hazırlayan Ali kurslarda təhsil almışdır.
1947-ci ildə «Azərbaycan SSR-in atmosfer yağıntıları» mövzusunda namizədlik dissertasiyası, 1971-ci ildə isə «Azərbaycan SSR-nin istilik balansı» mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.
1972-ci ildə Azərbaycan EA-sının müxbir üzvü seçilmişdir və professor adına layiq görülmüşdür.
1932–1941-ci illərdə Azərbaycan Hidrometeoroloji Xidmət İdarəsində mütəxəssis-iqlimşünas və iqlim şöbəsinin rəisi vəzifələrində çalışmışdır.
1941–1945-ci illərdə Böyük Vətən müharibəsinin iştirakçısı olmuşdur.
1948–1950-ci illərdə Coğrafiya İnstitutunun direktoru işləmişdir.
1950–1954-cü illərdə ADU-da müəllim, Azərbaycan Dövlət Pedaqoji Universitetində kafedra müdiri və coğrafiya fakultəsinin dekanı olmuşdur.
1954–1987-ci illərdə Azərbaycan EA Coğrafiya İnstitutunda baş elmi işçi, iqlimşünaslıq şöbəsinin rəhbəri, 1959–1962-ci illərdə elmi işlər üzrə direktor müavini olmuşdur.
O, 1954–1992-ci illərdə iqlimşünaslıq sahəsində 25 elmlər namizədi hazırlamışdır.
1991-ci ildə ona Azərbaycanın Əməkdar Elm xadimi fəxri adı verilmiş, 1970-ci ildə Elm və texnika sahəsində Azərbaycan Dövlət mükafatına layiq görülmüşdür. 1983-cü ildə keçmiş SSRİ-nin Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin gümüş medalını, 2 dəfə isə Ümumittifaq Coğrafiya cəmiyyətinin «Coğrafiya elmləri sahəsində görkəmli əsərlərinə görə» diplomunu almışdır. Böyük Vətən müharibəsindəki xidmətlərinə görə II dərəcəli Vətən müharibəsi ordeninə və medallara layiq görülmüşdür. Elm sahəsindəki xidmətləri «Qırmızı Əmək Bayrağı» ordeni və bir sıra medallarla qiymətləndirilmişdir.
Əsas elmi maraq dairəsi ümumi iqlimşünaslıq, Azərbaycan iqliminin təsnifatı, dağlıq ölkələrin radiasiya və istilik balansı, iqlimin modelləşdirilməsinin tədqiqi, dağlıq ölkələrdə iqlim xəritələrinin tərtibi metodikasının işlənilməsi olmuşdur. Onun rəhbərliyi altında Coğrafiya elminin yeni sahələri olan mikroiqlimşünaslıq, atmosferin çirkləndirilməsi, iqlimin modelləşdirilməsi problemləri üzrə mütəxəssis kadrlar hazırlanmışdır.
«Azərbaycan SSR-in atmosfer yağıntıları» (1949), keçmiş SSRİ-nin mütəxəssis coğrafiyaçıları tərəfindən yüksək qiymətləndirilmişdi. Onun yazdığı «Azərbaycan SSR-nin istilik balansı» monoqrafiyası (1969) və atlası (1978), «Azərbaycan SSR-in iqlim xəritəsi» (1976, 1991) və s. əsərləri indi də öz əhəmiyyətini saxlayır. Bundan başqa coğrafiya elminin problem məsələlərinə aid yüzlərlə mühüm elmi əsərlərin müəllifidir.