Ə.A. Mədətzadə Bakının Maştağa qəsəbəsində anadan olmuşdur.
1931-cı ildə ADPİ-nın Fizika-riyaziyyat fakültəsini bitirib, Respublika Hidrometeoroloji xidmət idarəsində əmək fəaliyyətinə başlamışdır.
İlk elmi işi 1936-cı ildə tərtib etdiyi «Azərbaycanın sinoptik rayonlaşdırılması» xəritəsi olmuşdur və ondan indi də hava proqnozlarının verilməsində istifadə olunur.
1946-cı ildə «Cənubi Xəzərin fırtınaları» mövzusunda namizədlik, 1957-ci ildə isə «Abşeronun hava və iqlim tipləri» mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.
Ə.A. Mədətzadə 1947–1950-cı illərdə Azərbaycan Hidrometeoroloji xidmət idarəsinin Dəniz rəsədxanasının direktoru işləmişdir. Onun bundan sonrakı bütün həyatı AMEA Coğrafiya İnstitutu ilə bağlı olmuşdur.
1959–1972-cü illərdə isə əvvəl «Sinoptik meteorologiya», sonra isə «Atmosfer fizikası» şöbəsinə rəhbərlik etmişdir.
Ə.A. Mədətzadənin elmi-tədqiqat işlərinin əsas istiqaməti Azərbaycanda atmosfer proseslərinin öyrənilməsi, Xəzər üzərində güclü küləklərin yaranmasının səbəbləri, havanın uzunmüddətli proqnozunun metodikasının işlənməsi və s. olmuşdur.
O, zərərli atmosfer hadisələrindən olan və təsərrüfata böyük ziyan vuran dolu proseslərini hərtərəfli tədqiq etmişdir. Ə.Mədətzadə ilk dəfə güclü topa-yağış-dolu buludlarının yaranmasının aerosinoptik şəraitini öyrənmiş, ərazinin fiziki-coğrafi xüsusiyyətlərini nəzərə alaraq dolunun məkan və zamanca paylanmasının ümumi qanunauyğunluqlarını müəyyən etmiş, ilk dəfə Azərbaycanda dolu düşən günlərin illik paylanma xəritəsini vermişdir.
O, Xəzər dənizində hakim olan küləkləri 7 sinoptik qrupa bölmüş, burada küləklərin yaranması və paylanması qanunauyğunluqlarını öyrənmiş, qasırğalı küləkləri əmələ gətirən sinoptik şəraiti tədqiq etmiş, bunların proqnozunun metodikasını işləyib hazırlamışdır.
Ə.A. Mədətzadə Azərbaycana müxtəlif istiqamətlərdən gələn hava kütlələrini tədqiq etmiş, onların respublikada yaratdığı sinoptik şəraiti müəyyən etmiş, xəritəsini vermişdir.
Onun coğrafiya elminə verdiyi töhfələr içərisində 1963-cü ildə çap olunmuş «Azərbaycan Respublikasının atlası»nda verdiyi xəritələr xüsusi qeyd olunmalıdır. O, ilk dəfə Azərbaycana daxil olan hava kütlələrinin hərəkət istiqamətini müəyyənləşdirmiş, fəsillik hava proqnozunun metodikasını işləmiş, ilk dəfə təbii-sinoptik iqlim fəsillərinin xəritəsini tərtib etmişdir.
Ə.A. Mədətzadə «Cənubi Xəzərin qasırğaları», «Abşeronun hava növləri və iqlimi», «Şərqi Qafqazın təbii sinoptik iqlim fəsilləri» monoqrafiyalarının, çoxlu sayda xəritələrin və 100-ə qədər məqalənin müəllifidir.
Ə.A. Mədətzadə 1971-ci ildə həmmüəllifi və redaktoru olduğu «Azərbaycanın iqlimi» monoqrafiyasına görə Respublika Dövlət mükafatına layiq görülmüşdür.