Prezident İlham Əliyev “Yengicə su anbarının tikintisi haqqında” 12 aprel 2023-cü il tarixli sərəncam imzalayıb. Sənəddə son illərdə ölkəmizdə su ehtiyatlarından səmərəli istifadənin, həmçinin su təsərrüfatı obyektlərinin idarə olunmasının təkmilləşdirilməsi, müasir tələblərə cavab verən meliorasiya və su təsərrüfatı obyektlərinin qurulması, eləcə də bu sahədə uçot və nəzarətin təkmilləşdirilməsi istiqamətində ardıcıl tədbirlər görüldüyü diqqətə çatdırılıb. 

Sərəncamda bununla yanaşı, son dövrlərdə nəzərə çarpan qlobal iqlim dəyişmələri, dünyada orta temperaturun yüksəlməsi, əsasən qonşu ölkələrdən daxil olan yerüstü su ehtiyatının azalma­sı, digər tərəfdən, suya tələbatın getdikcə güclənməsi məhdud su ehtiyatlarına ma­lik ölkəmizdə su ehtiyatlarının artırılması və sudan səmərəli istifadə üçün təxirəsa­lınmaz tədbirlər görülməsini zəruri etdiyi vurğulanıb. 

Bu istiqamətdə fəaliyyətin davamı olaraq, Prezident İlham Əliyevin 2020-ci il iyulun 27-də müvafiq sərəncamı ilə təsdiqlənən “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020–2022-ci illər üçün Tədbirlər Planı”nda nəzərdə tutulduğu kimi, Qəbələ rayo­nunun ərazisində Yengicə su anbarının tikintisi üzrə zəruri texniki-iqtisadi əsas­landırma və layihələndirmə işləri başa çatdırılıb. 

Dövlətimizin başçısı “Yengicə su an­barının tikintisi haqqında” yeni sərənca­mı ilə bütün bunları nəzərə alaraq, eyni zamanda, ölkədə su ehtiyatlarının artırıl­ması, əkinəyararlı torpaqların genişlən­dirilməsi, habelə müasir təsərrüfatların yaradılması və əhalinin məşğulluğunun artırılmasının təşviqi üçün Qəbələdə adıçəkilən su anbarının tikilməsini qərara alıb. 

Sənədlə Su Ehtiyatları Agentliyi, İq­tisadiyyat, Ekologiya və təbii sərvətlər, Kənd təsərrüfatı, Fövqəladə hallar na­zirlikləri, Qəbələ Rayon İcra Hakimiy­yəti və digər aidiyyəti dövlət orqanlarna bu su anbarının tikintisindən irəli gələn məsələlərin həlli ilə bağlı zəruri tədbirlər görmək tapşırılıb. Eyni zamanda “Su eh­tiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” dövlətimizin başçısının 2020-ci il 15 aprel tarixli sərəncamı ilə yaradılan müvafiq komissiya qarşısına qarşıdakı dövrdə ic­rası nəzərdə tutulun tədbirlərin əlaqələn­dirilməsi vəzifəsi qoyulub. 

Yeri gəlmişkən, burada bir məqamı da qeyd etmək istərdik. Belə ki, hazırda dünyada yaşanan iqlim dəyişikliyi, quraq­lıq və şirin su çatışmazlığı Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşmür. Su­varma mövsümü zamanı əkin sahələri­ni normal su ilə təmin etmək problemə çevrilir. Vəziyyətdən çıxış yolu əlavə su anbarları, dəryaçalar tikməkdir. Belə bir şəraitdə isə həmin su anbarları və dəryaçalara qışda, eləcə də erkən yazda su toplamaq mümkün olur. Ehtiyat su mənbələri qar, yağış, sel suları hesabına doldurulur və bütün yay mövsümü əkin sahələrinin suvarılması məqsədilə istifa­də olunur.

Onu da qeyd edək ki, hazırda respub­likamızda su ehtiyatlarından səmərəli is­tifadə ilə bağlı problemlər əsasən iqtisadi sahədə aparılacaq islahatlarla daha çox əlaqədardır. Kənd təsərrüfatında əkin­çiliyin strukturunun su ehtiyatlarına uy­ğunlaşdırılmasına ciddi ehtiyac duyulur. Daha çox su tələb edən əkin sahələrinin miqdarının stimullaşdırılmasına da zəruri tələbat müşahidə olunur. O da unudul­mamalıdır ki, belə bir şəraitdə suya az tələbatlı yeni sortlar əldə etməklə onların sahəsini artırmaq lazımdır. Su ehtiyat­ları ilə sudan istifadəçilər arasında mü­nasibətlərin kökündən dəyişdirilməsi ilə müasir su idarəçiliyinin tətbiq edilməsi də vacibdir. 

Mütəxəssislərin fikrincə, su qıtlığının daha ciddi narahatlıq doğurduğu indiki vaxtda tədricən Ümumi Daxili Məhsul istehsalında kənd təsərrüfatından fərqli olaraq daha az şirin su işlədən emaledici sənayenin, xüsusilə yüksək texnologiya­ya əsaslanan sahələrin inkişafı vacibdir. Bunun üçün respublikamızda kifayət qədər intellektual baza var. Lakin bun­ların səmərəli şəkildə təşkili lazımdır. Bu sahədə qardaş Türkiyə Respublikasının son illər həyata keçirdiyi təcrübələrdən yararlanmaq faydalıdır. Məsələn, respub­likamızda da “elm-bilik” mərkəzləri yarat­maqla bu işi sürətləndirmək olar.

Sonda yazının əvvəlinə qayıdaraq qeyd edək ki, mütəxəssislər tərəfindən Yengicə su anbarının ümumi sututumu­nun 17,5 milyon kubmetr, istifadə oluna­caq həcminin isə 12,4 milyon kubmetr nəzərdə tutulduğu bildirilir. 

Su anbarı tikildikdən sonra Qəbələ­nin aran hissəsində 10 min hektar əkin sahəsinin su təminatı yaxşılaşacaq. Bu isə həmin torpaqlarda məhsuldarlığı ar­tırmaqla yanaşı, həm də ildə 2-3 dəfə əkin aparmağa imkan verəcək.

Məhəmməd ABDUYEV,
ADPU-nun ümumi coğrafiya kafedrasının müdiri, coğrafiya elmləri doktoru:

– Son illər müşahidə olunan qlobal iqlim dəyişiklikləri ilə əlaqədar olaraq temperaturun və buxarlanmanın art­ması, bütövlükdə, su ehtiyatlarının həcminə mənfi təsir göstərir. Bunun da nəticəsində su ehtiyatlarının üçdə iki hissəsinin transsərhəd çayları he­sabına formalaşdığı Azərbaycan Res­publikasında su çatışmazlığı ildən-ilə daha kəskin şəkildə hiss olunur. Su ehtiyatlarından səmərəli istifadə et­mək məqsədilə qabaqlayıcı tədbirlərin görülməsi ilə bağlı müxtəlif ideyalar irəli sürülür. 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin mə­lum sərəncamı əsasında Qəbələ ra­yonunun ərazisində tikiləcək Yengicə su anbarı qeyd edilən qabaqlayıcı tədbirlərin ən əhəmiyyətlisi kimi dəyər­ləndirilməlidir. Belə ki, yaxın vaxtlarda inşasına başlanılacaq Yengicə su anbarı Vəndamçayın aşağı axınının və Göyçayın qolu olan Qaraçayın su ehtiyatları hesabına qidalandırılmalı­dır. Adları çəkilən çayların hər birinin çoxillik orta su sərfləri 2 kubmetr-sa­niyyəyə bərabərdir. Bu çaylar Göyçay vasitəsilə Kürə axıdılır. Buradan belə qənaətə gəlmək olar ki, həmin anbarın su ilə təchiz edilməsi nəticəsində Göy­çaya gələn su ehtiyatının həcmi təq­ribən 4 kubmetr azalacaq. Nəticədə Göyçaydan Kürə daxil olan su axını 4 kubmetrədək azala bilər. Bu isə on­suz da axını az müşahidə edilən Kür çayında suyun həcminə təsir göstərə bilər. Amma, bununla belə, qeyd et­mək lazımdır ki, inşası nəzərdə tutul­muş Yengicə anbarını su ilə qidalan­dıracaq çayların bol sulu vaxtlarının 20–25 faizi payız-qış aylarının payına düşür. Həmin aylarda isə çay sula­rı, demək olar ki, istifadəsiz şəkildə axıb gedir. Payız-qış aylarında axının qarşısı kəsilərsə, yəni həmin suların anbarda yığılması, Kürün aşağı his­səsində su çatışmazlığına səbəb ol­mayacaq. Eyni zamanda onu da qeyd etmək istəyirəm ki, adları çəkilən çay­ların su ehtiyatlarının 40-45 faizi ye­raltı sular hesabına formalaşır. Həmin ərazilərdə, yəni çayların hövzələrində yeraltı sular olduqca zəngindir. Bu da onu deməyə əsas verir ki, tikiləcək su anbarının ehtiyatlarının müəyyən hissəsi elə yeraltı sular hesabına for­malaşacaq. Anbarda toplanacaq su ilin quraq dövründə, yəni vegetasiya müddətində əkin sahələrinin suvarıl­masına əlavə imkanlar yaradacaq.

Bütövlükdə isə ölkə Prezidentinin bu istiqamətdə atdığı addımlar, imza­ladığı sənədlər Azərbaycanın mövcud su ehtiyatlarından daha səmərəli isti­fadəsinin təkmilləşdirilməsinə səbəb olacaq.

https://xalqqazeti.az