Bir neçə il öncəyədək ölkəmizdə ən geniş yayılmış və daha çox ölümlərə səbəb olan xəstəlik növü ürək-damar problemləri ilə bağlı idi. Hazırda da belədir. İkinci yerdə onkoloji xəstəliklər gəlir.
Hazırda isə ölkəmizdə ağciyər və allergik xəstəliklərin sürətlə artdığı müşahidə olunur. Xüsusilə uşaqlarda allergik xəstəliklərə tez-tez rast gəlinir.
“Adətən iltihabi xarakterli olan ağciyər xəstəliklərinin əmələ gəlməsində ətraf mühitin mənfi faktorlarının böyük rolu var”.
APA xəbər verir ki, bunu TƏBİB-in tabeliyində fəaliyyət göstərən Bakı Baş Səhiyyə Mərkəzinin 1 nömrəli Şəhər Poliklinikasının həkim-terapevti İradə Səbziyeva deyib.
Həkimin sözlərinə görə, məsələn, sənaye-istehsalat tullantıları, orqanik və qeyri-orqanik tozlar, toksik buxar və qazlar, aktiv və passiv siqaret çəkmək, uşaq yaşlarında təsadüf edilən və sonradan tez-tez müşahidə olunan tənəffüs yollarının xroniki iltihabı, allergiyalar, tənəffüs orqanlarında olan anomaliyalar, immun zəifliyi, gigiyenik qaydalara düzgün riayət olunmaması göstərilə bilər: “Öskürək, halsızlıq, hərarət, bəlğəm olması şikayətləri daha çox olur. Hətta bəzən bəlğəm ifrazı qanlı da ola bilir. Son illərdə ağciyər xəstəliklərində artım müşahidə olunur. Əsasən orta yaşlı, eləcə də ahıl kişilər daha çox müraciət edir. Kompüter tomoqrafiyası aparılarkən heç bir simptomlar olmasa da, ağciyər xəstəliklərinin müxtəlif mənşəli törəmələrinə də rast gəlinir”.
Həkimin də dediyindən aydın olur ki, problem daha çox atmosferlə bağlıdır.
Müşahidələr də onu deyir ki, Bakı şəhərində hava çox çirklidir. Bunu gündəlik həyatımızda əyani hiss edirik. Həmçinin beynəlxalq təşkilatların da hesabatlarında bu öz əksini tapır.
Bakıda yaşıllıqların son 20 ildə az qala yarısının məhv edilməsi də burada diqqətdən qaçmamalıdır...
Nəzərə çatdıraq ki, turistik ölkəyə çevrilməklə bağlı planlarımızı elan etdiyimiz halda, çirkli havası olan ölkə kimi tanınmağımız bizə çox ziyanlıdır. Çünki turistlər havası çirkli olan ölkələrə üz tutmaq istəmirlər.
Ən əsas məsələ, əhalinin birbaşa sağlamlığına təsir məsələsidir. Ekoloqlar iddia edir ki, dövlət qısa zamanda bu məsələ ilə bağlı ciddi proqramlar hazırlamasa, bir neçə il sonra fəlakətli durum yaşana bilər.
Aydın Əliyev: “İltihabi xarakterli xəstəliklər təkcə çirkli hava ilə əlaqədar deyil”
Azərbaycan Həkimləri İctimai Birliyinin təsisçilərindən biri, həkim-radioloq Aydın Əliyev mövzunu “Yeni Müsavat”a belə şərh etdi: “Problemə kompleks yanaşmalıyıq. Bakının havasının çirkli olduğu bəllidir. Səbəbləri araşdırmaq müvafiq qurumların səlahiyyətindədir. İltihabi xarakterli xəstəliklər təkcə çirkli hava ilə əlaqədar deyil. Yoluxucu xəstəliklər amilini diqqətdən kənarda saxlamaq olmaz. Məsələn, vərəm xəstəliyi infeksion xəstəlikdir. Dünyada dərmanlara qarşı davamlı ağciyər vərəminə görə Azərbaycan birinci yerdədir. Bu o deməkdir ki, Azərbaycanda bu məsələyə diqqət yetərli deyil. Yarımçıq müalicələr çoxdur. Adi vərəm dərmanı növbəti dəfə xəstəyə veriləndə faydası olmur. Dünyanın inkişaf etmiş ölkələrində vərəm xəstəliyi demək olar ki, qeydə alınmır. Bizdə isə proses təəssüf ki, hələ də davam edir. Bu məsələdə həm təbliğat-təşviqat işləri ilə bağlı, həm də profilaktik yoxlamalarla bağlı səhiyyə qurumlarının məsuliyyəti var. Təəssüf ki, Azərbaycanda profilaktik yoxlamaların səviyyəsi qənaətbəxş deyil. İldə bir dəfə böyüklər döş qəfəsinin müayinəsi aparılmalıdır”.
Həkim xəstəliklərdən qorunmaq üçün bəzi tövsiyələr verdi: “Havası ağır olan yerlərdə çox dayanmamağı, nikotinli vasitələrdən istifadə etməməyi məsləhət görürəm. O cümlədən peşə xəstəlikləri ilə bağlı məqama da diqqət çəkmək istəyirəm. Hazırda bu məsələyə diqqət nisbətən azdır. Zərərli sahələrdə çalışan işçilər üçün ciddi tədbirlər görülməlidir. Sənaye inkişaf etdikcə peşə xəstəliklərinin sayı artır: xərçəng, orqanların xroniki iltihabi xəstəlikləri, müxtəlif orqanların çatışmazlığı, sümüklərdə, qanyaradıcı orqanlarda dəyişikliklər ola bilər. Buna görə də zərərli məhsullar olan istehsal sahələrində işçilərin sağlamlığının araşdırılması, ildə ən azı bir dəfə müvafiq müayinələrdən keçməsi məqsədəuyğundur”.
Ənvər Əliyev: “Hava çirkliliyində ən böyük faktor avtomobillərlə bağlıdır”
Ekoloq Ənvər Əliyev “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan əhalisinin təxminən 40%-i Bakıda yaşayır. Ekspert xatırlatdı ki, müstəqillikdən öncəki dövrdə böyük şəhərlərdə havanın təmizliyi zavodların sayı ilə müəyyənləşirdi: “Hazırda zavodların sayı xeyli azalıb, onlarda da təmizləyici qurğular olduğuna görə hava çirkliliyində ən böyük faktor avtomobillərlə bağlıdır. Beynəlxalq Səhiyyə Təşkilatının təhlillərinə əsasən hava çirklənməsi böyük şəhərlərdə və əhalinin sıx yaşadığı ərazilərdə daha çoxdur. Avtomobillər, sənaye müəssisələri, məişət tullantıları havanı çirkləndirən əsas mənbə hesab olunur. Abşeron yarımadası, Sumqayıt əhalinin sıx məskunlaşdığı və əksər sənaye müəssisələrinin cəmləşdiyi ərazidir. Beynəlxalq təşkilatların müşahidəsinə görə, daş karxanaları, neft-qaz hasilatı qurğuları, neft emalı zavodları, nəqliyyat sektoru və s. əsas çirkləndirici mənbələrdir”.