(Ulu Borçalı yurdunun Yaylaq və qışlaqları)

MƏMMƏD SARVAN (SADIQOV)

AMEA H.Ə.Əliyev adına Coğrafiya İnstitutu

“Demoqrafiya və əhali coğrafiyası” şöbəsinin aparıcı elmi işçisi,

coğrafiya üzrə fəlsəfə doktoru, dosent

 

ŞAHVƏLƏD ƏLİYEV

AMEA H.Ə.Əliyev adına Coğrafiya İnstitutu

“Turizm və rekreasiya coğrafiyası” şöbəsinin aparıcı elmi işçisi,

biologiya üzrə fəlsəfə doktoru

 

İnsan sivilizasiyasına başlanmazdan xeyli əvvəl dünyanın bəzi regionlarının (Mesopotomiya, Tibet, Qafqaz) ölkələrində Fərad və Dəclə, Kür-Araz çaylarının ətraf ərazilərində heyvandarlıq, əkinçilik öz missiyasını dünyanın xəritəsinə nəşr etdirmişdir. Artıq təsərrüfatların bu istiqamətləri durmadan öz areallarını genişləndirməkdə davam etdirmişdir.

Bu baxımdan şübhə yoxdur ki, doğma Qafqaz diyarının bir sıra bölgələri də, o cümlədən Borçalı mahalı daxil olmaqla bu problemlərdən kənarda qalmamışdır.

Tarixdən məlumdur ki, insanların yaşayıb yaratmasında ərzaq məhsullarının (o cümlədən heyvandarlıq məhsullarının) rolu danılmazdır. Onun üçün heyvandarlığın inkişafı bu baxımdan əvəzsizdir. Borçalı mahalının ərazisi üç tərəfdən dağlar və təpələr, bir tərəfdən isə düzən və Ana Kür çayı ilə həmsərhəddir. Borçalı qışlaq və yaylaqları bu istiqamətdə çox mənzərəli olması ilə yanaşı həm də örüş, otlaq və biçənək baxımından da çox keyfiyyətlidir. Bütün bu kompleks təbii ehtiyatların olması – Yaylaq və Qışlaqların tarixən inkişaf  etməsinə səbəb olmuşdur.

Təbii şərait və relyef baxımından füsunkar gözəlliyə malik olan Borçalının təkrarolunmaz təbiəti, qışlaq və yaylaqları, çəmən və çölləri, çay və gölləri, şəffaf bulaqları tarix boyu insanları özünə cəlb etmişdir. Bir-birinin davamı olan sıra dağların qoynunda neçə-neçə bulaqları, çayları, gölləri və yurd yerləri vardır ulu Borçalı türklərinin bu yerlərdə. Bir yanı Cəlaloğlu, bir yanı Homoret (Qomoret) – Başkeçid, arxasınca Zəlyə-Barmaqsız yaylası, Təvədöy, Nehrəm (Xram) çayının «Qaranlıq dərəsi»nin davamı Sarvan dağlıq arası yaylası, Toxabir-pərvanə dağətəyi düzənliyi və oradan da «Nayvəli» keçid qurşağının arxasında gizlənmiş Qızılhacılı, Qaraçalar yaylaqlarında salınmış yurdları misal göstərmək olar.

                       

Şəkil 1. Sarvan camaatının yaylağa çıxdığı “Çınqıllı” adlı subalp çəmənliyi arxada. Koroğlu dağı

Hələ orta əsrin ortalarında Borçalı mahalının əhalisi-yayda dağ köçü (yaylağa çıxmaq) mərasimi üç formada dağlıq ərazilərə çıxardılar. Əhalinin bir hissəsi və ya bir qrup kəndlərin əhalisi Gümrü (Kirovakan) – Cəlaloğlu istiqamətdə: Bu yerlərə əsasən Qarayazı bölgəsindən, Borçalı nahiyəsinin Qaçağan, Ağməmmədli, Sadaxlı, Gorarxı, Quşçu, Qaçımlı, Qaraçöp, Jop-Muğanlı nahiyəsinin və Çoruk Qəmərli  (Bolnis) nahiyəsinin Arıxlı, Kolayır, İmirhəsən, Saraclı, Kəpənəkçi, Qorçulu və s. məntəqələrin əhalisi çıxardılar.  Zəlyə-Barmaqsız-Ahılkələk yaylaqlarına isə bir qayda olaraq  Sığnax-Laqodex-Saqareclonun bəzi kəndlərindən xüsusəndə, Qaraçöp kəndləri və Qarayazı bölgəsindən gələrdilər. Borçalı nahiyəsinin Sarvan, Qızılhacılı və  Ağbulaq nahiyəsinin Kosalar məntəqələrinin camaatı isə Sarvan-Toxabir-Pərvanə-Nayvəli yaylaqlarındakı binələrə qalxardılar.

Şəkil 2. Sarvanın yaylaq düşərgəsindən Qızılhacılı və Qaracalara gedən mövsümü işlək nəqliyyat yolu

Birinci qrup yaylaqlara əsasən Sarp dərəsi ilə Şamdüyə dağlıq massivi arasında olan yaylaqları, zümzüməli və diş  göynədən «Süddü bulağı», «Qırx göz», «Gül bulağı», «Sarı», «Qırmızı», Gödək  dağın ətəyində şirin və dadlı suyu olan «Nənəxatun» və «Pilləkənli» kompleks bulaqları qeyd etmək olar. Onların davamı olan Sənək uçan-Əyri qar bölgələrində olan bulaqları, Sarvan-Nayvəli-Qızılhacılı yaylaqlarında «Qırx bulağı», «Qızlar bulağı» «Nayvəli», «Qoşa bulağı», «Qotur bulağı», «Əlləz», «Məşdən», «Miki İsə» və Qızılhacılı, Qaracalar massivindəki bulaqları göstərmək olar ki, bu bulaqlar qədimdən çağlayıb – coşaraq bir qolda birləşib Nehrəm çayının mənbəyini təşkil edirlər.

Bu adları çəkilən yaylaqlar, bulaqlar və örüş-otlaq yerləri ta qədimdən indiki Sarvan, Qızılhacılı, Gorarxı, Qaçağan, Sadaxlı, Muğanlı, Qaraçöp, Qaracalar, Ağ Təhlə, Qara Təhlə, Kolagir,  Saraclı, Qorulu, Kəpənəkçi, Keşəli, Kosalı, Kosalar və s. kəndlərdən çıxmış xan, bəy, ağa və şeyxlərə məxsus olmuşdur. Yaylaq yurdlarının hamısında bu ağaların adını daşıyan və yaşadan onlarca binə, örüş, bulaq, yaylaq və qəbiristanlıqlar vardır. Belə yurd yerlərindən: Ağalıq, Qaracallar, Sınqıl, Sarıməmmədli, Gülməmmədli, Məmmədxanlı, Məhəmmədlər, Məşədiavdı, Həsənuşağı, Xaccauşağı, Darğallı və başqalarını göstərmək olar. Təxminən 300-350 il bundan əvvəl bu yaylağa çıxan camaat 80-90 günlüyə gələrmişlər. Ona görə də çox tez-tez yay mövsümündə yaylaqda qız və oğlan toyları keçirilərdi. Şübhəsiz Ki, qəfildən dünyasını dəyişənlər və xəstələnənlər də olurdu. Odur ki,  belə olduqda cənazə heç vaxtı dağdan arana gətirilməzdi. Buna iqlim şəraiti də yol

vermirdi. Elə dağçıların-yaylaqçıların iştirakı ilə yaylaq qəbiristanlıqlarında dəfn  edirlərmiş. Bu tip qəbiristanlıqlara hər bir yaylaq düşərgəsində ən azı 2-3 müxtəlif ərazilərdə rast gəlinir. Şübhəsiz, bu qəbiristanlığın çoxluğu yaylaqların qədimliyini  və uzunömürlüyünü təsdiqləmiş olur.

 

 

Şəkil 3. Sarvan camaatının başbulaq və Nayvəli bulağının arasında dəyələrin düşərgəsi

Çox maraqlıdır ki, hələ o dövrlərdə bu yerlərin ab-havası nəinki insan, hətta heyvanat Aləmi üçün də çox sərfəli və effektli olmuşdu. Bunları hiss edən bir qrup Almaniya, İsveçrə və Avstriya fermerləri XVIII əsrin axırları – XIX əsrin əvvəllərindən başlayaraq Başkeçid yaylaqlarına pənah gətirərlərmiş. Bu fermerlər Çatax adlanan bir sahədə (Arıxlı camaatına məxsus)  Azərbaycan türklərilə birlikdə yağ-pendir zavodları tikdirərək uzun müddət təsərrüfatın bu sahəsi ilə məşğul olub, böyük şöhrət qazanmışlar. Ümumiyyətlə, bu istehsalın bünövrəsini qoyan milliyyətcə alman olan «Fedir» (Fridrix) ləqəbli bir nəfər olmuşdu. Bu zavod əsrimizin 50-ci illərinə kimi fəaliyyət göstərmişdir. Hal-hazırda onun dağılmış qalıqları hələ də ərazidə qalmaqdadır. Fedirin bu yağ-pendir zavodu «Süd» dağı adlanan bir çəmənlik ərazidə tikilmişdir. Çox güman ki, bu adı da Arıxlı Qarapapaqlıları qoymuşlar. Bu yaylaqlarda bitən təbii yem bitkilərinin tərkibində çoxlu yağlı və şirəli maddə birləşmələri vardır. Burada yemlənən mal-qaradan gündə 2 dəfə  süd əldə edilirdi. Belə fermerlərdən biri də yenə milliyyətcə alman olan Kuçenbaxdır. O, Fridrixdən fərqli olaraq heyvandarlıqla yox, sənaye ilə məşğul olmuş yeni tikinti materialı istehsal edən şüşə zavodu tikdirmişdir. O, bu zavodu Başkiçiddən bir az kənarda xammal ehtiyatı bol olan bir ərazidə tikdirdi. Bolnis bölgəsinin tərkibində olan Kəpənəkçi, Faxralı; Marneuli bölgəsinin Dəmyə Gorarxı, Qaçağan, Sadaxlı; Qarayazı və onun s. məntəqələrinin camaatı bir qayda olaraq, Qaraxaçın-Dəli dağ zonasındakı yaylaqlara köç edərdilər.  Bu yerlərdə öz keyfiyyətinə görə fərqlənən «Sandıq», «Sayı», «Gur» bulaqları, o dövrdə  qoşadağ massivinin bir sıra dərələri əhalinin diqqətini cəlb etmişdir. Hələ orta əsrlərdən şöhrət qazanmış «Qaranlıq dərə», «Çatax» və «Ağcalı» dərələri  füsunkar qamətilə əhalini özünə cəlb etmişdir. Çox maraqlıdır ki, yayın ən isti günlərində «Orta qılıc» dağ massivinin əyri formalı qalın qar layı  diqqəti daha çox cəlb edirdi. Uzun  illərdir ki, bu qar layından camaat içməli su mənbəyi kimi də istifadə edərdilər

Dəlidağ yaylasının qədim qəbiristanlılığında Kəpənəkçi  kəndinin ağsaqqalı Mehdi ağa Hacalılının söylədiyinə görə  kəndin 25-26 yaşında rəhmətə getmiş gənc- şairi, xüsusi fitri istedada malik olan şair Məmməd Namazov bu dağlar, dərələr və bulaqlar haqqında belə yazmışdır:

Çulğalayıb  dumanların,

Veribsən başa-başa dağlar.

Dəli dağın arxasından

Görünür o Qoşa dağlar.

 

Sandıq bulaq,  birdə Sayı

Dövran sürur bahar-yayı.

Gur bulağın yoxdu tayı,

Axır coşa-coşa dağlar.

Orta qılınc, bir də Çatax

Dümağ qardan salıb zolaq.

Günü keçər xoşa dağlar,

Görünür o Qoşa dağlar

 

Şəkil 4. Sarvanlıların çəmən – otlaq sahələrini tərənnüm etdirən foto-şəkil 

Borçalı dağları, yaylaqları və ümumən Borçalı təbiəti şübhəsiz ki, bu yuxarıda qeyd olunanlarla bitmir və bunlarla kifayətlənmək də olmaz! Bu mahalın minilliklərdən bizə miras qalan yüzlərlə, minlərlə bulaqları, yurd, binə, örüş, biçənən və qəbiristanlıqları vardır.

Bunlara hər il cığır açan, yurd yerində ocaq qalayıb tüstü çıxaran, şəffaf bulaqlarından istifadə edənləri yenə də borçalılardır və borçalılarda olacaqdır…

Ümumiyyətlə, yaylaqların bünövrəsi qışlarlaqdan bəhrələnmişdir. Məlumdur ki, Borçalıların arançıları yaylağa qalxmazdan əvvəl öz qışlaqlarında hazırlıq işləri görərlərmiş. Təxminən aprel ayının 15-20-sində səfərə- yaylağa çıxma mərasimini təntənəli surətdə həyata keçirərdilər. Bu vaxt hər fermer öz təsərrüfatında olan (ilxı, qoyun- keçi, mal-qaraların) xəstəliklərə qarşı müayinə edib, onların yununu qırxarlarmış (bax şəkil 5.). Bu əməliyyatlar həyata keçdikdən sonra yaylağa köç edərlərmiş. Təxminən 3-5 gün yol qət etdikdən sonra yaylağa-mənzil başına çatarlarmış. Yaylaqda, yurd yerlərində və binələrdə təmir, bərpa işləri, dəyələrin qurulması, kürə, fırın və ocaq yerlərinin hazırlanması, təmizlik üçün yuyunma yeri, qəbiristanlığın ətrafında səliqə-sahmanın aparılması  və s. kimi mədəni-məişət və iaşə sahələrinin bərpası ilə məşğul olardılar. Qeyd edilməlidir ki, bu mərasimlərin fəsli olaraq qeyd edilməsi, borçalıların ən qədim dövrdən nəyə qadir olduğunu bir daha sübuta yetirmiş olur. Elə bunun nəticəsidir ki, bu borçalı yurd yerlərindən bir tərəfi Ərəbistan, Mərkəzi Asiya ölkələrindən  qəhrəman atlılar dəstəsi meydana gəlmiş və Borçalıda ad-san qazanmışlar.

İstər bütöv Borçalının və istərsə də onun Sarvan camaatının yaylaq yerləri ilə yanaşı qışlaqları da diqqət mərkəzində olmuşdur.

 

Şəkil 5. Sarvan yaylağı ilə Qaracalar yaylağı arasında süni yaradılmış gölməçə

(əsasən qoyunların qırxını və dərmanlanması)

Sarvanın qışlaqları rayon mərkəzindən 3-5 km kənarda «Yağlıca» adlanan massivin indiki Rustavi ilə Marneuli şəhərlərinin ərazisində yerləşmişdir. 1990-cı ildən bu təsərrüfat sahələri bir dəfəlik dağıdılmış, yerində isə 5-6 inzibati rayonun əhalisini un ərzaq məhsulu ilə təmin edən respublika tabeli «elavator» (un üyüdən mexanikləşdirilmiş dəyirman) quraşdırıldı. Bu da Elata olan hörmət ……… Bu materialda adları qeyd olunan yaşayış məntəqələrinin əksəriyyətinin «yağılca» massivində «Qızıl daş» ərazisində və «Qırmızı körpü» Kür çayı ətrafında qışlaqları var idi.  Hazırda  Kür çayının Azərbaycana aid sahillərində bu tipli qışlaqlar fəaliyyət göstərir. Misal üçün Tovuz rayonuna aid olan Kür çayının sol sahilində Tovuzun Xatınlı kəndinə məxsus olan qışlaq, binə və yataq ərazilərini qeyd etmək olar. Bu tipli qışlaq-yataq yerləri Tovuz, Ağstafa və Qazax rayonlarının ərazilərində rast gəlmək mümkündür. Məhz yaylaqlara da istiqamət yalnız və yalnız adları çəkilən qışlaqlardan başlayır.

Şəkil 6. Şamdüyə - Homoret. Bu yaylaq mənzərəsi Sarvan yaylağının Qaranlıq dərə istiqamətində salınmış binə düşərgələrindən götürülmüşdür 

 

ƏDƏBİYYAT SİYAHISI 

1.Məmməd Sarvan (Sadıqov). Ulu Borçalı (Tarixi-coğrafi oçerk). Bakı, 1998, 726 s.

2.Материалы для изучения экономика быта государственных крестьян Закавказского края, том IV, Тифлис 1886.

3.Кавказский календарь. Тифлис, 1898-1917, 599 ст.

4.Джаошвили В.Ш. Население Грузии, 1968, 392 ст. 

 

Yer və insan elmi-nəzəri jurnal, №1(17), ss.87-91, Bakı, 2022 ISSN 2706-9168