Z.N. Eminov 1967-ci ildə Azərbaycan Respublikası Neftçala rayonunun Yuxarı Qaramanlı kəndində anadan olub.
1991-ci ildə Bakı Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirərək Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunda baş laborant kimi əmək fəaliyyətinə başlayıb və burada baş direktor vəzifəsinədək yüksəlib.
2017-ci ildən İnstitutun «İnsan coğrafiyası» istiqamətinə rəhbər, yeni yaradılmış «Tibbi coğrafiya» şöbəsinə müdir təyin edilib.
1995-ci ildən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi İqtisadi İslahatlar Mərkəzinin aspiranturasını bitirib. 1997-ci ildə AMEA İqtisadiyyat İnstitutunda «Azərbaycan Respublikasında əhalinin Vahid Məskunlaşması Sisteminin (VMS) formalaşması və inkişafı (Gəncə–Qazax iqtisadi rayonunun timsalında)» mövzusunda namizədlik dissertasiyası müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsini alıb. 2007-ci ildə Z.N. Eminova dosent elmi adı verilib.
O, 2012-ci ilin sentyabrında «Azərbaycanda əmək ehtiyatlarının formalaşmasının demoqrafik problemləri» mövzusunda doktorluq dissertasiyası müdafiə edib.
Z.N. Eminov Azərbaycan Respublikasında və keçid dövründə olan digər ölkələrdə əhalinin sosial-demoqrafik vəziyyəti, əmək ehtiyatlarından istifadə edilməsi, yaşayış məntəqələrinin inkişafı, aparılan iqtisadi islahatlar, onların bu proseslərə təsiri məsələlərini öyrənir. Azərbaycanda əhalinin məskunlaşmasının iqtisadi və sosial-demoqrafik problemlərinə dair 90-a qədər elmi məqalə və tezisin, 10 monoqrafiyanın, 10-a qədər kitabın müəllifidir. Elmi əsərləri ABŞ, Böyük Britaniya Rusiya Federasiyası, Ukrayna, Özbəkistan, Qazaxıstan, Bolqarıstan, Rumıniya və s. ölkələrdə çap edilib.
Müəllifin «Azərbaycanın əhalisi», «Azərbaycan Respublikasının iqtisadi, sosial və siyasi coğrafiyası (proseslər, problemlər, konstruktiv aspektlər)” (N.Ə. Paşayev və N.H. Əyyubovla birlikdə, Bakı, 2010) və başqa monoqrafiyaları çox əhəmiyyətlidir.
“Azərbaycan Respublikası Milli Atlası”nın hazırlanmasında, iqtisadi, sosial və demoqrafik məzmunlu xəritələrin tərtibində yaxından iştirak edən Z.Eminov 17-yə qədər xəritənin müəllifidir.
Onun həmmüəllifliyi ilə Türk dünyasının coğrafiyası və etnosu” üçcildliyi (Azərbaycan və rus dilində) və “Naxçıvan Muxtar Respublikasının coğrafiyası” ikicildliyi işıq üzü görüb.
Z.N. Eminov coğrafiyanın tədrisi və geniş oxucu kütləsi arasında təbliği üçün xeyli işlər görüb, böyük həcmli kitablar və vəsaitlər hazırlayıb. 2012-ci ildə Z.N. Eminov (Q.M. Səmədovla birgə) orta ümumtəhsil məktəbləri üçün tədris vəsaiti kimi nəzərdə tutulan iki cildlik “Coğrafiya ensiklopediyası”nı hazırlayıb. 2015-ci ildə orta ümumtəhsil məktəblərində tədris olunan kurikulum proqramı əsasında VIII siniflər üçün «Coğrafiya» dərsliyi və “Müəllimlər üçün metodik vəsait”in həmmüəllifidir.
Alim 2015-ci ildə Coğrafiya İnstitutunun hazırladığı «Azərbaycan Respublikasının coğrafiyası» adlı üçcildlik fundamental əsərin ikinci (İqtisadi, sosial və siyasi coğrafiya) və üçüncü (Regional coğrafiya) cildlərinin əsas müəlliflərindən biri kimi 2016-cı ildə elm sahəsində Azərbaycan Respublikasının Dövlət Mükafatına layiq görülüb.
Ərazilərimiz işğaldan azad edildikdən sonra Coğrafiya İnstitutunun Qarabağ mövzusunda hazırladığı “Qarabağ və Şərqi Zəngəzurun coğrafiyası: təbii-coğrafi şərait və sosial- iqtisadi inkişaf potensialı”, “Şuşa inzibati rayonunun coğrafiyası: təbii şəraiti və sosial-iqtisadi inkişaf potensialı”, “Azərbaycan Respublikasında əhalinin həyat keyfiyyətinin müasir vəziyyəti”, “Azərbaycan respublikasında kəndlərin demoqrafik inkişafı və kənd əhalisinin məskunlaşması problemləri”, “İrəvan quberniyasının sosial-demoqrafik inkişafı və toponimikanın qorunması problemləri”, “Aran iqtisadi rayonunda demoqrafik inkişaf problemləri və əhalinin məskunlaşması” kitablarının müəlliflərindən biri və ərsəyə gəlməsinin əsas təşkilatçısı məhz Zakir Eminovdur. “Qarabağın etnik məskunlaşma tarixi və toponimikası” kitabının hazırlanması və nəşr olunmasında onun xidməti xüsusi qeyd olunmalıdır.
Z.N. Eminovun tədris fəaliyyəti BDU və ADPU ilə bağlıdır. Hazırda 1 nəfər elmlər doktoru dissertasiyasına, 5 fəlsəfə doktoru üzrə dissertanta, 5 doktoranta elmi rəhbərlik edir. İndiyə qədər onun elmi rəhbərliyi ilə 7 nəfər coğrafiya üzrə fəlsəfə doktoru dissertasiyası müdafiə edib.
AR Prezidenti yanında AAK-ın 14.09.2023-cü il tarixli qərarı ilə Zakir Eminova elmi fəaliyyətinə görə professor elmi adına layiq görülüb.
2021-ci ildən Z.N. Eminov Coğrafiya İnstitutunun baş direktoru vəzifəsini icra edir.