Qarabağda məişət tullantıları poliqonları yaradılacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekoloji Ekspertiza Agentliyi tərəfindən işğaldan azad edilmiş ərazilərdə tullantıların idarə edilməsi mövzusunda keçirilən ictimai dinləmədə Xocalı, Ağdam, Füzuli, Kəlbəcər, Laçın, Qubadlı, Cəbrayıl və Tərtər rayonlarında məişət tullantıları poliqonlarının inşasının nəzərdə tutulduğu açıqlanıb. Agentliyin sədri Mirsalam Qəmbərov qeyd edib ki, azad olunmuş ərazilərdə ən böyük poliqon Ağdam şəhərində yaradılacaq: "Ümumilikdə, 7 tullantı poliqonunun və 2 ötürücü məntəqənin inşası nəzərdə tutulur. Ağdam tullantı poliqonu 15, Şuşa (Xocalı), Laçın və Kəlbəcər poliqonlarının hər biri 10, Qubadlı, Cəbrayıl, Tərtər və Füzuli poliqonlarının hər biri 5 hektar ərazidə inşa ediləcək. Zəngilanda isə 10 hektar ərazidə ötürücü məntəqənin inşası nəzərdə tutulur. Tullantılar dünyada biznes nümunəsi kimi dəyərləndirilir. Ona görə tullantıların təkrar emalı, xammal kimi istifadəyə hazırlanması vacibdir. Azad edilmiş ərazilərdə tullantıların idarəsinə də eyni prinsiplə yanaşmaq lazımdır".
Ekoloq Ənvər Əliyev Demokrat.az-a açıqlamasında bildirib ki, məişət tullantıları ətraf-mühitin korlanmasına səbəb olur:
“İnkişaf etmiş ölkələrdə bu tullantıların xüsusi qaydada utilizasiyası həyata keçirilir. Bakı şəhərində də tullantıları poliqonda təmizləyirlər. Kağız məmulatlar ayrı, plastik kütlədən olan tullantılar ayrı yığılır, bəziləri yandırılır və alınan enerjidən qışda evlərin qızdırılmasında istifadə olunur”.
Ekspertin fikrincə, azad edilmiş ərazilərdə məişət tullantıları poliqonlarının yaradılması müsbət addımdır:
“Tullantıları adətən yandırırlar, tüstü əmələ gəlir və havaya zərərli qazların buraxılmasına səbəb olur. Bəzi yerlərdə tullantılar su mənbələrinə axıdılır, təbiətin çirklənməsinə səbəb olur. Tullantıların bəziləri çürüyür, bəziləri yandırılır, bəziləri isə yüz illərlə su hövzələrində qalır, çürümür və canlı aləmin məhv olmasına səbəb olur. Məişət tullantıları poliqonlarının yaradılması təbiətin çirklənməsinin qarşısını almaq üçün ən yaxşı üsullardan biridir. Respublikasının digər rayonlarında da məişət tullantıları poliqonlarının yaradılması, tullantıların mərkəzləşdirilmiş qaydada çeşidlənərək yandırılması və ya təkrar emal edilməsinə ehtiyac var”.
Demokrat.az