Xəzər dənizi iqlim laboratoriyası hesab olunur - ARAŞDIRMA

Avropa və Asiyanın qovuşuğunda yerləşən Xəzər dənizi dünyanın ən böyük gölüdür. Xəzər həm də dünyanın okeana çıxışı olmayan ən böyük su hövzəsidir. Qapalı su hövzəsi olması onun səviyyəsində periodik tərəddüdlərə səbəb olur. Hazırda Xəzər dənizinin ən böyük problemi su səviyyəsinin kəskin enməsidir. AZƏRTAC mövzunu araşdırıb və mütəxəssislərin fikirlərini öyrənib. Araşdırma yazını təqdim edirik.

Xəzər dənizinin səviyyə tərəddüdünün yaranmasında əsasən iqlim və geoloji amillər önəmli rol oynayır

Xəzər dənizinin səviyyəsinin tərəddüdü tarixən müxtəlif dövrlər üzrə mütəmadi baş verib və hətta müəyyən zamanlarda fəsadlara səbəb olub. Buna əsasən deyə bilərik ki, Xəzər dənizinin səviyyə tərəddüdünün yaranmasında əsasən iqlim və geoloji amillər önəmli rol oynayır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudovun sözlərinə görə, Xəzər dənizinin səviyyə tərəddüdünün müşahidələri qədimdən aparılsa da, ilkin olaraq ölçü cihazı ilə sistemli müşahidə işlərinə 1837-ci ildən E.A.Lents tərəfindən Bakı şəhəri ətrafı dəniz sahəsində başlanılıb: “Həmin sistemli müşahidələr əsasında belə nəticəyə gəlmək olar ki, 1837-ci ildən XX əsrin 30-cu illərinə qədər Xəzərin səviyyəsində kəskin tərəddüdlər müşahidə edilməyib. 1882-ci ildə dənizin maksimal səviyyəsi Baltik sistemi ilə -25.2 metr qeydə alınıb. Lakin 1929-cu ildən Xəzərin səviyyəsi kəskin düşməyə başlayıb və səviyyənin enmə prosesi 1977-ci ilə qədər davam edib. Həmin dövr ərzində Xəzər dənizinin səviyyəsi təxminən 4 metr enib. Bu da Baltik sistemi ilə -29.05 metrə kimi enmə deməkdir. 1977-ci ildəki səviyyə son dövrlər üçün Xəzər dənizinin ən minimum səviyyəsi hesab edilir.

1978-ci ildən etibarən Xəzər dənizinin səviyyəsi artmağa başlayıb və bu proses 1995-ci ilə qədər davam edib. Bu dövrdə Xəzərin səviyyəsi təxminən 2.65 metr artaraq Baltik sistemi ilə - 26.40 metr olub. 1995-ci ildən 2010-cu ilə qədər müəyyən stabilləşmə müşahidə olunub. Bu dövrdə kəskin səviyyə tərəddüdləri qeydə alınmayıb. Lakin 2011-ci ildən başlayaraq yenidən kəskin enmə prosesləri müşahidə edilib ki, bu proses də hazırkı dövrə qədər davam edir”, - deyə xidmət rəisi bildirib.

N.Mahmudov qeyd edib ki, Xəzər dənizinin Azərbaycan sektorunda hidrometeoroloji müşahidələr Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan stansiya və məntəqələrdə aparılır. Xəzər dənizinin hidrometeoroloji şəraitinin öyrənilməsi məqsədilə dəniz müşahidə şəbəkəsi stansiya və məntəqələrində suyun səviyyəsi, temperaturu, duzluluğu, rəngi, şəffaflığı, dalğanın hündürlüyü, yağıntının miqdarı məlumatları və digər göstəricilər üzərində mütəmadi müşahidələr həyata keçirilir: “Neft Daşları dəniz hidrometeoroloji stansiyasının müşahidə məlumatlarına əsasən, 2021-ci ildə orta illik səviyyə Baltik sistemi ilə -28.14 metr, 2022-ci ildə -28.42 metr, 2023-cü ildə -28.69 metr qeydə alınıb. 2021-2023-cü illər üzrə orta illik səviyyəni müqayisə etdikdə, Xəzər dənizində 55 santimetr azalma qeydə alınıb. Bu stansiyanın müşahidə məlumatlarına əsasən, 2024-cü ilin iyun ayında Xəzər dənizinin orta aylıq səviyyəsi Baltik sistemi ilə - 28.67 metr təşkil edib”.

Xidmət rəisi bildirib ki, Xəzər dənizinə Volqa, Kür, Astaraçay, Viləşçay, Qaraçay, Samur, Ural və digərləri də daxil olmaqla, 130-dan çox çay axır. Onlardan Volqa çayı Xəzərə axan ən böyük çay olmaqla, su balansının dənizə səth axınının ümumi həсminin 80 faizini təşkil edir. Yeraltı su axınları da Xəzər dənizinin su balansının bir hissəsini təşkil edir. Lakin yeraltı su axınlarının hansı dərəcədə Xəzər dənizinin səviyyəsinə təsir etməsi barədə alimlər tərəfindən yalnız nəzəri fikirlər irəli sürülür.

Xəzər dənizinin uzunmüddətli səviyyə tərəddüdü proqnozunu vermək çox çətindir

“Xəzər dənizində fəsli səviyyə tərəddüdləri su balansının gəlir və çıxar hissələrinin nisbəti ilə müəyyən olunur ki, bu, ərazinin fiziki-coğrafi şəraitindən asılı olaraq dənizin səviyyəsini müxtəlif dərəcədə dəyişdirir. Fəsillərlə bağlı səviyyədə fərq il ərzində 30-40 santimetr intervalında müşahidə oluna bilər. Aparılan müşahidələr əsasında məlum olub ki, il ərzində səviyyənin ən aşağı vəziyyəti adətən dekabr-fevral aylarında müşahidə olunur. Mart-iyul aylarında isə dənizin səviyyəsi qalxmağa başlayır.

Səviyyənin ən yüksək göstəricisi iyun-iyul aylarında qeydə alınır ki, bu da çaylarda yaz gursululuğu ilə əlaqədardır. İyul-avqustda çay axımının azalması və dəniz səthindən buxarlanmanın artması dəniz səviyyəsinin tədricən qış minimumuna qədər azalmasına səbəb olur”, - deyə o bildirib.

N.Mahmudov onu da qeyd edib ki, Xəzər dənizinin uzunmüddətli, yəni 5-10 illik səviyyə tərəddüdü proqnozunu vermək çox mürəkkəbdir. Çünki dənizin səviyyə tərəddüdləri iqlim elementləri ilə əlaqədardır. Müasir dövrdə dənizin səviyyə proqnozunu altı aydan çox müddət üzrə vermək də çətindir: “Xəzər dənizinin hidrometeorologiyası üzrə Koordinasiya Komitəsi (KASPKOM) tərəfindən beş Xəzəryanı ölkənin birgə məlumatları əsasında dəniz səviyyəsinin dəyişməsi barədə yarımillik ssenarilər hazırlanır. Qeyd etmək vacibdir ki, Ümumdünya Meteorologiya Təşkilatının dəstəyi ilə 1994-cü ildə yaradılmış Xəzər dənizinin hidrometeorologiyası üzrə Koordinasiya Komitəsi mütəmadi olaraq Xəzəryanı ölkələrin Xəzər dənizinin hidrometeoroloji məlumatlarının mübadiləsi işini və birgə koordinasiyalı fəaliyyətini təşkil edir. Şübhəsiz, son dövrün iqlim dəyişmələrinin, qlobal hava temperaturunun qalxmasının Xəzər dənizinin səviyyə tərəddüdünə təsiri var. Xəzər dənizinin səviyyəsinin kəskin tərəddüdü öz növbəsində, bir sıra mənfi fəsadlara gətirib çıxarır. Belə ki, dəniz səviyyəsinin kəskin qalxması ətraf ərazilərin, sahil texniki qurğuların su altında qalmasına, gəmiçiliyin hərəkətinin məhdudlaşmasına, eyni zamanda, bioloji məhsuldarlığın azalması və s. kimi bir sıra ekoloji və sosial-iqtisadi problemlərin yaranmasına, Xəzəryanı ərazilərin iqtisadi strukturunun pozulmasına birbaşa təsir edir. Dənizin səviyyəsi kəskin azalarkən limanlara yaxınlaşmalar, naviqasiya şəraiti çətinləşir, akvatoriyanın hidrometeoroloji rejimində mənfi dəyişikliklər baş verir”.

Külək Xəzərin səviyyə dəyişmələrinə nəzərəçarpacaq dərəcədə təsir edir

Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Xəzər dənizinin hidrometeorologiyası şöbəsinin müdiri, coğrafiya elmləri doktoru Səid Səfərov da mövzu ilə bağlı fikirlərini bölüşüb. Onun sözlərinə görə, dənizin dünya okeanı ilə əlaqəsi olsa idi, onun səviyyəsi dünya okeanı səviyyəsinə bərabər olardı: “Xəzər dənizinin səviyyə dəyişmələri tarixboyu həmişə olub. Bu da onun okeanla birbaşa əlaqəsi olmamasına görədir. Milyon illər əvvəl Xəzərin yerləşdiyi ərazidə zəlzələlər, tektonik proseslər çox idi, o zamanlar onun səviyyə dəyişmələri bilavasitə tektonik proseslərlə əlaqədar idi. Zəlzələ olanda dənizin dibi ya qalxırdı, ya da çökürdü. Bunun nəticəsində Xəzərin səviyyəsi birdən-birə bir neçə metr ya qalxırdı, ya da düşürdü. Artıq tektonik proseslər zəiflədiyi və nəzərəçarpacaq əhəmiyyət daşımadığı üçün hazırda Xəzər dənizinin səviyyə dəyişmələri iqlim amili ilə əlaqədardır. İqlim amilləri də onun su balansına təsir edir. Xəzər dənizinin səviyyəsi də onun su balansı ilə müəyyən olunur, hansı ki, onun elementləri çayların gətirdiyi su, dənizin səthinə düşən yağıntılar və onun səthindən buxarlanmalardır.

Qlobal istiləşmə nəticəsində əvvəlcə Xəzərin səthində və hövzəsində buxarlanma artır, yağıntıların, çayların axımın azalması müşahidə olunur. Səviyyə tərəddüdünə antropogen amillərin təsirini də qeyd etmək lazımdır. Nümunə üçün deyək ki, hər il Volqa çayından Rusiya ərazisində 25-30 kubkilometr su götürülür. Bunu Xəzər dənizinin sahəsinə bölsək, hər il su götürülməsi Xəzərin səviyyəsinə 8-9 santimetr təsir edir. Digər amil son vaxtlar Xəzərin səthindən buxarlanmanın kəskin artmasıdır. Bunun əsas səbəbi temperaturun artımı olsa da, digər gözlənilməz amil küləkdir. Hazırda külək amilinin Xəzər dənizinin səviyyəsinə təsirini tədqiq edirik. İlkin araşdırma nəticələrinə görə, 1996-cı ildən indiyə qədər küləyin şərq komponenti demək olar ki, 25-30 faiz artıb, şimal komponenti isə 20-30 faiz azalıb. Bu o deməkdir ki, bizə nisbətən sərin hava şimaldan gəlir, özü ilə buludlar, yağıntılar gətirir, həmin amillər azalıb. Əksinə şərq amili, yəni Orta Asiyadan bizə doğru gələn isti külək daha da artıb. Həmin amil həddən artıq özünü büruzə verir. Şərq komponentinin şimal komponenti ilə nisbətini Xəzərin səviyyə dəyişmələri ilə müqayisə etdik və 60 faizdən çox əlaqənin olduğu qənaətinə gəldik. Bu o deməkdir ki, səviyyənin azalması tam külək amilindən asılı olmasa da, hər halda külək amili nəzərəçarpacaq dərəcədə Xəzərin səviyyə dəyişmələrinə təsir edir. Küləyin rejiminin dəyişməsinə isə qlobal iqlim indeksləri təsir edir: El Nino, Şimali Atlantik İndeksi və digərləri”.

COP29-da Xəzərlə bağlı qərarlar verilə bilər

Əsrin sonuna kimi Xəzərin səviyyəsinin 9-18 metr enəcəyinə dair fantastik proqnozlar olduğunu deyən şöbə müdiri bildirib ki, proqnozlardakı rəqəmlər qədər olmasa da, proses davam etdiyindən enmənin olacağı qaçılmazdır. Xəzərin səviyyəsinin azalması onun duzluluğunun artmasına gətirib çıxara bilər. Dənizdəki canlılar 10-12 promilli duzluluğa öyrəşiblər. Həmin rəqəm 20 promilliyə yüksəlsə canlıların həyatı üçün çətinlik yaranacaq. Səviyyə endikcə dayazlaşma daha çox gedir, dayaz yerlər daha çox qızır yayda, qışda daha çox soyuyur. Temperaturun yüksəlməsi oksigenin də buxarlanmasına səbəb olur və su oksigensizləşir. Bu da canlıların tələf olması ilə nəticələnir.

Məlum olduğu kimi, bu ilin noyabrında Bakıda keçiriləcək COP29 tədbirinin gündəliyinə Xəzər dənizinin problemləri də daxil edilib. Burada müzakirə ediləcək mövzu təkcə səviyyə məsələləri deyil. Nəzərə alsaq ki, Xəzərin ətrafında 5 ölkə var, onların əksəriyyətinin iqtisadiyyatı, insanların sosial şəraiti bilavasitə Xəzər dənizi ilə əlaqədardır. Ümumiyyətlə, COP-a qədər müxtəlif tədbirlərdə Xəzərin problemləri daim müzakirə olunur. COP29-da Xəzər dənizi ilə bağlı hansısa qərarlar verilə bilər. Zənnimcə, həmin qərarlar təkcə səviyyənin enməsi ilə bağlı olmayacaq. Eyni zamanda, Xəzər dənizi bərpaolunan enerji, həm külək, həm də günəş enerjisindən istifadə etmək üçün böyük məkandır.

Xəzər dənizinin problemi təkcə Azərbaycan və onun ətrafındakı ölkələrə təsir edən məsələ deyil. Bu, bütün dünyanın düzəninə təsir edir. Avropa, Amerika alimləri də Xəzərin problemləri ilə daha çox maraqlanırlar. Xəzər dənizi iqlim laboratoriyası hesab olunur. Çünki iqlimdə baş verən dəyişikliklər bilavasitə özünü Xəzər dənizində əks etdirir. Ona görə də bu sahə ilə məşğul olan alimlər, okeanoloqlar çox böyük maraqla Xəzər dənizinin tədqiqində iştirak edirlər.

Əminliklə deyə bilərik ki, bəzən lokal görünən problem əslində qlobal səviyyədə təhlükələr yarada bilər. Odur ki, qlobal əhəmiyyət kəsb edən Xəzər dənizinin problemlərinin həllində irəliləyişə nail olmaq üçün COP29 ən əlverişli məkan hesab edilə bilər. Bakı noyabrda nəinki Xəzərlə bağlı, bütün materik və qitələrin problemlərinin müzakirə ediləcəyi məkan olacaq və qlobal iqlimə müsbət təsir edəcək mərkəz rolunu oynayacaq.

https://azertag.az