Bugün dünya, təbii resursların sürətlə tükənməsi, iqlim dəyişikliyi və ətraf mühitin çirklənməsi kimi qlobal ekoloji problemlərlə üzləşir. Bu problemlərin həlli yalnız hökumətlərin və beynəlxalq təşkilatların səyləri ilə mümkün olmayacaq. Hər bir fərdin, cəmiyyətin və müəssisənin məsuliyyətli yanaşması bu problemlərin həllini asanlaşdırar. Ekologiya sahəsində əhalinin maarifləndirilməsi isə bu istiqamətdə atılacaq ən mühüm addımlardan biridir. Bəs əhalinin ekologiya sahəsində maarifləndirilməsi bu problemləri nə dərəcədə həll edə bilər?

Mövzu ilə bağlı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Landşaftşünaslıq və Landşaft Planlaşdırılması üzrə böyük elmi işçisi Gülnar Hacıyeva Crossmedia.az-a açıqlamasında bildirib ki:

 “Müasir dövrdə təbii ehtiyatlardan nizamsız və qeyri-bərabər istifadə ətraf mühitin ekoloji balansını tamamilə pozub. Bu, torpaqların deqradasiyası, bitki örtüyünün azalması, suların evtrofikasiyası və atmosferin çirklənməsi kimi ciddi nəticələrə səbəb olub. Bunun başlıca səbəbi isə bir çox ölkələrin müasir texnologiyalardan istifadə etmək üçün lazımi maddi vəsaitə malik olmamaları və savadlı kadrların çatışmazlığıdır. Bu sahədə savadsızlıq, ətraf mühitin ekoloji problemlərinin qloballaşmasına və onların həllində çətinliklərə yol açıb. Buna görə də əhalinin ətraf mühitin qorunması və mühafizəsi sahəsində maarifləndirilməsi vacibdir”.

Gülnar Hacıyeva əhalinin ekoloji savadlanmasının yollarına toxunaraq qeyd edib ki: “Əhalinin ekoloji savadlılığının artırılması aktual bir mövzudur. İlk növbədə maarifləndirmə məktəbəqədər təhsil müəssisələrində və məktəblərdə həyata keçirilməlidir. Uşaqlara və şagirdlərə ətraf mühitin çirklənməsinin onların sağlamlığına vurduğu zərərlər izah edilməlidir. Bundan əlavə, dövlət və qeyri-dövlət qurumlarında maarifləndirici seminarlar keçirilməli və bu sahədə müvafiq broşuralar hazırlanaraq geniş şəkildə paylanmalıdır. Bu sahədə hazırda İDEA ictimai birliyi və könüllüləri müxtəlif tədbirlər həyata keçirirlər”.

Əhalinin ekoloji savadlandırılması ekoloji problemlərin həlli üçün əhəmiyyətli rol oynayır. Bəs əhalinin maarifləndirilməsi bu problemlərin azaldılmasına necə kömək edə bilər? Gülnar Hacıyeva bu barədə belə bildirib: “2002-ci ilin 10 dekabrında qəbul edilən ‘Əhalinin Ekoloji Təhsili və Maarifləndirilməsi Haqqında’ qanunla bir sıra mühüm addımlar atıldı. Bu qanuna əsasən əhalinin ekoloji maarifləndirilməsi sahəsində konkret tədbirlər görülməyə başlandı. Nəticədə əhali ətraf mühitin qorunmasına daha fəal yanaşaraq, ictimai qınaq formalaşmağa başladı. Hazırda paytaxtda və bölgələrdə ətraf mühitin təmizliyinə xüsusi diqqət ayrılır”.

Ümumi nəticə olaraq, əhalinin ekoloji maarifləndirilməsi, ekoloji problemlərin həllində və davamlı inkişafın təmin olunmasında əsas bir vasitədir. İnsanların ətraf mühitə qarşı daha məsuliyyətli yanaşması, ekosistemin qorunmasına və təbii resursların səmərəli istifadəsinə töhfə verəcək. Azərbaycan bu sahədə əhalisini maarifləndirmək və ekoloji bilikləri artırmaq üçün müxtəlif tədbirlər həyata keçirir. Ekoloji təhsil və maarifləndirmə proseslərinin genişləndirilməsi, həm fərdi, həm də cəmiyyət səviyyəsində müsbət dəyişikliklərə gətirib çıxaracaq və ekoloji problemlərin həlli istiqamətində ciddi irəliləyişlərə səbəb olacaq.

https://www.crossmedia.az