Moskvada AMEA prezidenti, akademik Ramiz Mehdiyevin “Nizami Gəncəvi: mütəfəkkirin irsi dünya mədəniyyəti və milli özünüdərk kontekstində” kitabı işıq üzü görüb Noy 30, 2021 | 10:11 / MÜHÜM HADİSƏLƏR

Moskvada “Prospekt” nəşriyyatında AMEA prezidenti, akademik Ramiz Mehdiyevin “Nizami Gəncəvi: mütəfəkkirin irsi dünya mədəniyyəti və milli özünüdərk kontekstində” kitabı rus dilində nəşr edilib.

Nəşrə “Ön söz” Rusiya Elmlər Akademiyasının prezidenti, akademik A.M.Sergeyev tərəfindən qələmə alınıb. Nizami Gəncəvinin Azərbaycan və ümumən Şərq mədəniyyətinin tarixində tutduğu mötəbər məqama diqqəti çəkən A.M.Sergeyev akademik Ramiz Mehdiyevin mövzuya özünəməxsus üslubda yanaşdığını xüsusilə vurğulayır. O qeyd edir ki, müəllif Nizami şəxsiyyətinin böyüklüyünə, Azərbaycan xalqının mədəni və tarixi yaddaşında tutduğu mövqeyə konkret arqumentlərlə, orta əsr Şərq ədəbiyyatının ideoloji inkişaf tarixi kontekstində aydınlıq gətirib, şairin şəxsiyyəti, mühiti, həmçinin dünyagörüşü ilə bağlı elmi ədəbiyyatda mövcud olan başlıca suallara tutarlı cavablar verib.

Həmçinin kitabda akademik Teymur Kərimli və AMEA-nın müxbir üzvü Nüşabə Araslının da əsər haqqındakı düşüncələri yer alıb. Hər iki alim əsəri yüksək qiymətləndirib, onu Azərbaycan nizamişünaslığında diqqəti cəlb edən hadisə kimi səciyyələndirib.

Üç fəsildən ibarət olan kitabın birinci fəslində orta əsr Şərq mütəfəkkirlərinin, görkəmli Azərbaycan ədiblərinin, maarifçilərinin əsərlərində Nizaminin şəxsiyyəti, eləcə də onun yaradıcılığı haqqındakı fikirləri, rəyləri öz əksini tapıb. İkinci fəsildə Nizami Gəncəvinin etnik mənsubiyyəti probleminə toxunulub, mövzuya dair indiyədək ortaya atılan başlıca versiyalar saf-çürük edilib, şairin Azərbaycan xalqına mənsubluğu inkaredilməz dəlillərlə oxucuların diqqətinə çatdırılıb. Kitabın üçüncü fəslində mütəfəkkirin tolerantlıq, dinlərarası dialoq, ədalətli cəmiyyət və onu qurmağın yolları haqqındakı baxışları öz əksini tapıb. Nəticə hissəsində isə akademik Ramiz Mehdiyev bir daha diqqəti Azərbaycanın görkəmli elm və mədəniyyət xadimlərinin irsinin obyektiv şəkildə, elmi əsaslarla yenidən öyrənilməsinin zəruriliyinə yönəldir, Nizami kimi xalqımızın onlarla parlaq şəxsiyyətinin hələ də öz ədalətli tarixi qiymətini almadığını xatırladır. Akademik təəssüf hissilə qeyd edir ki, indiyədək bu qəbildən olan tədqiqatların yazılışında üstünlük təsvir metoduna, sadəcə olaraq faktların sıralanmasına verilib. Ciddi elmi meyarlara söykənərək, hərtərəfli təhlil, müqayisə və qiymətləndirmə metodları əsasında qələmə alınan kitablar isə azlıq təşkil edib. Bu ənənə aradan qaldırılmalı, təhlilə, ciddi elmi axtarışlara, yeniliyə, ilkin qaynaqlarla işə diqqətlə yanaşılmalıdır.

Kitab Nizami irsinin tədqiqatçıları, şərqşünaslar, ədəbiyyatşünaslar, həmçinin Azərbaycan və Şərq mədəniyyətinin tarixilə yaxından maraqlanan hər kəs üçün nəzərdə tutulub.

https://science.gov.az/az/news/open/18959