AMEA akademik H.Ə. Əliyev adına Coğrafiya İnstitutu və Qəbələ Dövlət Tarix-Bədii Qoruğunun birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar Qəbələ Arxeoloji Mərkəzində səyyar tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan İnstitutun baş direktoru, coğrafiya elmləri doktoru Zakir Eminov çıxış edərək, Heydər Əliyevin Azərbaycan elminin inkişafındakı xidmətlərindən danışıb. Bildirilib ki, görkəmli dövlət xadimi elm-təhsil məsələlərinə xüsusi diqqətlə yanaşmış, bu sahədəki problemlərin çözülməsi üçün ciddi tədbirlər həyata keçirmiş, mühüm tarixi fərman və sərəncamlar imzalamışdır.
Qəbələ Dövlət Tarix-Bədii Qoruğunun direktoru Zahir Kərimov çıxışında Heydər Əliyevin ölkə vətəndaşlarının elm sahəsinə mükəmməl yiyələnmələrini vacib hesab etdiyini və ona görə də bütün çıxışlarında, nitqlərində bu məsələlərə xüsusi önəm verdiyini diqqətə çatdırıb.
Çıxışlardan sonra “Dahi Şəxsiyyət” sənədli filmi nümayiş etdirilib.
İştirakçılar Mərkəzin həyətində təşkil edilmiş Qəbələnin təbiət mənzərələrini, turistik obyektlərini əks etdirən sərgiyə tamaşa ediblər. Ulu öndərin anım gününə həsr edilmiş tədbir ağacəkmə aksiyası ilə başa çatıb.
Səfərin ikinci günü “Azərbaycan coğrafiya elminin müasir problemləri” mövzusunda səyyar elmi seminar keçirilib.
İclası açıq elan edən baş direktor Zakir Eminov iştirakçıları gündəlikdə duran məsələlərlə tanış edib. O qeyd edib ki, Coğrafiya İnstitutunda artıq ənənə halını almış təbliğat-təşviqat xarakterli səyyar elmi seminarların təşkilində əsas məqsəd bölgələrdə yaşayan əhalidə coğrafiyaya marağı artırmaqdan, gəncləri elmə, təhsilə cəlb etməkdən ibarətdir.
Seminarda c.e.d., prof. Əmir Əliyevin “Xəzər dənizinin səviyyə dəyişmələri: Nəticələr və səbəblər”, c.ü.f.d., dos. Etibar Bədəlovun Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında şəhər məskunlaşması və şəhər əhalisinin demoqrafik inkişaf problemləri”, a.ü.f.d., dos. İsmayıl Quliyevin “Deqredasiyanın yaratdığı iqtisadi-ekoloji itkilərin torpaqların sosial dəyərinin keyfiyyəti baxımından qiymətləndirilməsi”, c.ü.f.d., dos. Mirnuh İsmayılovun “Kür dağarası çökəkliyi landşaftlarının ekocoğrafi xüsusiyyətləri”, c.ü.f.d., dos. Həsən Nəbiyevin “Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlari ərazisində təhlükəli təbii-dağidici hadisələrin yaranmasinin sinoptik-iqlim şəraitinin tədqiqi”, c.ü.f.d., dos. Müseyib Yunusovun “Doktorantura və magistratura təhsil pilləsində qarşıya çıxan əsas problemlər” mövzularında məruzələri dinlənilib. Məruzələr ətrafında müzakirələr aparılıb, mövcud problemlərin aradan qaldırılması istiqamətində təkliflər dinlənilib, fikir mübadiləsi aparılıb.