Cİ alimi Xəzər mövzusunda layihənin müzakirəsində təkliflərini səsləndirib Fev 10, 2022 | 05:02 / MÜHÜM HADİSƏLƏR

AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşları - c.e.d., professor  Əmir Əliyev, t.e.ü.f.doktorları Nazim Əhmədov və İsmayıl Zeynalov  Xəzər dənizi regionunda iqlim dəyişmələrinin yaratdığı mənfi təsirlərin, risklərin azaldılması üçün adaptasiya tədbirlərinin həyata keçirilməsinə dəstək verilməsi məqsədilə BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) tərəfindən həyata keçirilən "Xəzər dənizi regionunda urbanizasiya və iqlim dəyişikliyinə adaptasiya" adlı regional layihənin müzakirəsində iştirak ediblər.

 CASPSCOM (Xəzər dənizinin hidrometeorologiya və çirklənmənin monitorinqi üzrə əlaqələndirmə komitəsi) və  UN ENVIRONMENTAL PROGRAME (Birləşmiş millətlər təşkilatının ekoloji programı) ilə  birlikdə təşkil etdikləri tədbirdə  Xəzər dənizi sahillərinin və dibinin geomorfologiyası şöbəsinin müdiri, prof. Əmir Əliyev mövzu ətrafında çıxış edərək öz fikir və təkliflərini bildirib.

 Alimin sözlərinə görə, dənizin səviyyəsinin qalxması ətraf ərazilərə, infrastruktura, təsərrüfat  fəaliyyətinə mənfi təsir göstərir: “1977-1995-ci  ildən dəniz səviyyəsi 2,5 m qalxarkən Azərbaycanın təxminən 50 min ha ərazisi subasmaya məruz qalıb. Son 20 il ərzində dənizin çəkilməsi nəticəsində həmin ərazilər su altından çıxır. Lakin orada torpaq artıq şoranlaşıb və rekultivasiya olunmalıdır. Təkcə Xəzər dənizinin səviyyəsinin azalması mənfi təsir göstərmir, eyni zamanda, artması da ziyan vurur”.

 Professor təklif edib ki, dənizdə gedən prosesləri dərindən öyrənmək üçün 5 sahilyanı dövlətin iştirakı ilə  vahid mərkəz yaradılmalıdır. Bu prosesləri izləmək baxımından daimi fəaliyyət göstərən nəzarət sisteminin olması vacibdir. Milyonlarla insanın dolanışıq vasitəsi və ərzaq təhlükəsizliyi Xəzər dənizindən asılı olduğundan, dəniz ekosisteminin deqradasiyası kəskin sosial-iqtisadi nəticələrə səbəb olacaq və bütün regionun iqtisadiyyatına mənfi təsir göstərə bilər.