Martın 10-da Geologiya və Geofizika İnstitutunda AMEA-nın prezidenti v.i.e., akademik Arif Həşimov Akademiyanın Yer Elmləri Bölməsinin (YEB) elmi müəssisələrinin baş direktorları, icraçı direktorları və elmi katibləri ilə görüşüb.
Tədbiri giriş sözü ilə Geologiya və Geofizika İnstitutunun baş direktoru, akademik Akif Əlizadə açaraq görüşün Yer Elmləri Bölməsinə daxil olan müəssisələrin cari vəziyyəti, mövcud problemlər və aparılan tədqiqatlar, perspektiv planlar və elmi araşdırmaların müasirləşdirilməsinin müzakirəsinə həsr edildiyini bildirib. AMEA-nın prezidenti v.i.e., akademik Arif Həşimovun bundan öncə Akademiyanın digər elmi bölmələrinin alimləri ilə də görüşdüyünü xatırladan akademik Akif Əlizadə bu cür tədbirləri yüksək qiymətləndirib, yerlərdə rəhbər şəxslərlə, alimlərlə görüşməyin, onların problemlərini dinləməyin elmi-tədqiqatların təşkili və mühüm nailiyyətlərin əldə edilməsi baxımından önəmli olduğunu vurğulayıb.
O qeyd edib ki, AMEA-nın və Azərbaycan elminin inkişafı istiqamətində atılacaq bütün addımlarda Yer Elmləri Bölməsinin alimləri yaxından iştirak etməyə və çoxillik təcrübələrini bölüşməyə hazırdırlar.
Görüşdə çıxış edən AMEA-nın prezidenti v.i.e., akademik Arif Həşimov bildirib ki, 1945-ci ildə Azərbaycan Milli Elmlər Akademiyası təsis olunarkən qarşıya qoyulan başlıca hədəflərdən biri ölkəmizin təbii ehtiyatlarının tədqiq edilməsi olub. Akademik Arif Həşimovun sözlərinə görə, Yer Elmləri Bölməsinin elmi fəaliyyətinin əsasını təşkil edən geologiya və geofizika, neft-qaz yataqlarının işlənilməsi, seysmologiya və coğrafiya, alternativ enerji, təbii resurslar, ətraf mühitin qorunması, Xəzər dənizinin problemləri, ekologiya və digər sahələr üzrə aparılan araşdırmalar Azərbaycan elmində və ümumilikdə respublikanın inkişafında mühüm rol oynayır. Sözügedən bölmənin həm Azərbaycanın, həm də keçmiş SSRİ-nin tarixinə düşmüş görkəmli alimlər yetişdirdiyini deyən akademik Arif Həşimov YEB əməkdaşlarının böyük elmi potensialı olduğunu diqqətə çatdırıb.
O vurğulayıb ki, 2011-ci ildə AMEA-nın Ümumi yığıncağında akademik Akif Əlizadə Yer Elmləri Bölməsində aparılacaq kompleks tədqiqatlarla bağlı 4 mühüm təklif səsləndirib və bu da öz növbəsində bölmənin son illərdə əldə etdiyi nailiyyətlərdə özünü büruzə verib.
“Azərbaycan Respublikasının 2022-2030-cu illər üzrə elmin dayanıqlı inkişaf strategiyası”nın layihəsinin hazırlanması barədə danışan akademik Arif Həşimov bölmə tərəfindən verilən bir sıra mühüm təkliflərin sözügedən sənəddə əksini tapdığını deyib.
Akademik çıxışının sonunda elmi potensialın qorunub saxlanılmasının vacibliyinə toxunub, elmi məktəblərin yaşadılmasının, elmin davamlılığının təmin edilməsinin zəruriliyini bildirib.
Tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti, bölmənin Elmi şurasının sədri, akademik İbrahim Quliyev bölmənin güclü elmi potensiala malik olduğunu söyləyib, bu potensialı qorumaq üçün son illərdə qrant layihələr hesabına gənc əməkdaşların beynəlxalq akademik mərkəzlərdə təcrübə keçməyə göndərildiklərini diqqətə çatdırıb.
Bu gün dünyada gedən iqlim dəyişmələrinin bir sıra geoloji problemləri üzə çıxardığını deyən akademik İbrahim Quliyev sözügedən problemlərə dair tədqiqatların aparılmasında və onların həllində yer elmləri üzrə fəaliyyət göstərən alimlərin üzərinə böyük məsuliyyət düşdüyünü bildirib.
Yer Elmləri Bölməsi üzrə mövcud problemlərə toxunan akademik İbrahim Quliyev bu gün üçün aktual olan respublikanın su ehtiyatları, klimatologiya və digər sahələrdə önəmli tədqiqatlar aparmaq üçün bir sıra avadanlıqlara ehtiyac olduğunu və nəticədə xüsusi laboratoriyaların təşkili zərurəti yarandığını deyib. O, həmçinin AMEA ilə “Azərkosmos” ASC arasında əlaqələrin genişləndirilməsi, ekspedisiyaların maliyyələşdirilməsi və digər təkliflərini səsləndirib.
Görüşdə, o cümlədən AMEA-nın Neft və Qaz İnstitutunun baş direktoru, akademik Fəxrəddin Qədirov, Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli, Coğrafiya İnstitutunun baş direktoru, coğrafiya elmləri doktoru Zakir Eminov və Təbiət Tarixi Muzeyinin baş direktoru, biologiya üzrə fəlsəfə doktoru Tariyel Eybatov çıxış edərək rəhbərlik etdikləri müəssisələrdə iqlim dəyişmələrinin ekologiyaya təsiri, havaya buraxılan karbon qazının toplanması və quyularda saxlanması, Xəzər dənizinin səviyyəsinin dəyişməsi, geodinamik proseslər, beynəlxalq qrant layihəsi hesabına quraşdırılan və quraşdırılması nəzərdə tutulan seysmik stansiyalar və s. istiqamətlərdə araşdırmaların aparıldığını bildirib, o cümlədən təkliflərini səsləndiriblər.
Sonda çıxış edən AMEA-nın prezidenti v.i.e., akademik Arif Həşimov bu cür görüşlərin mütəmadi keçiriləcəyini bildirib, bölmənin əməkdaşlarına elmi-tədqiqat işlərində uğurlar arzulayıb.