Coğrafiyaçı alimlər Oxçuçay hövzəsində landaşft-ekoloji tədqiqatlar aparıblar May 27, 2022 | 04:05 / MÜHÜM HADİSƏLƏR

        AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun “Landşaftşünaslıq və landşaft planlaşdırılması” şöbəsinin əməkdaşları – coğrafiya üzrə fəlsəfə doktorları, şöbə müdiri, dosent  Mirnuh İsmayılov və Səidə Zeynalova Oxçuçay hövzəsində tədqiqatlar aparıblar.

16-17 may 2022-ci il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkil etdiyi  ekspedisiyanın məqsədi Oxçuçay hövzəsinin Azərbaycan ərazisinə aid hissəsinin iri miqyaslı landşaft xəritəsinin tərtibi, ərazinin landşaft-ekoloji vəziyyətinin qiymətləndirilməsi, çay axımına landşaftların təsirinin, hövzə ekosistemlərində işğal dövründə yaranmış antropogen pozulmaların öyrənilməsi və s. olub.

   Alimlərin sözlərinə görə Oxçuçayın Azərbaycan ərazisindən keçən 43 km.-lik hissəsinin 10 km.-i  bilavasitə Ermənistanla Azərbaycan arasında hazırkı dövlət sərhədinə uyğun gəlir. Onun 32,2%-i meşə-kolluqlar, 32,1%-i kserofit bozqırlar, 12%-i quru bozqırlar və 6,9%-i isə çay-dərə çəmən meşələrdən ibarətdir. Süsən, Piləsər, Ağcaqayın və Əsgülüm silsilələrinin çaya baxan yamacları dik olub, əsasən tektonik qırılmaya uyğundur. Vulkanogen süxurlardan təşkil olunmuş yamacların  bəzən çılpaq qayalıqlarla, bəzən  meşə və meşə kolluqlarla örtülməsinin səth axımının nizamlanmasında, yeraltı axımın yaranmasında və çayda sululuğun ilboyu qorunmasında çox əhəmiyyətli rolu var. Qısa məsafədə təbii landşaftların quru-bozqırlardan dağ meşələrinə doğru tədricən dəyişməsi və onlar arasında ekoloji koridor rolu oynayan Oxçuçayın təsiri ilə hövzədə unikal əhəmiyyətə və zənginliyə malik biomüxtəliflik yaranmışdır.

    Mütəxəssislər  apardıqları tədqiqatların nəticəsində müəyyən ediblər ki, işğal dönəmində çay hövzəsi ekosistemləri ciddi landşaft-ekoloji təsirlərə məruz qalmışdır. Meşələr vəhşicəsinə talan edilmiş, sənaye əhəmiyyətli araz palıdı, qoz ağacları, göyrüş və s. qırılmış, digər ağac və kol növləri isə yanacaq kimi istifadə edilmişdir. Hazırda yaşıl görüntü yaradan bu meşəliklər, əslində vaxtilə ermənilər tərəfindən qırılmış ağacların kökü üstündə inkişaf edən topa şəkilli pöhrələrdən ibarətdir. Belə meşələrin yenidən bərpa edilməsi və qorunması Oxçuçay hövzəsinin unikal əhəmiyyətə malik təbii genefondunun gələcək nəsillərə çatdırılmasında əhəmiyyətlidir.