Iyulun 10-da AMEA-nın dəyirmi zalında gənc alimlərinin ümumi yığıncağı keçırıldi. Yığıncaqda Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri, professor Əli Həsənov,
AMEA-nın prezidenti, akademik Akif Əlizadə, AMEA-nın gənclərin intellektual inkişaf mərkəzinin direktoru İlqar Orucov, AMEA-nın elmi müəssisələrinin direktorları, Gənc Alimlər Şuralarının sədrləri, KİV nümayəndələri və s.iştirak edirdilər.
İ.Orucov tədbiri açaraq gənc alimlərin 2009-2013-cü illəri əhatə edən 5 illik fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat məruzəsi ilə çıxış etdi. O, gənc alimlər üçün görülən tədbirlərdən – gənclərin beynəlxalq konfranslarda, simpoziumlarda, sərgilərdə iştirakı, əsərlərinin xaricdə nəşri, istedadlı gənclərin mükafatlandırılması və s.istiqamətlərdə görülən işlərdən danışdı. Elmin “cavanlaşmasını” – orta yaş həddinin aşağı düşməsi, müdafiə edən fəlsəfə doktorlarının əksəriyyətini 29-32 yaşlı gənclərin təşkil etdiyini vurğuladı.
GİİM direktoru gənc alimlər üçün pulsuz xarici dil və kompüter kursları təşkilinin zəruri olduğunu, həmçinin, hər bir tədqiqatçının iş yerində kompüter və fasiləsiz internetlə təmin olunması vacibliyini nəzərə çatdırdı.
İ.Orucov gənclərin sosial problemlərinə toxunaraq onların mənzil təminatı məsələlərinə diqqəti cəlb etdi və söylədi ki, əmək haqlarının aşağı olması səbəbindən gənc alimlər ipoteka kreditlərindən yararlana bilmirlər.O dedi ki, “Prezidentin Ehtiyat Fondundan vəsait ayrılmaqla, alimlər üçün də çoxmənzilli binanın tikintisi bu problemin həllində yardımçı ola bilər”.
Mərkəz direktoru bildirdi ki, yaranmış ənənənin davamı kimi, daha çox istedadlı gəncin avropanın və dünyanın aparıcı elmi mərkəzlərində doktorantura pilləsində təhsilini davam etdirməsinin arzusundadır. O eyni zamanda hesab edir ki, xaricdə təhsil alan azərbaycanlı gənclərlə akademiya arasında əlaqənin yaradılmasına ehtiyac var və gələcəkdə həmin kadrların elmə cəlb olunması elmi kadr potensialının bu gənclər hesabına təmin edilməsini mümkün edir.
İlqar müəllim stimullaşdırıcı tədbir kimi nüfuzlu elmi nəşrlərdə dərc olunan alimlərə əlavə yardımlar verilməsinin məqsədəuyğunluğunu, Akademiyanın büdcəsini müəyyənləşdirərkən məhz ezamiyyə xərclərilə bağlı ayrıca bəndin olmasının zəruriliyini, gənc alimlərin elmi şuraları üçün ofis ayrılmasının vacibliyini də diqqətə çatdırdı, doktorantura və magistratura müddətində oğlanlara hərbi xidmətdən möhlət verilməsi, alimlərin öz poliklinikasınin olması, “Elm günü” təsis edilməsi məsələləri ilə də bağlı təkliflər irəli sürdü.
Sonra hesabat məruzəsi əsasında müxtəlif bölmələrin gənc alimlərinin məruzələri dinlənildi. Coğrafiya İnstitutunun Gənc Alimlər Şurasının sədri Samirə Ələkbərovanın çıxışı maraqla qarşılandı. (Çıxış saytımızda “ “ başlığı ilə dərc olunub).
AMEA-nın prezidenti akademik A.Əlizadə öz çıxışında qeyd etdi ki, gənclər beynəlxalq elmi əməkdaşlıqlarını genişləndirmək və dünya elminə inteqrasiya etmək üçün informasiya-kommunikasiya texnologiyaları sahəsindəki biliklərini və xarici dil qabiliyyətlərini artırmalıdırlar. Onlar dünyanın qabaqcıl elmi mərkəzlərinə ezamiyyətlərə göndərilməli, əvəzində dünyanın qabaqcıl biliklərini Azərbaycana gətirməlidirlər.
A.Əlizadə elmi tədqiqatların aparılmasını asanlaşdırmaq üçün avtobazanın, eləcə də akademiyanın özünün klinikasının və digər idarələrinin yaradılmasının vacibliyini də vurğuladı.
Akademiyanın rəhbəri gənc alimlərin mənzillə bağlı probleminə gəlincə qeyd etdi ki: “Hazırda Prezident Administrasiyasında bu məsələyə baxılır. Bununla bağlı yaxın gələcəkdə xüsusi sərəncamın imzalanması gözlənilir. Akademiyanın özünün və ya ona məxsus olan bəzi institutların torpaqlarında gənc alimlər üçün 3-ə yaxın bina inşa oluna bilər. Bu istiqamətdə hazırda müvafiq işlər görülür”.
Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov çıxışında dövlətin gənclərə qayğısından, intellektual gəncliyin inkişafı siyasətindən danışdı. Payızda keçiriləcək prezident seçkilərinə toxunan PR rəsmisi bildirdı ki, Prezident İlham Əliyevin siyasəti sözün həqiqi mənasında milli əhval-ruhiyyə, milli ehtiyaclar və milli maraqlar üzərində qurulub. “Azərbaycan gəncliyinin elitası, avanqardı, ən şüurlu hissəsi İlham Əliyevin namizədliyini dəstəkləyirsə, deməli, onun yürütdüyü siyasət doğrudur” - deyə, Ə.Həsənov xüsusi vurğuladı.
Yığıncağın sonunda qarşıdan gələn prezident seçkilərilə bağlı İlham Əliyevin namizədliyini dəstəkləmək barədə gənc alimlər adından bəyanat və ümumi yığıncaqla bağlı qərar layihəsi qəbul olundu.