Akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun nümayəndə heyəti sentyabrın 19-dan 25-dək Gürcüstanın paytaxtı Tbilisi şəhərində “GIS based Solutions for Environmental Peacebuilding in the Southern Caucasus” (Cənubi Qafqazda ekoloji sülhün qurulması üçün GIS əsaslı həllər) mövzusunda təşkil edilmiş Yay məktəbində iştirak edib.
Məktəb Cənubi Qafqaz ölkələrindən olan gənc mütəxəssislər arasında əməkdaşlığın qurulması və elmi əlaqələrin dərinləşdirilməsi məqsədilə Alman Akademik Mübadilə Xidmətinin (DAAD) dəstəyi ilə təşkil olunub. Yay məktəbində Yustus Libix adına Gissen Universitetinin, İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin və akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun tələbələri, aspirantları, dissertantları, magistrləri və bakalavrları iştirak ediblər.
Azərbaycan nümayəndə heyətini Coğrafiya İnstitutunun “Landşaftşünaslıq və landşaft planlaşdırılması” şöbəsinin aparıcı elmi işçisi, dosent Elina Kərimova, “Turizm və rekreasiya coğrafiyası” şöbəsinin müdiri, dosent Zaur İmrani, dissertantlar - Azərbaycanın demoqrafiyası və əhali coğrafiyası şöbəsinin kiçik elmi işçisi Bəyimxanım Hüseynova, Aslan Babaxanov, eləcə də bakalavr Səfərli Sona və magistr Minayə Ələkbərli təmsil ediblər. Azərbaycanlı iştirakçılar tərəfindən təqdim edilmiş maraqlı təqdimatlar təşkilatçılar tərəfindən yüksək qiymətləndirilib. Məktəb çərçivəsində Gürcüstan tərəfi Gürcüstanın Dmanisi, Meqreli və Svaneti regionlarında tələbələr üçün çöl təcrübəsi təşkil edib.
Sonda iştirakçılara sertifikatlar təqdim edilib.