Akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Demoqrafiya və əhali coğrafiyası şöbəsinin kiçik elmi işçisi Bəyimxanım Hüseynova Niderland Krallığının Rotterdam şəhərində keçirilən Qlobal Gənclik Sülh Sammitində (Global Youth Peace Summit) online formada iştirak edib.
Qlazqo iqlim razılaşmasına hərs olunmuş konfransda dünyada və onun ayrı-ayrı regionlarında baş verən iqlim tərəddüdləri və onun iqtisadiyyata və əhali məskunlaşmasına təsiri məsələləri müzakirə edilib. Elmi işçi “A role of climate factor in the population settlement in the northwestern regions of Azerbaijan” ("Azərbaycanın şimal-qərb regionlarında əhali məskunlaşmasında iqlim amilinin rolu”) mövzusunda təqdimatla çıxış edib. İştirakçılar tərəfindən maraqla izlənilən məruzəsində B. Hüseynova region haqqında ümumi məlumat verdikdən sonra bölgədə əhali məskunlaşmasının müasir vəziyyətini şərh edib, əhali məskunlaşmasına təsir edən amillər, son illərdə regionda baş verən iqlim tərəddüdləri, onun nəticələri və əhali məskunlaşmasına təsiri haqqında da geniş məlumat verib.
Tədbirin sonunda Qlobal Adaptasiya Mərkəzinin baş icraçı direktoru, prof. Patrik Verkoin fəal gənclərə sertifikat təqdim edib.