Elmi şurada CRİPTİC layihəsi çərçivəsində məruzə dinlənilib Noy 02, 2022 | 03:11 / ELMİ İCLASLAR

AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun baş direktoru, c.e.d. Zakir Eminovun sədrliyi ilə Elmi şuranın növbəti iclası keçirilib.

İclasda Dr. Peygham Gafarinin CRİPTİC  (“Cleaning Riverine Plastic from a Transboundary Inflow to the Caspian”)  layihəsi çərçivəsində məruzəsi dinlənilib. Bildirilib ki, Norveç-Azərbaycan “Xəzər dənizinə axan transsərhəd çayların plastik tullantılardan təmizlənməsi” (CRİPTİC) layihəsi Handelens Miljøfund ekoloji fondu tərəfindən maliyyələşdirilir və onun Azərbaycan tərəfindən tərəfdaşları Azərbaycan Coğrafiya Cəmiyyəti, AR ETN Coğrafiya İnstitutu, Xəzər İnteqrasiyalı Elmi-Tədqiqat Şəbəkəsi (CASPISNET), Su Mütəxəssisləri Birliyi, “Azərsu” ASC-nin  “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutudur. Azərkosmos və CİS sahəsində dünya nəhəngi olan ABŞ-ın “ESRI” şirkəti də layihənin maksimum effektiv şəkildə yerinə yetirilməsi istiqamətində fəaliyyətə qoşulub.  

Layihənin Norveç tərəfdən rəhbəri olan P.Cafari əsas məqsədin Xəzər dənizində plastik tullantıların azaldılması üçün rəqəmsal metodların - müasir peyk, dron müşahidələrinin, proqramlaşdırma dillərinin, maşın dili (machine learning), süni intellektin coğrafi informasiya texnologiyaları (CİS) platformasında kompleks tətbiqi ilə modelləşdirlilməsi və toplanan bu təcrübənin azərbaycanlı mütəxəssislərə öyrədilməsi olduğunu diqqətə çatdırıb.

Çıxışçı vurqulayıb ki, 2021 və 2022-ci ilin avqust aylarında layihə çərçivəsində Xəzər dənizi sahillərinin plastik tullantılardan təmizlənməsi üzrə beynəlxalq seminar təşkil edilib və eləcə də keçən il Neftçala rayonunun Xəzər dənizi sahilindəki  pilot ərazidə bp şirkətinin baş sponsorluğu və müxtəlif universitetlərin,  on beşdən artıq dövlət və özəl  təşkilatın  nümayəndələrinin iştirakı ilə çöl tədqiqatı həyata keçirilib. İştirakçılar  pilot zonada uzunluğu 1.200 m, eni 140 m olan zolaqda dron çəkilişlərini yerinə yetirdikdən sonra ərazini plastik tullantılardan  təmizləyib, xüsusi proqram təminatı vasitəsilə yığılan hər bir plastik tullantının onlayn qeydiyyatını aparıblar.

Məruzəçi çıxışının sonunda noyabrın 6-da belə bir tədqiqatın yenidən yerinə yetiriləcəyini diqqətə çatdıraraq bütün arzu edənləri Neftçala rayonunda keçiriləcək tədbirdə iştirak etməyə dəvət edib.

“CRIPTIC” layihəsinin Azərbaycan üzrə rəhbəri, Coğrafiya İnstitutunun Xəzər Dənizinin Səviyyə problemi şöbəsinin böyük elmi işçisi, c.ü.f.d. Səfərov Elnur çıxış edərək bildirib ki, layihədə iştirak edən tərəfdaşların sayı getdikcə artır, - İşə təzə başlayanda onların sayı 5 idisə, indi artıq bu rəqəm 15- keçib. “Azinko Development”, “Təmiz şəhər” təşkilatı da bu işdə fəal iştirak edir. layihədə iştirak edən gənclər üçün xüsusi təlimlər təşkil edilib, onlara müasir üsullar, CİS-in köməyi ilə modellərin qurması və digər bacarıqlaar öyrədilib. Bu dərslər gənclər üçün gələcəkdə texniki sahədə təhsilini davam etdirmək və ya karyera qurmaq üçün yaxşı baza rolunu oynayacaq. Bilik və bacarığı ilə seçilən tələbələr sonradan  layihə çərçivəsində  əməkdaşlığa  daha sıx cəlb olunurlar. 

Layihənin aparıcı təşkilatı olan Azərbaycan Coğrafiya Cəmiyyətinin həmsədri, c.ü.f.d. Mirnuh İsmayılov Xəzərsahili ərazilərin tullantılardan təmizlənməsi üçün görüləsi lazım olan işlərdən danışıb, bu sahədə idarəetmənin təkmilləşdirilməsi üçün modelləşmə üsullarından istifadəyə üstünlük verilməsini ön plana çəkib.

 Layihə iştirakçısı, Coğrafiya İnstitutunun şöbə müdiri, coğrafiya elmləri doktoru Səid Səfərov çıxışında Xəzər dənizinin plastik tullantılardan təmizlənməsinin vacibliyindən danışarkən CRİPTİC layihəsinin rolunu yüksək qiymətləndirib.