AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Coğrafi fikir tarixi və toponimika şöbəsinin aparıcı elmi işçisi, Əməkdar mədəniyyət işçisi, Azərbaycan Respublikası Milli Məclisi yanında Toponimiya Komissiyasının üzvü, coğrafiya üzrə fəlsəfə doktoru Mahirə Abbasovanın 75 yaşı tamam olub.
Bu münasibətlə İnstitutun baş direktoru, coğrafiya elmləri doktoru Zakir Eminovun sədrliyi ilə iclas keçirilib. Yubilyarın həyat və elmi fəaliyyəti haqqında məlumat verən baş direktor M.Abbasovanın ömrünün 54 ilini Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutu ilə bağladığını diqqətə çatdırıb. O bildirib ki, Mahirə xanım Azərbaycan coğrafiyaçıları arasında toponimika sahəsində tanınmış ən məhsuldar və ilk qadın mütəxəssislərdən biridir. Azərbaycanın yerli coğrafi adlarının toplanması, qorunması və toponimik fondunun zənginləşməsində, eləcə də xəritələşdirilməsində, toponimik lüğətlərin tərtibində, toponimika elminin tədrisində, bu sahədə cavan kadrların yetişməsində, toponimik nəticələrin bir çox sahələrdə tətbiqində və s. Mahirə xanımın böyük əməyi danılmazdır.
M.Abbasova «Böyük Qafqazın cənub-şərq hissəsinin toponimikası» adlı ilk monoqrafiyanın, “Azərbaycan toponimləri” ensiklopedik lüğətinin həmmüəlliflərindən biri, “Azərbaycan Respublikasının inzibati-ərazi bölgüsü” məlumat toplusu (2013) kitabının elmi-redaksiya heyətinin üzvü, 20-dən çox elmi hesabatın, 50-dən artıq müxtəlif səpkili elmi məqalənin müəllifidir. 1992-ci ildən Azərbaycan Respublikasının Milli Məclisi yanında fəaliyyət göstərən toponimiya komissiyasının üzvü seçilib. 2015-ci ildə Azərbaycan Respublikasının “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülüb.
Baş direktor M.Abbasovanı yubileyi münasibətilə İnstitut kollektivi adından təbrik edərək ona can sağlığı və yaradıcılıq uğurları arzulayıb.
Tədbirdə çıxış edən İnstitut Həmkarlar Təşkilatının sədri, c.ü.f.d. Habil Haqverdiyev, elmi katib, c.ü.f.d. Zərnurə Həmidova, Qadınlar şurasının sədri Luiza Salayeva, Coğrafi fikir tarixi və toponimika şöbəsinin böyük elmi işçisi, c.ü.f.d. Natiq Babayev və başqaları çıxış edərək Mahirə xanımın yüksək insani keyfiyyətlərindən, vətəndaş mövqeyindən, elmi savadından söhbət açıb, onun əməksevər, məsuliyyətli, təvazökar, qayğıkeş insan olduğunu xüsusi qeyd ediblər.