AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun “Demoqrafiya və əhali coğrafiyası” şöbəsinin aparıcı elmi işçisi, c.ü.f.d. Rövşən Kərimov Şotlandiyanın Edinburq şəhərində yerləşən, Böyük Britaniyanın ən qədim və nüfuzlu tədqiqat universitetlərindən olan Napier Universitetində məzuniyyətdə olub.
Xəzər Universitetinin “Coğrafiya və ətraf mühit” departamentinin müdiri, c.ü.f.d. Rövşən Abbasovla birgə baş tutan səfərin məqsədi Avropa Birliyinin Beynəlxalq Kredit Mobilliyi proqramı çərçivəsində Universitetin tədris və tədqiqat təcrübəsini öyrənmək və orada bir sıra işgüzar görüşlər keçirmək olub. Coğrafiyaçı alimlər müxtəlif elmi istiqamətlər üzrə tədqiqat aparan alimlərin şəbəkəsinə qoşulmaqla gələcəkdə birgə aparıla biləcək elmi əməkdaşlıq fəaliyyətini müzakirə ediblər, Universitetin Tətbiqi elmlər fakültəsinin professor-müəllim heyəti ilə fikir mübadiləsi aparıblar. Onlar apardıqları tədqiqat işləri barədə Universitetin akademik heyətinə məlumat veriblər. Azərbaycanlı alimlər həmçinin Universitetdə ekoloji siyasət və idarəetmə fənni üzrə keçirilən mühazirə və seminarlarda iştirak edib, təhsil müəssisəsinin tədris və beynəlxalq əlaqələr üzrə fəaliyyət siyasəti ilə tanış olub, Universitetin elektron kitabxanasına elektron çıxış əldə edərək orada təcrübə əldə ediblər.
Qeyd edək ki, proqram çərçivəsində cari ildə Edinburq Napier Universitetinin bir qrup müəllim və doktorantı araşdırma aparmaq məqsədilə Azərbaycana səfər edəcək.