AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunda Xocalı soyqırımının 31-ci ildönümü münasibəti ilə tədbir keçirilib.
İlk əvvəl faciə qurbanlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilib. İnstitutun baş direktoru, coğrafiya elmləri doktoru Zakir Eminov Xocalı soyqırımını Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri adlandıraraq İrəvanın rus imperiyası tərəfindən işğalı ilə 1828-ci il, 26 fevral tarixində Azərbaycan ərazilərinin paylanmasına başlanıldığını qeyd edib. O bildirib ki, keçmiş sovet qoşunlarından alınmış hərbi texnikanın və hərbçilərin köməyi ilə gözü qızmış ermənilərin Xocalıya hücumu əsl soyqırımı ilə nəticələndi. Bu amansız qırğının əsas məqsədi isə psixoloji təzyiqlə azərbaycanlıları qorxutmaq və zəiflətmək olub.
İnstitut rəhbəri bu günlərdə 95 illik yubileyini qeyd etdiyimiz, Ermənistanın Zəngibasar rayonunun (indiki Masis) Çobankərə kəndində boya-başa çatmış akademik Budaq Budaqovun bu mövzuya münasibətini xatırladaraq, onun bu faciələrin içərisində olduğunu, başı çox bəlalar çəkdiyini diqqətə çatdırıb. Z.Eminovun sözlərinə görə erməni millətçilərinin xislətinə daha yaxından bələd olan akademik bu “toplumun” xalqımızın başına gətirdiyi müsibətlərə biganə qala bilməmiş, yazdığı əsərlərdə erməni saxtakarlığını və soyqırımını faktlarla üzə çıxarmışdır. Akademik Cəlal Əliyevlə birgə yazdığı “Türklər, azərbaycanlılar, ermənilər: tarixi həqiqətin soyqırımı” kitabında deyilir: “Azərbaycan ərazisinin 20 faizini insandan, yaşayış evlərindən təmizləyərək, viranəyə, xarabazarlığa çevirmək! Vaxtaşırı terror aktları, Xocalıdakı kimi soyqırımı törətmək, Sumqayıt faciəsi yaratmaq və s. - keçmişin ən qəddar istilaçıları belə bu gün qəbirdən baş qaldırsaydılar, əsl qarəti və quldurluğu erməni qəsbkarlarından - öz müasir davamçılarından öyrənərdilər”.
İnstitutun icraçı direktor v.i.e. , dosent Zaur İmrani, Həmkarlar Təşkilatının sədri, c.ü.f.d. Habil Haqverdiyev, Kadrlar şöbəsinin müdiri Rəsul İsmayılov, aparıcı elmi işçi, c.ü.f.d. Etibar Bədəlov çıxış edərək Xocalı soyqırımı ilə bağlı fikirlərini bölüşüblər, hadisədən 30 ildən artıq zaman keçməsinə baxmayaraq həqiqətin təntənəsinə, Xocalı soyqırımını törətmiş qatillərin beynəlxalq ədalət məhkəməsinə çıxarılmasına və onların layiqincə cəzalandırılmasına inandıqlarını dilə gətiriblər.