Cİ əməkdaşı Afinada keçirilən Beynəlxalq tədbirdə ölkəmizi təmsil edib İyn 01, 2023 | 04:06 / MÜHÜM HADİSƏLƏR

AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Beynəlxalq və ictimaiyyətlə əlaqələr  şöbəsinin əməkdaşı, Vikipediya qrupunun rəhbəri, vikipediyanın patrulu Aida Aslanova  azərbaycandilli  vikipediyanın inzibatçısı Toğrul Rəhimli ilə birlikdə 19-21 may tarixlərində Yunanıstanın Afina şəhərində keçirilmiş Beynəlxalq "Wikimedia Hackathon – 2023" tədbirində ölkəmizi təmsil edib.

Yunanıstanın zəngin "Texnopolis" ərazisində keçirilən tədbirdə Almaniya, Fransa, ABŞ, Kanada, Braziliya, Portuqaliya, Norveç, İspaniya, İndoneziya, Litva,  İsveç və başqa ölkələrdən olan vikipediyaçılar və təlimçilər iştirak ediblər. İştirakçılara Vikimedianın texniki tərəflərini mənimsəmə və  gələcək yeniliklərə yiyələnmək üçün proqramlaşdırma alətləri ilə işləmək mövzularında geniş təlimlər keçirilib.

Vikipediyaçılara müxtəlif "JSON" sorğuları vasitəsilə Vikipediyadakı məlumatların işlənmə prinsipləri və onların idarəsi haqqında geniş nəzəri və praktiki təlimlər keçirilib, yeni istifadəyə verilmiş Vikipediya alətlərinin təqdimatları baş tutub. İştirakçılar Vikipediyada müxtəlif proqramlaşdırma dillərində hazırlanmış kompleks şablonlar, modullar və qadcetlərin yaradılması, təkmilləşdirilməsi və yenilənməsi üzrə metodlara yiyələnərək onları müxtəlif Vikipediya bölmələrində tətbiq ediblər.

Tədbirin sonunda konfrans iştirakçıları üçün Afinanın görməli yerlərinə - tarixi ərazilərə, muzeylərə tur təşkil edilib.