Cİ əməkdaşları geoparklarla əlaqədar beynəlxalq görüşdə iştirak ediblər Dek 18, 2023 | 02:12 / MÜHÜM HADİSƏLƏR

AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşları - icraçı direktor, c.ü.f.d., dosent Zaur İmrani, böyük elmi işçi, c.ü.f.d., dosent Elina Kərimova, elmi işçi Bəyimxanım Hüseynova və doktorant Aslan Babaxanov dekabrın 13-də Tbilisidə keçirilən  “Nəzəriyyədən təcrübəyə: Gürcüstanda Muxuri-Geopark təşəbbüsünə çoxtərəfli elmi dəstək” mövzusunda rəqəmsal qiymətləndirmə görüşündə iştirak ediblər.

Görüşdə Gürcüstanın V.Baqrationi adına Coğrafiya İnstitutu və İ.Cavaxişvili adına Tbilisi Dövlət Universiteti, Ermənistanın Yerevan Dövlət Universiteti və Coğrafiya İnstitutu, Almaniyanın Y. Libix adına Gissen Universitetinin Coğrafiya departamenti  və CENN-in  (Qafqaz Ətraf Mühit QHT) əməkdaşları onlayn tədbirə qoşulublar.

Tədbirdə dünyada baş verən iqlim dəyişmələri fonunda yaranan ekoloji problemlər və onlardan çıxış yolları, geoparkların təcrübəsi, onların yaradılmasının üstünlükləri, eləcə də Gürcüstanda Muxuri Geoparkının yaradılmasının nəzəri təcrübəsi barədə çıxışlar olub, geoparkların məlumat bazasının idarə edilməsi sistemi barədə məlumatlar verilib.

Coğrafiya İnstitutu ilə Gissen Universitetinin Coğrafiya departamenti arasında elmi əlaqələrin gücləndirilməsi, tələbə mübadiləsi, birgə layihələrdə iştirak barədə fikir mübadiləsi aparılıb.